“Qızdırmam 37,5-dir. Nə edim?” Moskvada koronavirusdan müalicə olunmaq üçün pul və əlaqə lazımdır. Şəxsi hekayə
“Qızdırmam 37,5-dir. Nə edim?” – bunu telefonda anamdan eşitdim. Yəqin ki, başqa vaxt 37,5 haqda deyiləndə bu qədər təhlükəli səslənməzdi. Amma bu yerdə qorxmağa səbəb vardı və hərəkətə keçdim.
Mayın 11-ə olan məlumata əsasən, Rusiyada 221334 nəfər koronavirusa yoluxub. 2009 nəfər ölüb. Amma həkimlər və ekspertlər əmindirlər ki, bu rəqəmlər xeyli azaldılıb.
Biz təcili ödənişli kompüter tomoqrafiyasına getmək qərarına gəldik. O vaxta qədər biz ikimiz də artıq yoxlanılmış mənbələrdən kifayət qədər məlumat almışdıq, bilirdik ki, ilk növbədə tomoqrafiya, ikinci isə test lazımdır.
Müayinə yüngül səviyyəli ikitərəfli poliseqmentar pnevmoniya olduğunu göstərdi. Daha sonra tanış həkimlər mənə anlatdılar ki, bu vəziyyət praktiki olaraq koronavirusa bərabərdir.
“Sizə test lazım deyil”
Beləliklə, bizim əlimizdə anamın virus mənşəli ikitərəfli pnevmoniya olduğu haqda müayinə nəticəsi vardı. Düşündük ki, anamın təhkim olduğu poliklinikaya zəng vurub, evə həkim çağırmaq zamanıdır (şəhər hakimiyyətinin instruksiyasında belə deyilir).
Bu xüsusi əməliyyat ən başından uğursuzdur.
Telefondakı qadın səsi and-aman edir ki, “xanım, bizdə hər gün yüzlərlə insan olur, evə nə həkim, özünüz gəlin”.
- Rusiya, koronavirus: yoluxanların sayı yüksək olsa da, ölənlərin sayı təəccüblü dərəcədə azdır və həkimlər arasında ölənlər çoxdur. Niyə?
- Dünya karantindən çıxır: kim və necə? Robotlar insanların temperaturunu ölçür və parklara nəzarət edir. Foto/video
Anam məsuliyyətli insandır və heç kimi yoluxdurmaq istəmirdi. Amma başqa çarə yox idi. Əlcək, maska geyinib, öz şəxsi avtomobili ilə poliklinikaya getdi. Orada onu virusologiya ilə yaşıd olan həkim qəbul edib, antibiotik müalicəsi yazıb.
“Sizə test lazım deyil. Siz testi neynirsiz? Siz yüngülsüz. Gedin evə, müalicə olunun”.
Anam həkimin təyin etdiyi dərmanları alıb, təxminən 300 dollarlıq.
Əlavə 200 dollara da pulsoksimetr aldıq, çünki təcrübəli adamlardan bilirdik ki, məhz bu aparat qanda oksigen səviyyəsini nəzarətdə saxlaya bilir.
Əlamətlərdən anamda ilk gündən ancaq qızdırma vardı. Başqa heç bir əlamət sonra da yaranmadı. Yüksək temperatur isə keçib getmədi.
Həkimi evə çağırmaq üçün göstərilmiş nömrədən “Rospotrebnadzora” zəng vurub düşmək mümkün deyildi. “Qaynar xətt” bir neçə saatdan sonra cavab vermişdi və “Rospotrebnadzor”a zəng vurmağı məsləhət görmüşdü.
Bizə dedilər ki, təcili test edin, bizə COVID-in təsdiqlənməsi lazımdır.
Evdə ödənişli test əlavə 100 dollara başa gələcək. Nəticələr isə ən yaxşı halda iki gün sonra hazır olacaqdı.
“Həkim ola bilər ki, ümumiyyətlə gəlməsin”
Anamın testi ilk dəfədən pozitiv çıxdı. Moskvada bu, bəxtin gətirməsi deməkdir, çünki çox sayda yanlışlıqla neqativ nəticə verən test insanların vaxtında müalicəyə başlamasına mane olur.
Testin müsbət nəticəsi haqda telefonla xəbər verdilər. Heç olmasa, indi həkim evə gələcəkmi, sualına belə cavab aldıq:
“Sizə həkim gələcək. Nə zaman? Ola bilər ki, sabah, ola bilər ki, bir həftə sonra, ola bilər ki, heç vaxt”.
Poliklinikada isə dərhal dedilər: “Biz sizə gələ bilmirik. Əgər siz evdə oturacağınıza dair kağızlara qol çəkməmisizsə, özünüz gəlin”.
Həmin vaxt artıq səkkizinci gün idi ki, anamın qısdırması düşmürdü. Bizi konsultasiya edən həkimlər ikinci dəfə tomoqrafiya etməyi məsləhət gördülər.
Elədik. Vəziyyəti artıq orta ağır idi. Beləcə anladıq ki, müalicə yanlış olub. Və stasionara ehtiyac var.
Əgər sizdə pnevmoniya varsa, qızdırmanız 38-dirsə, koronavirus testi müsbət nəticə veribsə, amma siz boğulmursuzsa, “təcili yardım” sizə ümumiyyətlə gəlməyəcək.
Moskvada xəstəxanaya düşmək ancaq artıq çox gec olduğu halda mümkündür, o zaman da orada sizə çətin ki, artıq kömək edə bilərlər.
Pullu “təcili yardım” – 700 dollar
Ödənişli “təcili yardım” tez gələcək. Amma sizi ancaq aparıb çatdıra bilər, sizi qəbul etməyə razı olacaq xəstəxananı tapmaq isə öz boynunuzadır.
Biz də stasionar axtarışına başladıq. Bu, yəqin ki, məsələnin ən qəribə və qorxunc tərəfidir. Müxtəlif vəziyyətlərdən asılı olaraq danışıqların necə getdiyini və nə qədər baş həkimin xəstəxanada yer olmadığına dair and-aman etdiyini təfərrüatı ilə danışa bilmirəm.
Xəstəliyin doqquzuncu günü pullu “təcili yardım”, nəhayət, anamı Moskvanın COVID xəstələrinə uyğunlaşdırılmış stasionarlarından birinə çatdırdı,
Bunun üçün anam təxminən 700 dollar ödəməli oldu.
Nəticədə anam əla xəstəxanaya düşdü. Yalnız orada mənə etiraf etdi ki, “Artıq öləcəyimə əmin idim”.
Xəstəxana hekayələri
“Onlar venaları tapa bilirlər, baxmayaraq ki, əllərində qalın əlcək var! Onların eynəkləri tərləyir, amma iynə vura bilirlər! Qızıl insanlardır! Burada hətta heç kim kobudluq etmir!”, – anam palatadan xəbər verirdi.
Onun palata yoldaşları iki qadın idi – birinin təxminən 100 yaşı, digərinin 70 yaşı vardı.
İstənilən yerdə yoluxmaq mümkündür
Xəstəxanada anam hələ martın əvvəlindən özünütəcrid şəraitində yaşayan, amma bir ay sonra evdəcə nə cürsə xəstələnən çox sayda insanın hekayəsini eşidib.
Niyə? Cavab yoxdur. Axı mənim anam da evdən ancaq mağazaya və aptekə çıxırdı.
Epiloq əvəzi
Mayın 9-da anamı xəstəxanadan evə buraxdılar. Kompüter tomoqrafiyası vəziyyətinin yaxşılaşdığını göstərdi, testlərin nəticəsi mənfi, qan analizləri isə müsbət oldu.
İndi qarşıda reabilitasiya dövrü var. Vitaminlər, təmiz hava.
Mən qətiyyən yeganə həqiqi hekayənin bizimki kimi olduğuna iddialı deyiləm. Ola bilər ki, poliklinikadakı həkimlər kiminsə evinə gedir və kiminsə “Rospotrebnadzor”a zəngləri hər dəfə uğurla nəticələnir.
Mən möcüzə və alternativə yer verirəm. Amma onlara şübhə ilə yanaşıram.
Koronavirusun müalicəsi var. Yaşdan, ağırlıq səviyyəsindən, həkimlərin peşəkarlığından asılıdır.
Amma Moskvada əlavə iki şərt lazımdır: 1) sizin pulunuz olmalıdır, 2) sizin əlaqələriniz olmalıdır.
Bu, Rusiyada minlərlə insanın həyatı hesabına başa gələn şərtlərdir. Mən rusiyalı həmkarlarımın regionlardakı vəziyyətlə bağlı filmlərinə baxıram və sakitcə ağlayıram, sevinirəm ki, heç olmasa anamı virus Moskvada yaxalayıb. Bu, sanki Rusiyadan ayrı bir ölkədir, burada hər şey daha yaxşıdır.
Bütün bunları niyə danışıram? Mən istəyirəm ki, insanlar müalicə olunsunlar və onları müalicə etsinlər. Mənim anam xəstəxanaya düşəndən sonra sosial şəbəkələrdəki xüsusi qruplarda öz hekayəsini danışmağa başladı. Bu, heç olmasa xilas yolu olsun deyə.
Bəlkə də sistemi sındırmaq mümkün olmayacaq. Amma ayrı-ayrı insanları həmişə müalicə eləmək mümkündür. Anamla birlikdə kömək edirik ki, bu insanların sayı çox olsun.