Hərbi əməliyyatların qızışması ilə əlaqədar Poroşenko Almaniya səfərini yarıda kəsib
Ukrayna prezidenti Pyotr Poroşenko münaqişə zonasında vəziyyət kəskinləşdiyi üçün Almaniyaya rəsmi səfərini yarıda kəsməli olub.
Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib ki, son günlər silahlılar tərəfindən atəşə tutulan Donetsk yaxınlığındakı Avdeyevka şəhərində humanitar fəlakətin qarşısını almaq üçün hökumətin gördüyü tədbirləri koordinasiya etmək üçün Poroşenko Kiyevə qayıtmaq qərarı alıb.
Dövlət başçısı hökumətə tapşırıb ki, yerlərdə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) qərargahları və əhali üçün isinmə məntəqələri qurulsun, sosial obyektlər alternativ mənbələrdən enerji ilə təmin olunsun. Poroşenko həmçinin öz administrasiyasına Üçtərəfli Əlaqə Qrupunun iclasını təşkil etmək göstərişi verib.
Terror Əleyhinə Əməliyyat qərargahının mətbuat mərkəzinin məlumatına görə, ötən gecə Avdeyevkanın ətrafı yenə də “Qrad” raket sistemləri ilə atəşə tutulub. Atışma nəticəsində Avdeyevka elektrik enerjisiz və istiliksiz qalıb.
Yanvarın 30-da bütün gün ərzində silahlı qruplaşmalar cəbhə xəttinin bir neçə hissəsində Ukrayna mövqelərini ağır artilleriyadan, minaatanlardan və tanklardan atəşə tutublar. Üç nəfər Ukrayna hərbçisi həlak olub, iyirmi nəfər yaralanıb. Avdeyevkada bir nəfər dinc sakin yaralanıb.
Tanınmamış Donetsk Xalq Respublikasında (DXP) isə öz növbəsində vəziyyətin kəskinləşməsində Ukraynanı ittiham edirlər. DXR-də bildirirlər ki, atışma nəticəsində Makeyevkada bir nəfər dinc sakin həlak olub və Yasinovataya şəhəri tamamilə elektriksiz qalıb.
Artıq xəbər verildiyi kimi yanvarın 29-u səhər rusiyapərəst silahlı qruplaşmalar Avdeyevka sənaye zonasına hücum edib, hər iki tərəf itkilər verib.
Ukrayna Xarici İşlər naziri Pavel Klimkin bildirib ki, Poroşenko Ukrayna diplomatlarına Avdeyevkadakı fövqəladə vəziyyət barədə BMT Təhlükəsizlik Şurasını və ATƏT-i məlumatlandırmağı tapşırıb. Ukrayna XİN Donbasda vəziyyətin kəskinləşməsində Rusiyanı günahlandırıb və Moskvadan hərbi əməliyyatlara son verib, atəşkəsə mütləq şəkildə əməl etməyi tələb edib.
BMT-nin məlumatına görə, Ukraynanın şərqində 2014-cü ilin yazından 2016-cı ilin sentyabrına qədər hərbi əməliyyatlar nəticəsində 9,5 min nəfərə yaxın insan həlak olub. Hazırda münaqişə zonasında Minsk razılaşmalarına əsasən atəşkəs hökm sürür. Bu razılaşmalar həmçinin tərəflərin cəbhə xəttində ağır silahlar saxlamasını məhdudlaşdırır. Rusiya bu günə qədər münaqişədə iştirakını inkar edir.