Putin Makrona bildirib ki, Navalnı simulyant və şantajçıdır
Fransa prezidenti Vladimir Putinin Aleksey Navalnının zəhərlənməsi ilə bağlı irəli sürdüyü versiyanı əsassız hesab edib: onun bildirdiyinə görə, Rusiyanın əsas müxalifətçisi özü özünü “noviçok” zəhərləyici maddəsi ilə zəhərləmiş ola bilər.
Fransanın nüfuzlu “Le Monde” qəzeti Rusiya və Fransa prezidentlərinin telefon danışıqlarının detallarını dərc edib.
Vladimir Putin bu söhbətdə Navalnını korrupsiyaya qarşı araşdırmalarından məmurlara qarşı şantaj vasitəsi kimi istifadə edən “adi internet çərənçisi” adlandırıb.
Putinin sözlərinə görə, Navalnı əvvəl də “xəstəlik simulyasiyası edib”.
Putin onu da bildirib ki, Navalnı özü özünü “noviçok”la zəhərləmiş ola bilər, çünki “bu maddəni hazırlamaq düşünüldüyü qədər çətin deyil”.
• “Noviçok” kimyəvi silahının hazırlandığı Rusiya qəsəbəsindən fotoreportaj
Rusiya prezidentinin irəli sürdüyü başqa bir versiyaya görə, cinayətin izi “noviçok”u hazırlayanlardan birinin yaşadığı Latviyaya apara bilər.
Emmanuel Makron Putinin Navalnının özünü zəhərləməsi və “latviya izi” ilə bağlı ehtimalları əsassız sayaraq rədd edib.
Rusiya prezidentinin rəsmi saytında bu söhbət bir cümlə ilə təsvir olunub: “A.Navalnının işi üzrə ətraflı fikir mübadiləsi baş tutub”.
Aleksey Navanı Vladimir Putinə daha ətraflı cavab verib. O, Facebook səhifəsində yazıb:
“Vladimir Putin fransalı həmkarına bildirib: “Navalnı özü bu zəhəri udmuş ola bilər”.
Yaxşı versiyadır. Hesab edirəm ki, çox ciddi araşdırmaya layiqdir. Mətbəxdə “Noviçok” bişirmişəm. Təyyarədə sakitcə flyajkadan içmişəm. Komaya düşmüşəm.
Bundan əvvəl həyat yoldaşımla, dostlarımla və həmkarlarımla danışmışam ki, əgər Səhiyyə Nazirliyi məni müalicə üçün Almaniyaya aparmaq üçün israr etsə, onlar qətiyyən buna imkan verməsinlər.
Omsk xəstəxanasında ölüm və Omsk morquna düşüm, orada da ölüm səbəbi kimi “kifayət qədər yaşayıb” müəyyən edilsin – hiyləgər planımın son məqsədi budur.
Amma Putin oyunumu pozdu. Onu aldatmaq çətindir. Nəticədə mən axmaq kimi 18 gün komada qaldım, amma istədiyimə nail olmadım. Təxribat baş tutmadı!”
Rusiya Xarici İşlər Nazirliyi sentyabrın 23-də bəyan edib ki, “noviçok” adlı maddə nə Rusiyada, nə də SSRİ-də heç vaxt istehsal olunmayıb.