Azərbaycanda yenidən evi tərk etmək üçün sms-icazə sistemi tətbiq olundu
14 dekabr 2020-ci il tarixindən 18 yanvar 2021-ci il tarixinə qədər Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar sərt karantin tədbirləri tətbiq olunacaq. Ölkə sakinlərinə əvvəlcədən sms-xəbərdarlıqla icazə aldıqdan sonra evlərini sutka ərzində yalnız 3 saat ərzində tərk etməyə icazə veriləcək.
- “Bizi acından ölməyə qoymayın” – transgenderlər Gürcüstan hökumətindən yardım istəyir
- Rusiya: kim və niyə 5G-dən qorxur?
Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah koronavirusun yayılması ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar karantin tədbirlərinin sərtləşdirilməsi haqqında qərarı dərc edib.
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir;
Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır.
Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir;
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılır;
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.
SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:
– təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
– ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır;
Sonuncu dəfə Azərbaycanda sms-icazə sistemi avqust ayının sonlarında ləğv edilmişdi.