Rəqibin satın alınması cəhdində ittiham edilən azərbaycanlı deputat seçkilərdə iştirak edəcək
6 fevral
Parlament seçkilərindəki rəqibi, bloger Mehman Hüseynovun onu satın almaq cəhdində ittiham etdiyi deputat Fərəc Quliyevi seçkilərdə iştirakdan kənarlaşdırmayıblar, yalnız xəbərdarlıq ediblər.
Bununla yanaşı, şikayəti araşdırmış Azərbaycan Mərkəzi Seçki Komissiyası izahat verib ki, bu “yekun qərar deyil”, belə ki, prokurorluğun araşdırması hələ davam edir.
Mehman Hüseynovun sözlərinə görə, Fərəc Quliyev ona pul təklif edib ki, Mehman “oyundan çıxsın” və onu qarşıdan gələn seçkilərdə dəstəkləsin.
Quliyevin pzünün versiyasına görə isə, onu düzgün anlamayıblar və o, həmin pulları təmənnasız təklif edirmiş.
3 fevral
Azərbaycanlı bloger, keçmiş siyasi məhbus və deputatlığa namizəd Mehman Hüseynov bildirib ki, seçki dairəsindəki rəqibi Fərəc Quliyev Mehmanı mübarizədən çəkindirmək üçün ona rüşvət verməyə çalışıb. Rəqibinin versiyasına görə isə o, blogerə rüşvət yox, yardım təklif edib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutacaq.
• Azərbaycanlı bloger Mehman Hüseynov polislər tərəfindən qəddarca döyüldüyünü bildirib
• Azərbaycanda etirazçı gənclər birlikdə növbədənkənar parlament seçkilərinə hazırlaşır
• Şərh: Azərbaycanda nə baş verir – yuxarıların inqilabı, yoxsa imic korreksiyası?
“Yanımda ol”
Mehman Hüseynov ötən çağırış parlament deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə danışığının səs yazısını internetdə yayıb.
Bu səs yazısında blogerin rəqibi ona bunları deyir:
“Bizim səsləri bölməyimiz yalnız YAP-a xidmət edəcək. Sən də bələdiyyə seçkilərində iştiak elədin, hörmətin var, tanınan adamsan. Ya belə formada getməliyik, səslərimiz azalmalıdır, üçüncü tərəfə avantaj veririk. Mən sənə mənim vəkilim ol, yanımda ol ifadəsini işlətmək istəyirəm. Və nəticəni birgə qazanaq. Sabah üçün deyək ki, mən seçildimsə, dəstəyim arxanda olsun. Gənclər təşkilatı yaradarsansa, dəstək verim, QHT yaradarsansa dəstək verim, bir başqa formada olarsa, dəstək verim… Bunu sənə rüşvət kimi qəbul eləmə, tutaq ki, müalicə filan məsələlərini, bir çərçivə hazırlayırıq. Lap uşaqlarının (komanda üzvlərinin) xərcləri çıxır, onları qapadırıq… Sənə müalicə ilə bağlı nə lazım olsa, mən 10-15 min manat civarında, ondan əlavə də verməyə hazıram…”
Amma Mehman Hüseynov bu təklifi məhz rüşvət kimi qəbul edib, Baş Prokurorluğa, Mərkəzi Seçki Komissiyasına və Dairə Seçki Komissiyasına şikayət edib, həmçinin sosial şəbəkələrdə Fərəc Quliyevə qarşı kampaniyaya başlayıb.
Yardım cəhdi, yoxsa cinayət?
Fərəc Quliyevin özü Mehman Hüseynovla görüşdüyünü və ona vəkili olmağı təklif etdiyini etiraf edib. Amma deputatın versiyasına görə, o, blogerə pulu rüşvət kimi yox, müalicəsinə yardım kimi təklif edib, çünki Mehman söhbət zamanı səhhəti ilə bağlı problemlərinin olduğundan şikayətlənib. Üstəlik, deputatın sözlərinə görə, söhbət 45 dəqiqə davam edib, bloger isə çox qısaldılmış versiyasını internetdə yayıb.
Mərkəzi Seçki Komissiyası hadisə ilə bağlı hələlik heç bir şərh verməyib. Amma Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və keçmiş MSK üzvü Akif Qurbanov hesab edir ki, deputatın əməli Seçki Məcəlləsinin pozulması kimi dəyərləndirilə bilər və buna görə Fərəc Quliyev seçkilərdən kənarlaşdırılması da mümkündür. Hüquq məsələləri üzrə ekspert Ələsgər Məmmədli də eyni fikirdədir.