Azərbaycanda doğma anasını təhqir edən polis əməkdaşı işdən qovulub
Sosial şəbəkələrin Azərbaycan seqmenti polis olduğu deyilən bir gəncin doğma anasını ədəbsiz ifadələrlə təhqir etdiyini əks etdirən videonun yayılması ilə çalxalanır. Daxili İşlər Nazirliyi kadrlara operativ şəkildə reaksiya verib və əməkdaşın işdən azad edildiyi haqda bildirib.
• Gürcüstanda 11 yaşlı oğlanın ölümü müzakirə olunur – zorakılıq nəticəsində intihar, yoxsa qətl?
Facebook istifadəçisi Fuad Ağayev öz səhifəsində ana və oğul arasındakı mübahisəni əks etdirən video paylaşıb. Gənc adam anasına qarşı ədəbsiz ifadələr yağdırır və onu vurmaq istəyir. Status müəllifi qeyd edib ki, kadrlarda görünən şəxs Bakı Yol Polis İdarəsinin əməkdaşı Kamran Abbasovdur.
“Dogma anasıyla bu çür davranan Azərbaycan polisi görün xalqla nə cür davranar”, – sosial şəbəkə istifadəçisi yazır.
Fuad Ağayev əlavə edib ki, Kamran Abbasov eyni zamanda Azərbaycan DİN yanında Polis Akademiyasının əməkdaşıdır.
Daha sonra bu videonu bir çox jurnalistlər və cəmiyyətdə tanınan insanlar öz səhifələrində yayıblar. Populyar estrada müğənnisi Faiq Ağayev birbaşa Daxili İşlər Nazirliyinə müraciət edərək məsələni araşdırmağa çağırıb.
“Kimliyindən, vəzifəsindən asılı olmayaraq, bu kəs, birmənalı olaraq, Cəhənnəm odunda yanacaq”, – Faiq Ağayev təəssüflə qeyd edib.
DİN videoya operativ reaksiya verib. Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, Bakı şəhəri Yol Polisində operator işləyən Kamran Abbasov daxili işlər orqanları əməkdaşının Etik Davranış Kodeksini pozduğu üçün vəzifəsindən azad edilib.
Video sosial şəbəkə istifadəçilərinin qızğın müzakirəsinə səbəb olub. Bir neçə xarakterik şərh:
“Orqanlarda elə belələri lazımdır ki, ayırd eləməsinlər: kim yaşlıdı, kim uşaqdı…”
“Onun işinə nə dəxli var? Görünür ki, adam ola bilməyib. Bu məxluq anasının bütün əziyyətlərinə bax belə cavab verir”.
“Əslində bu videoda nəyin nə olduğunu anlamaq çətindir. Biz mübahisənin səbəbini bilmirik”.