Heyvan haqları müdafiəçiləri “prezidentin sahibsiz it sığınacağına" qarşı: polis Bakıda aksiyanı dağıdıb
Paylaşmaq
Paylaşmaq
Polis bir qrup heyvan haqları müdafiəçisinə “Toplan” sahibsiz itlərə qayğı mərkəzinə qarşı etiraz aksiyası keçirməyə imkan verməyib. Bir neçə nəfər saxlanılıb.
“Toplan” mərkəzi 2019-cu ilin fevralında yaradılıb. Layihə Heydər Əliyev Fondu və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yaradılıb, təşəbbüskarı isə fondun vitse-prezidenti və ölkə prezidentinin qızı Leyla Əliyeva olub.
Bu, şəhərdə sahibsiz itlərin qətliamı ətrafında uzun sürən qalmaqala bir növ hakimiyyətin reaksiyası idi. Amma bir çox yerli heyvan haqları müdafiəçisinin fikrincə, “Toplan” əməkdaşları küçə itlərini xilas etmək əvəzinə özləri onları öldürürlər. Buna görə də itləri müdafiə edənlər artıq çoxdandır ki, “Toplan”a qarşı soyuq müharibə aparır və bu müharibə zaman-zaman hazırkı aksiya kimi aktiv fazaya keçir.
Aksiyaya 20 nəfərə qədər insan toplaşıb. Bakının mərkəzində yerləşən Heydər Əliyev Fondunun binası qarşısına gələrək onlar prezidentə müraciətlərini oxumağa başlayıblar və “Toplan”ın fəaliyyətini nəzarət altına almağı tələb ediblər. Etirazçılar şüarlarını səsləndirməyə başlayan kimi polis bir neçə nəfəri saxlayıb. Qalan iştirakçılar müraciəti oxuyub sona çatdıra biliblər. Bundan sonra onlar dağılışıblar.