Azərbaycanda karantin rejiminin pozulmasına görə 250 nəfərdən çox insan həbs edilib
Azərbaycanda ötən ay ərzində 252 nəfər karantin rejimini pozduğu üçün inzibati həbslə cəzalandırılıb, – “Report” məlumat verib. Daha 56871 nəfər cərimələnib. Əlavə 16 nəfər də cinayət məsuliyyətinə cəlb olunub.
Aprelin 17-i səhər saatlarına olan rəsmi məlumata əsasən, Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı 1238 nəfərə çatıb. Onlardan 15 nəfər ölüb. 460 nəfər sağalıb, 808 nəfər isə müalicə olunur.
Azərbaycanda hazırda gücləndirilmiş karantin rejimi elan olunub – metro, parklar, bağlar, demək olar ki, bütün kommersiya obyektləri, təşkilatlar və müəssisələr bağlıdır.
Küçəyə çıxmaq üçün ya iş yerindən arayış olmalıdır, ya da hakimiyyətdən sms-lə icazə almaq lazımdır. İcazə hər adama gündə bir dəfə iki saatlıq verilir. 65 yaşdan yuxarı insanlara isə evdən çıxmaq ümumiyyətlə qadağandır.
Həbs olunanlar arasında onlarla müxalifətçi və jurnalist də var. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Faiq Əmirli 30 sutka cəza alıb. Müxalifət və hüquq müdafiəçiləri hesab edirlər ki, bütün bu həbslər siyasi motivlidir və hakimiyyət vəziyyətdən öz məqsədləri üçün istifadə edir. Hakimiyyət isə müxalifətçilərin siyasi baxışlarına görə yox, əməllərinə görə cəzalandırıldıqlarını bildirir.
Azərbaycan xəstəxanasından hekayə: “Yaxşı ki, hər şeyi öz gözlərimlə gördüm”
Tbilisinin girişi hələ heç vaxt belə olmamışdı. Fotoreportaj
Karantin rejiminin pozulmasına görə minimum cərimə 100 manat [58 dollar] təşkil edir. Müqayisə üçün: ölkədə yaşayış minimumu 190 manatdır, dövlət hazırda baş verənlər üzündən işini itirən vətəndaşlara da eyni məbləğdə birdəfəlik kompensasiya nəzərdə tutub.
Sadə vətəndaşlar arasında çoxları hədsiz sərt hesab etdikləri cəza tədbirlərindən narazıdır.
Sosial şəbəkələrdən bəzi şərhlər:
“Mənasız qadağalar uydurublar, heç nəyi normal izah etmirlər, hamını da ucdan-tutma cərimələyirlər”;
“Heç olmasa, ilk dəfə üçün xəbərdarlıq edəydilər, yoxsa dərhal o boyda məbləğə cərimələyirlər”;
“Əlbəttə, bizim hesabımıza büdcəni doldurmaq üçün yeni vasitə tapıblar”.Hərçənd, bütün bu tədbirləri əsaslı və lazımlı hesab edənlər, “axı siz hər şeyin Avropada olduğu kimi olmasını istəyirdiz” deyənlər də var.