Noyabrın 24-də Sinay yarımadasının şimalında məsçiddə partlayış baş verib. Bundan sonra məsçidin ətrafında dayanmış silahlılar qaçaraq oradan uzaqlaşmaq istəyən adamları atəşə tutub.
Qurbanların sayı hər an artır, Misirin dövlət xəbər saytı Ahram Online-ın son məlumatına görə, terror aktı nəticəsində ən azı 235 nəfər həlak olub.
Misir hakimiyyəti ölkədə fövqəladə hal elan edib. Hazırda Misir prezidenti Abdul-Fattah əs-Sisi Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Misirdə üçgünlük matəm elan olunub.
CNN xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid Mucahid bu insidenti artıq “terror hücumu” adlandırıb.
Terrorçuların kimliyi və motivi hələlik məlum deyil.