Moldovada feyk xəbərlər: yanğınlar, quraqlıq, terror aktları və nüfuzdan salınan siyasətçilər
Materialın orijinalı Ziarul de Gardă saytında
Moldovada tez-tez yalan xəbərləri yayan saxta saytlar yaradılır. Çox vaxt onları real informasiya portallarına oxşadırlar və bir çox sosial şəbəkə istifadəçisi yalanı tutmadan, feykləri dostlarına da göndərir. Ziarul de Garda qəzeti bu sxemin necə işləməsi və niyə bu dərəcədə davamlı olması barədə danışır.
Sentyabrın birində “Müstəqil mətbuat” adlanan portalın yaydığı xəbər çox səciyyəvi idi — yazıda hansısa ” Mariya xanım”a istinadən, Avropa meylli müxalifətçi siyasətçi Maya Sandanın guya məktəbdə keçirilən tədbirdə fitə basılması rəngarəng şəkildə təsvir edilir. Xəbər sosial şəbəkə istifadəçiləri arasında sürətlə yayıldı və Sanda öz “Facebook” səhifəsində xəbəri təkzib etmək məcburiyyətində qaldı, daha sonra da guya insidentin baş verdiyi məktəbin müdiriyyəti də təkzib verməli oldu.
“Müstəqil mətbuat” saytı (Moldova dilində o, “Presa independentă” adlanır) ilk dəfə deyil ki, öz yazılarını Moldovanın “Hərəkat və həmrəylik” partiyasının sədri Maya Sandaya həsr edir. Misal üçün, sayt bundan əvvəl bildirib ki, Rumıniyanın keçmiş prezidenti Trayan Besesku Sandanı populizmdə ittiham edib. Besesku şəxsən məsələyə aydınlıq gətirməli oldu – o, yazını “Rusiya-Dodon yalanı” adlandırdı.
Bu günlərdə “Müstəqil mətbuat” yeni ifşasını dərc etdi – bu dəfə müxalif Liberal partiyasının sədri Mixae Qimpanın sədri haqqında, hansı ki, guya “siyasətdə qazandığı” iki milyon avronu dörd ulduzlu otelin satışına xərcləyir. Yazını bəzi Rusiya yönlü resurslar da götürdülər.
Mixay Qimpa bunun yalan olduğunu və “DTK mətbuatı” ilə polemikaya girmək niyyətində olmadığını bildirdi.
Presaindependenta.wordpress.com ünvanlı sayt San-Fransisko şəhərində qeydiyyatdan keçib, idarəçisi isə Kişinyovdan olan Vasile Popa adlı birisidir.
Məşhur mediaların adını kopya edən və ya oxşar adlardan istifadə edən saytlar Moldova üçün nadir hal deyil. Onlar həm real xəbərləri, həm də feyk və ya saxtalaşdırılmış xəbərləri yerləşdirir, bu xəbərlər də adətən indiki hakimiyyətin siyasi opponentlərinə aid olur.
Feyklər niyə belə asan yayılır
2017-ci ilin may ayında qeydiyyatdan keçən jurnal-tv.legendary-new.info saytı xəbər yayıb ki, guya Moldova sərhədində “orqanlarını çıxarmaq üçün Rumıniyaya aparılan on iki uşaq aşkar olunub”. Yazını ancaq istifadəçi onu sosial şəbəkədə paylaşandan sonra oxumaq olur – “paylaşmaq” düyməsi ilə çıxan pəncərə mətnin üstünə gəlir və bu düyməni basmayınca bağlanmır.
Eyni sxem Pro-inside.website saytının yazılarında da işləyirdi – burada söhbət çaxır anbarında başlayan və “bir neçə saat ərzində Moldovanın ən yaxşı çaxırlarını məhv edən” yanğından gedirdi (əslində isə heç bir yanğın olmayıb).
Bununla necə mübarizə aparmaq olar
Moldova Mətbuat Şurasının sədri Viorika Zaxariya oxucuları sadəlövh olmamağa və həmişə brauzerin ünvan yerində yazılanlara diqqət yetirməyə çağırır:
“Orada məşhur bir medianın adına çox oxşayan bir ad görürsüzsə, bu o deməkdir ki, kimsə həmin mediaya qarşı etimadın azaldılması, eyni zamanda da öz feyk məhsuluna maraq artırmaq sxemini işə salıb. [Bu cür klonları] təkcə panika yaratmaq və ya müəyyən siyasi fiqurlara qara yaxmaq üçün deyil, həm də həqiqətən də müstəqil və etibarlı mətbuata zərbə endirmək üçün yaradırlar”, – Zaxariya deyib.
Əksər hallarda saytlar anonim administratorlar tərəfindən qeydiyyata alınır (həm də bir çox hallarda server Rusiyada yerləşir). Amma Moldovada ən azı bir nəfər var ki, nə adını, nə də saytlarında yalan informasiya yaydığını gizlətmir. Korneliu Ababiy “Demokratik partiya” gənclər təşkilatının üzvüdür, 21 yaşı var. Korneliunun feyklərdə ixtisaslaşan onlarla saytı var. Burada daha çox onlarla insanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisələri, zəlzələnin baş verəcəyi və dağıdıcı quraqlıqlar barədə yazırlar; dəfn olunandan sonra dirilən ölülər, qanlı terror aktları barədə xəbərlərə də rast gəlinir.
Saytların sahibi bildirir ki, bu saxta xəbərləri trafik qazanmaq üçün dərc edir, siyasi məqsədləri isə yoxdur. Amma burada siyasətlə bağlı “xəbərlər” də az deyil. Ababiy tərəfindən qeydiyyata alınan saytlar əsasən onun üzvü olduğu “Demokratik Partiya”nın siyasi opponentlərindən və əsasən də neqativ xəbərlər yazır.
Buna görə onlara heç nə olmayacaq?
Müstəqil Mətbuat Assosiasiyası (API) Moldova polisinə müraciət edərək, xəbər aldı ki, ölkənin hüdudları kənarında qeydiyyatdan keçən və saxta xəbərlər yayan saytlarla bağlı araşdırma aparılırmı? Moldova Baş Polis Müfəttişliyinin rəis müavini Georgi Kavkalyuk cavab verdi ki, xaricdə qeydiyyatdan keçən portallarla bağlı araşdırma ancaq o halda aparıla bilər ki, cinayət işi açılsın.
“Bizim kibercinayətlərlə mübarizə üzrə bölməmiz var. Biz cinayət prosesi baş verdiyi halda başqa dövlətlərin analoji idarələrinə sorğu ilə müraciət edə bilərik”, – Kavkalyuk bildirib.
Məlumdur ki, polisə Maya Sanda da müraciət edib. Ona da elə eyni cavabı veriblər: polis bu nəticəyə gəlib ki, “bunu edənlərin şəxsiyyətini müəyyən etmək mümkün deyil”.