“Növbəti Narvadır?” Ukraynadakı hadisə Estoniyanı azlığın inteqrasiyası ilə fəal məşğul olmağa necə vadar edib
Hromadskoyenin materialı əsasında
Narva is next (“Növbəti Narvadır”) — 2014-cü ildə, Krımın ilhaqından və Rusiya Ukraynaya soxulandan sonra bu sözlər Estoniyanın şimal-şərqində yerləşən böyük rusdilli regionun problemlərinə növbəti dəfə diqqəti cəlb etməyə çalışan eston siyasətçiləri və ictimai xadimləri üçün hashtag oldu. Ukraynanın Hromadskoye telekanalının reportajında Estoniyanın rusdilli azlığı inteqrasiya etməyə çalışması barədə danışılır.
İki yeri tutmaq
Narva İda-Virumaa şimal-şərq regionunun əhalisinin sayına görə üçüncü və ən iri şəhəridir. Burada 60 minə yaxın adam yaşayır. Onların 53 mini etnik ruslardır. Yerli sakinlərin 87%-i rus dilində danışır.
Burada işsizliyin səviyyəsi ölkədə ən yüksəkdir (8%), bu da Estoniyadakı orta göstəricilərdən 1,5% çoxdur. Burada həyat səviyyəsi də Estoniyadakı orta səviyyədən bir neçə dəfə aşağıdır.
Krımla paralellər boş yerdən yaranmadı. 1993-cü ildə Narva meri Yuri Mişin və onun “Rusiya vətəndaşları ittifaqı” siyasi qüvvəsi artıq Estoniyadan ayrılmağa cəhd göstərib və hətta legitimliyi tanınmayan referendum da keçirdilər. Amma o vaxtlar Rusiya Narva separatçılarını dəstəkləmədi.
Estoniya hökuməti psevdo-referendumdan sonra rusdilli azlığa qarşı siyasəti sərtləşdirdi. Həmin vaxtdan da Estoniya vətəndaşlığını almaq üçün namizədlər tarix, mədəniyyət və hüquqla bağlı sulların da daxil olduğu imtahan verməli, həm də eston dilini yüksək səviyyədə bildiklərini nümayiş etdirməlidirlər. Bu imtahanı verməyən şəxslər Estoniyanın qeyri-vətəndaşı pasportu alır, həmin pasportlar vizual olaraq belə ölkə vətəndaşlarının pasportlarından fərqlənir – boz rəngdədir. Bu cür pasport sahibləri parlament seçkilərində namizədliyini irəli sürə və səs verə, siyasi partiya yarada və üzvü ola, dövlət və bələdiyyə orqanlarında işləyə bilməzlər.
Narva şəhər upravasının katibi Ants Limetsin sözlərinə görə, bir çox qeyri-vətəndaşları bu vəziyyət tam qane edir. 2008-ci ildən isə Rusiya boz pasport sahiblərinə öz ərazisinə vizasız girişi icazə verəndən sonra Estoniya vətəndaşlığı almaq istəyənlərin sayı bir az da azaldı.
Əslində qeyri-vətəndaşlar yaşlı nəslin nümayəndələri arasında xeyli daha çoxdur. Gənclərin mütləq əksəriyyəti eston dilini öyrənməyi üstün tutur, Tallin və Tartu ali məktəblərində təhsil almağı və birləşmiş Avropanın eston vətəndaşlarına verdiyi imkanları seçir.
•Rusiyadan kənarda “Rus dünyası” əslində nə deməkdir? Üç qısa film
•Moldova Rusiya təbliğatında fasilə elan edir
Etnik rusları qəbul etmək
Əksər estonlar iyirmi il Narva sakinlərini yad sayırdılar. Onların da münasibəti eyni idi. İnteqrasiya siyasəti 20 il əvvəl yumşalıb. Bu, Estoniyanın Avropa İttifaqına üzv olmasının şərtlərindən biri idi. Estoniyanın Aİ-yə üzv olması ilə bağlı danışıqlar başlayan gün Dövlət İnteqrasiya Fondu öz işinə başladı.
Fond etnik ruslara eston dilinə yiyələnməyə, estonları anlamağa və dövlətə münasibəti dəyişməyə kömək etməli idi.
“Bidcəmizin yarısından çoxu eston dilini öyrənməyə gedir”, — İnteqrasiya Fondunun direktoru İrena Kyaosaar deyir. — “Biz bütün istəyənlərə bu imkanı veririk. Metodlar fərqlidir — bu, həm kurslar, həm dil klubları, dil kafeləridir. Eston dilini öyrənmək istəyini stimullaşdıran mühit yaratmağa çalışırıq”.
Onun sözlərinə görə, Fondun məqsəd qrupu təkcə ruslar deyil, həm də estonlardır.
“Təəssüf ki, heç də bütün estonlar etnik rusları öz cəmiyyətlərinə qəbul etməyə hazır deyildilər. Bu da sonuncuları ruhdan salırdı”, — Keosaar deyir.
Rusdilli gənclərə ali təhsil almaq şansı vermək üçün 90-cı illərin axırlarında Narvada ilk ali məktəb — Tartuss Universitetinin kolleci açıldı.
Dərslər əsasən eston dilində keçirilir, amma burada dillə bağlı tələblər paytaxtdakı qədər böyük deyil. 20 il ərzində kolleci 2 minə yaxın adam bitirib, bu gün burada 450 tələbə təhsil alır, onlardan 40 nəfəri postsovet ölkələrindəndir.
Kollec təkcə tədris funksiyasını yerinə yetirmir — o, tezliklə Narvanın və ümumilikdə regionun mədəni və ictimai həyatının əsas mərkəzinə çevrilir. Burada sərglilər, konsertlər, rəsmi tədbirlər, açıq mühazirələr və müzakirələr keçirilir.
•Rus dili Gürcüstanda lingua franca statusunu itirir
•Qaqauziya — Moldova tərkibində Rusiyayönlü muxtariyyət
•Gürcüstan — Cənubi Afrika burları üçün yeni ev
Narvanı eşitmək
“Uzun illər Estoniya hökuməti bu regionu sadəcə iqnor edib. Çünki burada eston vətəndaşları azdır, daha çox Rusiya vətəndaşları var. Siyasi partiyaların burada seçiciləri yoxdur — narvalılar parlament seçkilərində iştirak etmir. Yəni problemlərini özləri həll etsinlər”, — Tartuss Universiteti Kollecinin direktoru Kristina Kallas deyir. — “Krım hökumət üçün sanki siqnal oldu: Narva və Estoniyanın rusdilli əhalisinin inteqrasiyası ilə ciddi məşğul olmağa başlamasaz, Krım İda-Virumaada təkrarlana bilər”.
Şimal-şərq regionu uzun müddət Estoniyadan həm mədəniyyət, həm də media baxımından təcrid olunmuşdu. Sankt-Peterburq bura Tallindən daha yaxın olub. Narva sakinlərinin baxa bildikləri yeganə rusdilli televiziya Rusiya kanalları idi. Onların təsiri indi də hiss olunur.
Amma Estoniya bir sıra Rusiya medialarının fəaliyyətinin qanunla qadağan olunduğu Latviya və Ukraynanın yolunu getmədi, özünün Rusiya mediası ilə rəqabət apara biləcək media qurumunun yaranmasını stimullaşdırmağa çalışır. XXI əsrdə hər hansı informasiyanı qadağan etmək mənasızdır, Kristina Kallas belə hesab edir, insanları tənqidi düşünməyi və faktları manipulyasiyalardan fərqləndirməyi öyrətmək daha doğrudur.
“Uzun müddət eston cəmiyətində belə bir paradiqma mövcud olub: qoy bütün ruslar eston dilini öyrənsin, eston telekanallarına baxsın, onda hamıya yaxşı olacaq”, — Estoniyanın rusdilli “Radio 4”ün jurnalisti Yuri Nikolayev öz müşahidələrini bölüşür. — “Amma niyəsə ruslar eston dilini pis öyrənirdi və alternativ informasiya mənbələri — Rusiya kanallarından istifadə edirdilər.
Estoniyaya rusdilli telekanallar lazımdır ya yox ətrafında mübahisələr bu günə qədər də davam edərdi, Ukraynada müharibə başlamasaydı. Eston siyasətçiləri o vaxt rus auditoriyasına yol tapmaq üzərində ciddi düşünməyə başladılar. 2015-ci ildə də ruslar üçün ayrıca ictimai telekanal — “ЭТВ+” yaratmaq qərarına gəlinir. Rusiyanın mərkəzi mediaları ilə rəqabət aparmaq çətin olsa da, kanalın öz auditoriyası var”.
Nikolayevin sözlərinə görə, “ЭТВ+” jurnalistlərini küçələrdə tanıyırlar, sakinlər onlarla artıq göstərilən süjetləri müzakirə edir və yeni mövzular təklif edirlər.
“Rusdilli telekanalın yaranması rus icmasına televiziya efirinə çıxmaq imkanı verdi. Əvvəllər bu adamlar, onların problemləri və fikirləri efirdə olmayıb. İndi onlar da səsləndirilir və müzakirə olunur. Və bu, yaxşıdır”.
Onun sözlərinə görə, “ЭТВ+”ni bir çox estonlar da tanıyır: “Gözlənilmədən hər iki tərəfə inteqrasiya alınır”.
Prezident şəhərdə
Estoniya prezidenti Kersti Kalyulayd artıq üçüncü dəfədir ki, Estoniyanın paytaxtını bir həftəlik Narvaya keçirir — burada öz səyyar ofisini yaradır, hər gün idarə və müəssisə rəhbərləri, populyar insanlarla onlarla görüş keçirir, tamaşa və konsertlərə gedir, küçələrdə insanlarla söhbətləşir.
Onunla müasir incəsənət sərgisində söhbət edirik.
“Dil təfəkkürümüzün əsası deyil”, — Kersti Kalyulayd hökumət Rusiya təbliğatına uya biləcək rusdilli estonların baxışlarında təhdid görürmü sualına cavab olaraq deyir: “Bu sualın özü belə bizim rusdilli vətəndaşları incidir. Onlar azadlıq və dəyərlərdən eston dilində danışan adamlar qədər həmin o azadlıq və dəyərlərə sahibdirlər. Estoniya hər kəsin hüququna hörmət edir.
İnteqrasiya da dil vərdişləri ilə məhdudlaşmır. Dövlətin vəzifəsi bütün vətəndaşların — dilindən və etnikliyindən asılı olmayaraq — cəmiyyətimizdə inkişaf etmək və daha uğurlu olmaq imkanının olması üçün əlindən gələni etməkdir. Estoniya çoxmilliyyətli və çoxdilli ölkədir. Amma rəsmi dilimiz birdir. Və biz hamının bu dildən istifadə etmək imkanının olması üzərində işləyirik”
Narvanın timsalında estonlar rus dilinin siyasi mövqe əlamətinin olmadığını sübut etmək niyyətindədirlər. Biz buna əmin olduq.
Şəhərin küçələrində söhbətləşdiyimiz əksər Narva sakinləri “İda-Virumaanın Rusiyanın tərkibinə keçməsini istəyirsizmi?” sualına birmənalı şəkildə “yox” deyə cavab verirdilər.
“Rusiya estoniyalı ruslara hansı vədləri verə bilər?” — Kristina Kallas ritorik sual verir: “Yaxşı yaşayırlar, Avropa həyat tərzləri var. Axı onlar bilir ki, qonşu İvanqoroddan (Rusiya) daha yaxşı yaşayırlar. Axı onlar bunu hər gün görür. Onların övladları Tallində gimnaziyada təhsil alır, Helsinki universitetlərinə qəbul olunmağa hazırlaşırlar. Əvəzində Rusiya onlara nə təklif edə bilər ki? Heç nə”.
Estoniya hökuməti rusdilli azlığın mövqeyini cəlbedici etməyə, bununla da cəmiyyətin parçalanmasına yol verməməyə çalışır. İndi də Estoniya prezidenti “Növbəti Narva olacaqmı?” — sualına əminliklə “Bəli. Narva Estoniyanın növbəti böyük uğuru olacaq”, — deyə cavab verir.