"Narazılıq eyhamı": Ermənistanın xarici işlər naziri Antalyadakı diplomatik forumda iştirak etmir
Ermənistan XİN rəhbəri Antalyadakı forumda iştirak etmir
17-19 aprel tarixlərində Antalyada keçirilən diplomatik forumda Ermənistanı xarici işlər nazirinin müavini Vaan Kostanyan təmsil edir. Xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə getməyib.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin 2022-ci ildə başlanmasından bəri ilk dəfədir ki, Mirzoyan forumda iştirak etmir. 2024 və 2025-ci illərdə forumda iştirak edən Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan da Antalyaya getməyib.
“Mən Antalyaya getməyəcəyəm, hər dəfə gedəsi deyiləm”, – Rubinyan jurnalistlərə deyib.
Rəsmi Yerevan təmsilçilik səviyyəsinin aşağı salınmasının səbəbini şərh etməyib. Lakin ekspertlər hesab edir ki, bununla erməni tərəfi narazılığını ifadə edir. Bu narazılıq Türkiyənin ölkələr arasında əldə olunmuş razılaşmaları yerinə yetirməməsi ilə bağlıdır. Söhbət xüsusilə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasından gedir.
“Əgər Türkiyə bu kiçik addımı atmırsa, onda orada xarici işlər nazirinin nə işi var?” – deyə türkoloq Nelli Minasyan bildirib.
Onun sözlərinə görə, Türkiyə prezidenti də öz növbəsində may ayında Yerevanda keçiriləcək və onlarla ölkənin liderlərinin iştirak edəcəyi Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək.
“Deyirlər ki, [xarici işlər naziri Hakan] Fidan gələ bilər. Amma bu, o səviyyədə görüş deyil, buna görə də əsas məsələ məhz Türkiyə prezidentinin iştirakıdır”, – Minasyan deyib.
Türkiyə Ermənistan Respublikasını 1991-ci ildə rəsmi olaraq tanıyıb. Lakin ölkələr arasında diplomatik münasibətlər indiyədək qurulmayıb. 1993-cü ildə Türkiyə birtərəfli qaydada Ermənistanla hava və quru sərhədlərini bağlayıb. Ermənistan XİN-in saytında qeyd olunduğu kimi, hava sərhədi 1995-ci ildə “beynəlxalq ictimaiyyətin təzyiqi altında” açılıb.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə danışıqlar ikinci Qarabağ müharibəsindən sonra fəallaşıb. Proses ikitərəfli formatda aparılsa da, Türkiyə danışıqların gündəliyini Azərbaycanla koordinasiya etdiyini gizlətmir.
2026-cı ilin əvvəlində erməni mediası bildirirdi ki, fevralın 1-dən Ermənistan və Türkiyə arasında sərhəd üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacaq. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri bu barədə hələ 2022-ci ilin iyulunda razılığa gəliblər. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.
- Rəy: “Ermənistan Rusiyanın TRIPP layihəsində iştirak edə bilməyəcəyinə işarə edir”
- “Ermənistan Türkiyədən konkret addımlar gözləyir”: tərəflər nəyə nail olub və daha nə mümkündür
- Ararat dağının təsviri Ermənistanın sərhəd möhürlərindən çıxarılacaq. Hakimiyyət Türkiyənin tələbini yerinə yetirir?
“Top bizim tərəfdə deyil”
Yaxın günlərdə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini şərh edib. O, xüsusilə müəyyən irəliləyişlərin müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, ən vacib razılaşma sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasıdır.
“Biz üzərimizə düşəni etmişik. Ermənistanda “Marqara” buraxılış məntəqəsinin bərpasını nəzərdə tuturam. Yaxşı xəbər odur ki, Türkiyə tərəfi də bu il “Alican” buraxılış məntəqəsinin bərpasına başlayıb. İndi razılaşmanın həyata keçirilməsini gözləyirik. Bu baxımdan top bizim tərəfdə deyil”, – o bildirib.
Kontekst: Ermənistan və Türkiyənin xüsusi nümayəndələri nə barədə razılığa gəlib
2021-ci ilin dekabrında Yerevan və Ankara münasibətlərin normallaşdırılması üçün addımlar atmağa hazır olduqlarını bildiriblər. Prosesi koordinasiya edən xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç olub. 2022-ci ildən etibarən onlar 6 dəfə görüşüblər. Görüşlərin dördü xaricdə, biri Ermənistan-Türkiyə sərhədində, sonuncusu isə Yerevanda keçirilib. Bütün görüşlərdən sonra Yerevan və Ankara ilkin şərtlər olmadan dialoqu davam etdirməyə hazır olduqlarını bəyan ediblər.
2025-ci ilin sentyabrında Yerevanda keçirilən görüşdə tərəflər hələ 2022-ci ilin iyulunda əldə olunmuş razılaşmanın icrasını sürətləndirməyə qərar veriblər. Söhbət məhz Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasından gedirdi.
Bundan əlavə, son görüşlər zamanı Rubinyan və Kılıç aşağıdakılar barədə razılığa gəliblər:
- Gümrü–Qars dəmir yolunun və elektrik ötürmə xəttinin bərpası və istifadəyə verilməsi üçün zəruri texniki araşdırmaların aparılması,
- Axurik/Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin texniki ehtiyaclarının qiymətləndirilməsi və fəaliyyətinin təmin edilməsi,
- diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının qarşılıqlı şəkildə sadələşdirilməsi.
Hələlik yalnız viza prosedurlarının sadələşdirilməsi ilə bağlı razılaşma həyata keçirilib.
Şərh
Türkoloq Nelli Minasyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Antalyada keçirilən forumda iştirak etməməsi qərarını alqışlayır.
“İki ölkə müəyyən razılaşmalar əldə edib, lakin Türkiyə tərəfi onları sadəcə yerinə yetirməyib. Xarici işlər nazirimizin yenidən ora getməsinin mənası yoxdur”, – o qeyd edib.
Onun fikrincə, Yerevan bu yolla narazılığını ifadə etmək qərarına gəlib.
Minasyan hesab edir ki, Ankaranın xarici siyasətində daha genişmiqyaslı regional hadisələr üstün mövqe tutur. Ermənistanla sərhəd məsələləri isə Ankara üçün prioritet deyil.
Eyni zamanda o düşünür ki, infrastrukturun blokdan çıxarılması Türkiyə üçün də vacibdir. Bu baxımdan istisna etmir ki, “ABŞ TRIPP məsələsi ilə bağlı yekun qərar qəbul etdikdən, işlər və investisiyalar başladıqdan sonra” Türkiyə öz prioritetlərini dəyişə bilər.
“Trampın beynəlxalq sülh və rifah marşrutu” (Trump route for international peace and prosperity, TRIPP) Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək yoldur. Ermənistan və Azərbaycan bu yolun Ermənistan-Amerika konsorsiumunun iştirakı ilə blokdan çıxarılması barədə razılığa gəlib.
Nelli Minasyan razılaşmaların yerinə yetirilməməsini belə izah edir:
- Türkiyə tərəfindən siyasi qərarın olmaması,
- Azərbaycan amili, yəni Ermənistanla bağlı qərarların Azərbaycanla razılaşdırılması.
“Azərbaycanda ehtiyat edirlər ki, Ermənistan-Türkiyə münasibətləri daha sürətlə normallaşa bilər, müxtəlif məsələlər üzrə daha təbii və müsbət şəkildə inkişaf edə bilər”, – ekspert deyir.
Hər halda o hesab edir ki, Yerevanla münasibətlərin normallaşması Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra daha real görünür. Ekspertin sözlərinə görə, Bakıda belə hesab edirlər ki, saziş imzalanana qədər Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında irəliləyiş olmayacaq:
“Ankaranın rəsmi mövqeyini bir neçə ay əvvəl Hakan Fidan ifadə edib: saziş imzalanan kimi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədləri eyni vaxtda açılacaq. Məncə, bu, real yanaşmadır”.
Ermənistan XİN rəhbəri Antalyadakı forumda iştirak etmir