İctimai fəal Bəxtiyar Hacıyev həbs edilib
İctimai fəal Bəxtiyar Hacıyev həbsi
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev həbs edilib. Məhkəmə qərarı ilə onun haqqında açılmış cinayət işinin istintaq müddəqində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilməzinə hökm verilib. Məhkəmə iclasına buraxılmayan fəalın vəkili müdafiə tərəfinin apellyasiya şikayəti verəcəyini bildirib. İctimaiyyət nümayəndələri məhkəmənin bu qərarını siyasi sifariş hesab edirlər.
- İsveçdə Kadırova qarşı kampaniya aparan çeçen bloqer Tumso öldürülüb
- Bakıda dini hərəkatın iki üzvü yoxa çıxıb
- Mixail Saakaşvilinin səhhəti məhkəmədə onun xeyrinə arqumentə çevriləcəkmi?
Bakının Xətai Rayon Məhkəməsi dekabrın 9-da axşam saatlarında ictimai fəal Bəxtiyar Hacıyev haqqında 1 ay 20 sutka müddətinə həbs qərarı verib. Bu barədə jurnalistlərə onun vəkili Aqil Layıc məlumat verib. Vəkilin özü də məhkəmə zalına buraxılmayıb.
Fəal Azərbaycan Cinayət Məcəlləsinin “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” maddələri ilə ittiham olunur. Onu 3 ilə qədər həbs cəzası gözləyir.
Məhkəmədə çıxış edən Hacıyev ittihamları rədd edərək bildirib ki, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.
Müdafiə tərəfi məhkəmənin qərarı ilə razılaşmır və həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.
Hacıyev nədə günahlandırılır?
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlı xuliqanlıqda ittiham olunur. Hacıyevlə Alovlu arasında çoxdan münaqişə var və onlar qarşılıqlı olaraq bir-birini böhtanda ittiham ediblər. Məhkəmələrin birində onların arasında sözlü atışma başlayıb və davaya çevrilib. Bundan sonra Hacıyev haqqında cinayət təhqiqatı başlayıb – “Turan”ın məlumatında belə deyilir.
Alovlu ilə münaqişə pişik balalarına görə başlayıb. Belə ki, tərəflərdən birinin pişiyinin balalarını digərinə vermək istəmədiyinə görə jurnalistlə fəal arasında dava düşüb. Məişət mübahisəsi qarşılıqlı ittihamlar və məhkəmə çəkişmələri ilə nəticələnib.
Bəxtiyar Hacıyev dəfələrlə bəyan edib ki, hakimiyyət onun tənqidinin qisasını almaq üçün bu faktdan istifadə edir.
Bəxtiyar Hacıyev kimdir?
40 yaşlı Bəxtiyar Hacıyev ABŞ-ın Harvard Universitetində magistr dərəcəsi alıb. O, Azərbaycan hakimiyyətinin siyasətinin kəskin tənqidçisi kimi tanınır.
Dəfələrlə saxlanılıb, repressiyalara məruz qalıb. 2011-ci ildə hərbi xidmətdən yayınma ittihamı ilə azadlıqdan məhrum edilib. Hacıyev siyasi məhbus kimi tanınıb.
2022-ci ilin avqustunda o, hüquqlarının pozulmasına görə Azərbaycan vətəndaşlığından imtina haqda prezident administrasiyasına ərizə təqdim edib.
Şərhlər
Bəxtiyar Hacıyevin həbsi sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox müzakirə olunan mövzu olub.
Keçmiş siyasi məhbus Əfqan Muxtarlı yazır:
“Bəxtiyar Hacıyevin həbsinin sifarişçisi şübhəsiz İlham Əliyevdir. Tam olaraq boşaldılmış məhkəmə binasına fasilədən sonra vəkili Aqil Layıcı da buraxmayıblar. Bəxtiyar müdafiə huququndan məhrum edilib. Qanunsuzluq bu səviyyədədirsə sifarişçinin İlham Əliyevin olmasına şübhə yeri qalmır. Postputin dönəminə hazırlaşan İlham Əliyev “avtobusa minməyən” hər kəsi belə zərərsizləşdirmək qərarına gəlib.
Bu həbs cox ciddi beynəlxalq təpkiyə səbəb olacaq. Bəxtiyar Avropa Birliyində, Avropa Şurası və digər beynəlxalq təşkilatlarda nüfuzu olan şəxsdir. AŞ və AB-də Azərbaycan barədə cox ciddi qərarların qəbul ediləcəyinə zərrə qədər şübhə etmirəm”.
Siyasi icmalçı Şahin Cəfərli də Facebook səhifəsində məsələylə bağlı fikrini paylaşıb:
“Bəxtiyar Hacıyev kimi tanınmış aktivisti həbs edənlər Azərbaycanda insan hüquq və azadlıqları sahəsində ciddi problemlərin olduğunu dünyaya car çəkmiş olurlar.
Bu həbsin Qarabağın Rusiyanın nəzarətindəki hissəsində Azərbaycanın dövlət hakimiyyətinin və suverenliyinin təmin olunması yolunda kiçik də olsa, əlavə problem yaratmaq kimi uzağa gedən nəticələri ola bilər. Çünki “biz digər Azərbaycan vətəndaşları kimi, Qarabağdakı erməni vətəndaşlarımızın da hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırıq” deyə ən yüksək səviyyədə ifadə olunan mövqeyi boşa çıxarır və qarşı tərəfin “azərbaycanlıların hüquqlarını təmin etməyən hökumətin bizə bu hüquqları verəcəyinə necə inanaq?” arqumentinə (yaxud bəhanəsinə) sığınmasına əsas yaradır.
Bu fikrə qatılmayanlar və məsələni çox şişirtdiyimi düşünənlər ola bilər. Tamam. Amma həbsin siyasi motivli və qanunsuz olduğu şübhəsizdir və sırf bu səbəbdən Bəxtiyar bəy dərhal azadlığa buraxılmalıdır!”
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube