Mayın 25-də Moskvada Rusiya prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlar baş tutub. Görüşün yekununda iki sənədin imzalanması gözlənilirdi. Rusiya nəşrləri görüş ərəfəsində üçtərəfli sənədlərin razılaşdırıldığını bildirmişdilər. Baş nazir müavinləri regional kommunikasiyaların açılmasına dair sənədi, xarici işlər nazirlikləri isə Paşinyan, Əliyev və Putinin beşinci birgə bəyanatını imzalamağa hazırlayırdılar.
Rusiya Bakı-Yerevan dialoqunda əsas vasitəçi rolunu bərpa etmək üçün bu sənədlərin qəbuluna ümid edirdi. Moskva dəfələrlə Qərb tərəfdaşlarının – Vaşinqton və Brüsselin vasitəçiliyi ilə aparılan danışıqların daha məhsuldar ola bilməyəcəyini bəyan edib.
Lakin sənədlərin imzalanması uğursuzluqla nəticələnib.
Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə “Ermənistan və Azərbaycan arasında texniki həll olunmamış məsələlərin qaldığını” izah edib.
“Bunlar texniki, lakin çox vacib detallardır. Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftədən sonra Moskvada müzakirə edəcəyi məsələlərdir”.
Material dərc olunan ana qədər başqa heç bir məlumat mövcud deyildi.
Üçtərəfli danışıqlar başlayana qədər
Danışıq tərəfləri arasında gərginlik hələ danışıqlar başlamazdan əvvəl hiss olunurdu. İlham Əliyev və Nikol Paşinyan arasında mübahisə AAİİ-nin genişləndirilmiş iclası zamanı başlayıb. Ermənistan bu təşkilatın üzvüdür, Azərbaycan liderini görüşdə iştirak etmək üçün Putin özü dəvət edib.
https://youtu.be/OCJxAHsIviE
Paşinyanla Əliyev arasındakı diskussiyanı əks etdirən bu video sonrakı danışıqların hansı tonda aparıla biləcəyini açıq şəkildə göstərdi. Tərəflərin ən azı Ermənistan ərazisindən keçən “dəhliz” məsələsi və Laçın dəhlizi ilə bağlı vəziyyətə dair tam əks mövqedə olduqları ehtimalı da təsdiqləndi.