Litva Belarusun atom stansiyasından elektriki Aİ-ə buraxmamaq üçün elektrik ötürücü xətti sökəcək
Litva 2020-ci ildə bu ölkəni Belarusla birləşdirən Avropanın ən nəhəng elektrik ötürücü xəttini (EÖX) demontaj etməyə hazırlaşır. Euroradio-nun məlumatına görə, bu haqda Litvanın energetika naziri Jiqimontas Vayçunas bildirib.
Bununla Litva Belarus Atom Elektrik Stansiyasından (BelAES) Avropa İttifaqına elektrik enerjisi ixracına qadağa qoymaq istəyir. Paralel olaraq Litva Aİ ilə danışıqlar aparır ki, Aİ və üçüncü ölkələrdən olan istehsalçılar üçün rəqabət şərtləri bərabər olsun. Eləcə də rəsmi Vilnyus BelAES və ya digər bu cür təhlükəli elektrik stansiyalarında hasil olunan elektrik enerjisinin Avropa İttifaqı bazarına getməsini istəmədiyini ifadə edib (Litva özü 2009-cu ildə bağlanan İnqal AES-in əvəzinə yeni AES inşa etməyə hazırlaşır — JAMnews).
Litvanın hazırladığı layihə təqribən 30 milyon avroya başa gələcək. Layihə çərçivəsində Litvanın şimal-şərq hissəsində iki yarımstansiyanın bərpası və Belarusa gedən 750 kilo-voltluq EÖX-in sökülməsi nəzərdə tutulub. Litvanın Belarusla beş EÖX-i var. Onlardan ən əsası və ən nəhəngi – 750 kilo-voltluq EÖX – “AES dairəsi” adlanan layihənin bir hissəsidir.
Vayçunas dəqiqləşdirib ki, Avropada bu cür EÖX artıq yoxdur. Onun demontajından sonra qalan dörd EÖX (ikisi 330 kilo-votluq, ikisi də 110 kilo-votluq) Litva Rusiya və Belarusla ümumi sinxron zonada olduğu müddətcə çalışacaq. Şəbəkələrin Avropa ilə sinxronlaşmasından sonra elektrik enerjisinin nə texniki, nə də kommersiya axını qalmayacaq.
Litvadan fərqli olaraq, Latviya Belarusdan elektrik enerjisinin idxalından imtina etməyib. Litvalı nazirin sözlərinə görə, indi bu problemin müzakirəsi gedir.
Litva Ostrovtsada BelAES-in inşasını ardıcıl olaraq tənqid edir. 2017-ci ilin sentyabrında Litva hökuməti BelAES-in inşasını çətinləşdirmək üçün oradan elektrik enerjisi idxalını bloklamaq planını təsdiqləyib.