Avropa İttifaqından daha çox pul alan yerli sakinlər bununla belə, Moskvanı daha yaxşı qəbul edirlər" />

Qaqauziya – Moldovanın tərkibində Rusiyayönlü muxtariyyət

Avropa İttifaqından daha çox pul alan yerli sakinlər bununla belə, Moskvanı daha yaxşı qəbul edirlər

 Ziarul de Gardă-nın materialı 

Avropa ilə Rusiya 90-cı illərdən Qaqauziya muxtariyyətinin simpatiyasını qazanmaq üçün bir-biriylə mübarizə aparır. Avropa regiona daha çox sərmayə qoyur və əsasən vacib məsələləri maliyyələşdirir: uşaq bağçaları və məktəblərin təmiri, su kəmərinin çəkilməsi, alternativ enerji mənbələrinin tətbiqi. Rusiyanın maliyyə dəstəyi bir neçə dəfə azdır və əsasən daha mücərrəd mədəni-təhsil layihələrinə yönəldilib. Bununla belə, yerli sakinlərin simpatiyaları Rusiyanın tərəfindədir.     

Qaqauziya regionu Moldovanın cənubunda yerləşir, burada yüz mindən çox adam – əhalinin təxminən 2,8 faizi yaşayır. Qaqauziyaya muxtariyyət 1994-cü ildə verilib. Bu vaxta qədər isə region düz dörd il Dnestryanı kimi, Moldovanın mərkəzi hakimiyyətindən faktiki olaraq asılı olmayan tanınmamış bir ərazi olub. Bir sıra çətinliklərə baxmayaraq, muxtariyyət  post-sovet məkanında etnik münaqişələrin uğurlu nizamlanması nümunəsi olaraq qalır.

Foto: Vladimir Lenin bu günə qədər də Qaqauziyanın simvoludur  

Qaqauzların öz dili olsa da, qaqauz dilini az adam bilir – Moldovanın digər etnik azlıqlarında olduğu kimi, ünsiyyətdə adətən rus dili istifadə olunur. Onun üstünlüyü yerli əhalinin geosiyasi meyllərinə təsir edən əsas amillərdən biri sayılmaqdadır.

Qaqauziyada Avropa layihələri

Avropa İttifaqının Qaqauziyadakı nümayəndə heyətinin məlumatlarına görə, son iki il ərzində Aİ Qaqauziyaya yardım üçün 5,3 milyon avro göndərib.  

Avropadan gələn pulların nəyə xərcləndiyini görmək üçün, məsələn, Komrat bələdiyyəsindəki (bu, muxtariyyətin əsas şəhəri, onun paytaxtıdır) Avdarma kəndinə baş çəkmək olar. Avdarmada liseydə isitmə sistemi quraşdırıblar, uşaq bağçasını təmir ediblər, xüsusi tələbatları olan uşaqlar üçün təmir işlərini görüblər.    

Avdarma kəndində uşaq bağçasının damının təmiri Aİ tərəfindən maliyyələşdirilib  

Sanitar blok xüsusi tələbatları olan uşaqlar üçün uyğunlaşdırılıb 

“İndi isitmə sistemində qənaət edə bilərik – termoizolyasiyadan sonra qaza görə daha az pul ödəməli olacağıq”, – kənd administrasiyasının rəhbəri İvan Kasım deyib.

Həmin bələdiyyənin başqa bir kəndi olan Budjakedə su kəmərini tamamilə təzələyiblər.

Foto: Budjak kəndində Aİ tərəfindən maliyyələşdirilən müasir su kəməri

“Böyük problemimizi həll ediblər – köhnə çuqun boruları müasir su kəməri ilə əvəz ediblər. İndi kəndin hər yerində su var”, – Budjak kənd administrasiyasının rəhbəri Nikolay Dudoqlo deyib.

Avropa sərmayələri? Yox, eşitməmişik…

Amma hansı vəsaitlə kəndlərdə təmirin həyata keçirildiyini və infrastrukturun yeniləndiyini ancaq yerli hakimiyyət nümayəndələri bilir – adi camaat bu haqda düşünmür, maliyyə dəstəyini isə əsasən Rusiya ilə bağlayırlar.

“Şəxsən mən Rusiya tərəfindən verilən köməkdən heç bir xeyir görmürəm, amma Rusiyaya münasibətim yaxşıdır”, – Avdarma kəndində ibtidai sinif müəllimi Stişa Dmitriyevna deyir. “Avropa dəstəyinin nədən ibarət olduğunu bilmirəm”, – deyə əlavə edir.

Komratdan olan “Piligrim-Demo” gənclər mərkəzi” ictimai birliyinin sədri Mixail Sirkeli hesab edir ki, yerli sakinlər məhz Avropanın onların həyatını yaxşılaşdırdığını bilsəydilər, Aİ-yə münasibətləri daha yaxşı olardı.

“Qaqauziya əhalisinin böyük hissəsi heç bilmir ki, Avropa İttifaqı bura bu qədər pul ayırır”, – Mixail deyir.

Onun sözlərinə görə, yerli sakinlər Moldovanın həyatına zəif inteqrasiya olunub, dövlət dilini bilmirlər, buna görə də çoxları Moldova mediasının kontentindən xəbərsizdirlər.

Rusiya nəyi maliyyələşdirir

Aİ nümayəndə heyətinin təqdim etdiyi məlumatları Qaqauziyanın Xarici Əlaqələr Üzrə Baş İdarənin  hesabatı ilə müqayisə etsək, görərik ki, 2016-cı ildə muxtariyyətə Rusiya dəstəyinin həcmi Aİ tərəfindən verilən yardımdan üç dəfə az olub. Region avro ilə Avropa İttifaqından 3,1 milyon, Rusiyadan isə 1,1 milyon alıb.

Qaqauziyaya Rusiya Federasiyası tərəfindən verilən yanğınsöndürən maşını

2016-cı ildə Rusiya muxtariyyətə kənd təsərrüfatı texnikası, təcili tibbi yardım və yanğınsöndürən maşınları ilə kömək edib. Amma əsas maliyyə məktəb kitabxanaları üçün kitablara, tələbə stipendiyalarına xərclənib. Bundan başqa, Qaqauziya Rusiya xəstəxanalarında on pasientin əməliyyat olunması üçün pulsuz kvota alıb.

Açılıblar, amma…

2014-cü ildə Qaqauziyada keçirilən referendum təkcə muxtariyyətin deyil, bütöv Moldovanın xarici siyasi  inkişaf vektorunu müəyyən etməliydi. Bu plebisit Şərq Tərəfdaşlığı ölkələri və Aİ-nin Vilnüsdə keçirilən və Moldovanın Avropa İttifaqı ilə müqaviləni paraframalı olduğu sammitin tarixinə təsadüf edirdi. Referendumun hüquqi qüvvəsi yoxuydu – Kişinyov məhkəmənin xüsusi qərarıyla səsvermənin keçirilməsi ilə bağlı qərarı dayandırdı. Bununla belə, qanunsuz referendum baş tutdu, onu “muxtariyyət əhalisinin topladığı” vəsaitlə həyata keçirdilər – məlumdur ki, onu Moldova əsilli Rusiya iş adamları maliyyələşdirib. Sonradan muxtariyyət hakimiyyəti bəyan etdi ki, 98 faiz qaqauz Gömrük İttifaqına qoşulmağa səs verib.

“İnsanlar bildirib ki, Moldova Gömrük İttifaqının yanında olmalıdır. Biz praqmatikik və bütün ölkələrlə, o cümlədən Aİ ilə də əməkdaşlıq edirik”, – Komrat icra komitəsi sədrinin birinci müavini Vadim Çeban yerli sakinlərin geosiyasi meyllərini şərh edərkən deyib.

“Biz əməkdaşlıq üçün açığıq, amma xalq [öz istəklərini] 2014-cü ildə ifadə edib”.

“Qaqauziya əhalisi demək olar ki, yüz faiz Rusiyaya meyllidir”, – Qaqauziyada Regional Təşəbbüslər Mərkəzinin icra direktoru Mixail Şalvir deyir. Onun sözlərinə görə, təkcə yerli sakinlər deyil, regiondakı siyasətçilər və məmurlar da Rusiya yönlüdür.

“Burada çoxları pulsuz köməyə etibar etmir, buna görə də lazımdır ki, insanların Avropa hakimiyyəti nümayəndələri və tərəfdaşlarla dialoq imkanı olsun, onlar – bu, Avropa İttifaqının nəyinə lazımdır  – sualına cavab versinlər”.


More on JAMnews