Mişanın Ukraynanı fəthi: bəs sonra nə olacaq?
Mixail Saakaşvili Ukrayna-Polşa sərhədində. 10.09.2017 REUTERS/ Valentin Oqirenko
Ukrayna prezidenti Pyotr Poroşenko özünün keçmiş qrup yoldaşı və siyasi müttəfiqini o, ABŞ-da olduğu vaxt vətəndaşlıqdan məhrum edəndə, əslində ona yeni bir şans verdi. Odessa vilayətində uğursuz qubernatorluq dövründən sonra Saakaşvilinin nüfuzu Ukrayna siyasətində zəifləmişdi. Poroşenko ilə yaxınlığına görə və ya başqa səbəblərdən onun bir çox potensial müttəfiqləri ilə münasibətləri pozuldu, şəxsi populyarlığı da azalmağa başladı. Onun “Yeni qüvvələr hərəkatı” yüksək reytinqi ilə lovğalana bilməzdi, Ukrayna miqyasında gücün artırılması üçün resursların cəlb edilməsi isə asan məsələ kimi görünmürdü.
Onun uydurma bəhanələrlə vətəndaşlıqdan məhrum edilməsi Saakaşviliyə mənəvi üstünlük verdi: o təkcə təqib olunan deyil, həm də çox mühüm müxalifətçi fiqur kimi ortaya çıxdı, axı əks halda Poroşenko niyə ondan qorxmalıydı ki?
Onun yerində istənilən başqa adam hər hansı dost ölkənin hakimiyyətinə vətəndaşlıq almaq üçün müraciət edərdi, orada yerləşərdi və müxtəlif ölkələrin KİV-lərinə Ukrayna və ya Gürcüstanda vəziyyət onun xeyrinə dəyişənə qədər müsahibə verərdi. Amma Mişanın temperamenti başqadır: ona həmişə diqqət mərkəzində olmaq lazımdır. Buna görə də o, Poroşenkodan aldığı siyasi hədiyyəni başqa cür istifadə etmək qərarına gəldi.
Sentyabrın 10-da Polşa-Ukrayna sərhədində siyasi performans Saakaşvili üçün əla, Ukrayna hökuməti üçün isə dəhşətli oldu. Saakaşvilinin yanında Ukrayna müxalifətinin çox mühüm nümayəndələri dayandı, konkret olaraq da hazırda Ukraynada ən reytinqli partiya olan “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko və Lvov meri, hazırda Ukraynanın ən populyar siyasətçilərindən biri olan Andrey Sadovıy. Beləliklə də müxalifətin ağırlıq mərkəzi Saakaşvilinin olduğu yerə keçdi. Sədaqətli tərəfdarlar sərhədin Ukrayna tərəfində gözləyirdilər. Ukrayna hakimiyyəti Saakaşvili və tərəfdarlarının sərhədi keçməyə hazırlaşdığı qatara yerindən tərpənməyi qadağan edəndə isə bununla bir daha öz qorxularını göstərdi, eyni zamanda da Saakaşvilinin haqlı olduğunu sübut etdi. Sakaşvili qatardan düşüb, sərhədi keçmək qərarına gələndə ona yolun minalandığını dedilər ki, bu da ucuz bir yalan idi. Kulminasiya: Saakaşvili neytral zolağa keçən kimi, tərəfdarları polis kordonunu yarıb, onu əhatəyə alaraq, Ukrayna tərəfinə keçirdilər. Belə bir vəziyyətdə Poroşenko (və onun lideri olduğu dövlət) zəif və çaşqın, Saakaşvili isə qalib, risk etməyə və qalib gəlməyə qadir əsl cəsarətli xalq lideri kimi göründü.
Nəticə də bundan ibarətdir ki, o sadəcə oyuna deyil, Ukrayna siyasətinin mərkəzinə qayıdıb. Digər bir tərəfdən də özünün Gürcüstandakı tərəfdarlarına ilham və yeni enerji verib, onlar bir daha Mişanın güclü olduğunu və qalib gəlməkdə davam etdiyini gördülər.
Amma Mışa hələlik müharibəni deyil, ancaq bir döyüşü udub. Poroşenko sərhəddə baş verənləri öz xeyrinə də istifadə edə bilər. Epizodu onun mövqeyindən nəzərdən keçirsək, ekstremist lider tərəfindən ilhamlanan kütlə tərəfindən qanunun kobud pozuntusu baş verib. Hakimiyyətin tərəfdarları artıq Saakaşvilinin fəthini Rusiyanın Ukraynadakı əməlləri ilə müqayisə etməyə başlayıb. İndi Poroşenkonun Saakaşvili və onun tərəfdarlarının, öz gücündən istifadə edərək onu sərhəddən Ukraynaya keçirənlərin qanuni təqibinə başlamaq imkanı yaranıb. Bunun üçün Poroşenkonun həqiqətən də hüquqi əsasları var.
Bundan əlavə, o, Saakaşvilini Gürcüstana ekstradisiya edə bilər. Əvvəllər bu ssenari nəzəri xarakter daşıyıb, indi isə artıq reallığa çevrilir. Gürcüstan hakimiyyəti bunun heç vaxt baş verməyəcəyinə ümid edərək, ekstradisiyanı tələb edə bilər. Bunu biz daxili işlər nazirinin özünü onun ukraynalı həmkarı kimi təqdim edən prankerlə telefon söhbətindən başa düşdük; halbuki bunsuz da Gürcüstan hakimiyyətinin əhvalını anlamaq olar. Amma Poroşenko həqiqətən də Saakaşvilini həbs edib ekstradisiya etmək qərarına gəlsə, Gürcüstan hakimiyyətinin geriyə çəkilmək imkanı olmayacaq: Saakaşvilini qəbul edib, həbs etməli olacaq. Bu, onun tərəfdarlarının etirazlarına səbəb olacaq və iğtişaşlara, eyni zamanda da Qərbin ədalət məhkəməsinin seçici yanaşmada ittihamlarına gətirib çıxara bilər.
Bəs Poroşenko hansı addımları atacaq? Saakaşvili və onun tərəfdarlarının fikrincə, hökumət buna cürət etməyəcək, çünki hakimiyyətin gücdən istifadə etməsi cəhdi güclü etiraza, Qərb tərəfindən isə avtoritarlıqda ittihamların səsləndirilməsinə səbəb ola bilər. Vəziyyət biz az da qarışacaq. Saakaşvili ətrafında ciddi müxalifətin kristallaşması və onun birləşməsi baş versə, bununla hesablaşmalı olacaqlar.
Saakaşvili Ukrayna sərhədini keçmək niyyətində olduğunu bildirəndə, vəziyyət onsuz da qarışmışdı; amma indi o, bir az da qarışır. Yeganə tam aydın olan odur ki, oyunun qaydaları əməlli-başlı sərtləşib. Həm də hər iki tərəfin zəif yeri var. Poroşenko eyni zamanda həm avtoritar, həm də zəif kimi görünür. Amma Saakaşvilinin bazar günü etdiklərini də ümidsizlik aktı kimi qəbul etmək olar. Uduzarkən va-bank gedən poker oyunçusu kimi, həm də mövqeləri kifayət qədər güclü olmayan oyunçu. O ümid edir ki, ukraynalıların rüşvətxor və səmərəsiz Poroşenko rejiminə qarşı etirazı öz pik həddinə çatacaq: ancaq belə olan halda o, nisbətən rahat ola bilər; amma hələlik ukraynalıların yeni Maydana hazır olduqları görünmür. Ola bilsin, Ukrayna hökuməti Saakaşviliyə qarşı 2016-cı ildə “Gürcü arzusu”na uğur gətirən mesajdan istifadə edəcək: “Bəli, cənablar, ola bilsin, bizim hökumətimiz zəifdir, amma Mişa özüylə iğtişaşlar gətirir. Sizə iğtişaşlar və qarışıqlıq lazımdır?” Gürcüstanda istəmədilər. Ukraynalıların fikirlərinə bələd deyiləm.
Digər tərəfdən, Saakaşvilinin parlament siyasətinə normal yolu qalıbmı? Havada həddən artıq çox sual qalıb.
Giya Nodiya – “Qafqaz sülh, demokratiya və inkişaf institutu”nun sədri
* Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır