Rusiya mediası Azərbaycanda suriyalı döyüşçülərin olduğunu iddia edir, Müdafiə Nazirliyi yalanlayır
Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Suriyalı döyüşçülər Azərbaycanda blitskriqə hazırlaşır” başlığı altında məqalə dərc edib. Azərbaycanın Müdafiə Nazirliyi bununla bağlı xüsusi bəyanatla çıxış edib.
Məqalə müəllifi Vladimir Muxinin bildirdiyinə görə, “Azərbaycana əsasən “Sultan Murad”, Azad Suriya Ordusu və “Həmzət” silahlı dəstələrindən olan türkmənlərdən ibarət 500 nəfərə yaxın suriyalı döyüşçü gətirilib”.
“NQ mənbələri bildirirlər ki, informasiya yoxlanılır və böyük ehtimalla bu, həqiqətə müvafiqdir. Bu günlərdə Bakıda etiraz aksiyası keçirilib və iştirakçılar Türkiyəni “Azərbaycanı ermənilərdən və ruslardan xilas etməyə” çağırıblar. Onlar Türkiyə bayraqlarını yelləyərək hakimiyyətdən “Türkiyə hərbi bazasının ölkə ərazisində yerləşdirilməsini və Ermənistan-Azərbaycan sərhədində iyul döyüşlərinə görə revanş tələb ediblər””, – “Nezavisimaya qazeta” yazıb.
Azərbaycanın Müdafiə Nazirliyi bu məqalə ilə bağlı xüsusi bəyanatla çıxış edib:
“Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik.
Məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir. Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır.
Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə var”.
Azərbaycanın müdafiə qurumu öz bəyanatında məqalənin sifarişli olmasını qeyd etməklə yanaşı Ermənistanın könüllü silahlı dəstələr yaratmaq qərarına da münasibət bildirib.
• Ermənistanda xalq könüllü dəstələri yaradılır – “potensial rəqibi dəf etmək üçün”
“Biz “Nezavisimaya qazeta”ya tövsiyə edirik ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsinlər.
Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırımağa imkan verir.
Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq”, – Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.