Heydər Əliyevin ad günü artıq Azərbaycanda ümumxalq bayram kimi qeyd olunmur. Niyə?
Mayın 10-u keçmiş prezident, hazırkı prezidentin atası Heydər Əliyevin 95 yaşı tamam olmalı idi. 2000-ci ildən başlayaraq, onun ad günü şərəfinə Bakıda qeyri-rəsmi təmtəraqlı Gül bayramı qeyd olunurdu. Bakının mərkəzində Heydər Əliyev heykəlinin qarşısında ekzotik güllərdən hazırlanan kompozisiyalar düzülür, axşamlar isə atəşfəşanlıq olurdu. Güllər Avropadan tonlarla gətirilirdi, bayramın büdcəsi isə milyonlarla dollar təşkil edirdi.
2016-cı ildən başlayaraq artıq üçüncü ildir ki, bu günü çox təmkinlə qeyd edirlər. Bu il 2017-ci ildəki kimi heç kütləvi iməclik də olmadı: prezident və birinci xanım şəhər kənarında yol boyu fidan əkib, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etməklə kifayətləniblər. Mediada əvvəlki illərdən fərqli olaraq daha “Gül bayramı” adından istifadə olunmur. “Mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin istiqaməti bir qədər dəyişdiriləcək”, – ötən gün APA agentliyi məlumat verib.
Bayramın ləğvi ilə bağlı heç bir rəsmi açıqlama olmayıb. Azərbaycanın sosial şəbəkə istifadəçiləri arasında səbəblərlə bağlı bir neçə ehtimal mövcuddur:
- ilk dəfə bayram 2016-cı ildə, Qarabağda vəziyyətin gərginləşməsindən sonra, həlak olan əsgərlərin xatirəsinə hörmət əlaməti olaraq təxirə salınmışdı və bir daha qeyd olunmadı.
- hakimiyyət sosial şəbəkələrə qulaq verib. Gül bayramı ən başdan bahalı hesab olunurdu, istifadəçilər gah manatın dəyərdən düşməsi, gah pensiyaların azlığı, gah da Qarabağ müharibəsi veteranlarının acınacaqlı vəziyyəti ilə bağlı narazılıq edirdilər. Xüsusən də 2009-cu ildə Bakı Neft Akademiyasında 12 nəfərin həlak olması ilə nəticələnən terror aktı baş verən zaman. Bu, aprelin 30-da bayram ərəfəsində baş vermişdi və polis tələbələrə küçədə, akademiya qarşısında matəm mərasimi keçirməyə imkan verməmişdi. Bu zaman küçə nümayişi də baş vermişdi.
- sadəcə büdcədə yetəri qədər vəsait yoxdur.
- hakimiyyət istəyir ki, heykəl üzərində qrafiti hadisəsi unudulsun. İki il əvvəl Nida Gənclər Hərəkatının fəalı Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra narkotik satışı ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
- Amnesty International Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu olaraq tanıyıb.
Heydər Əliyev 1993-cü ildən 2003-cü ilə, ölümünə qədər Azərbaycan prezidenti olub. Ondan sonra isə prezident kürsüsünə onun oğlu keçib.