Polis reydləri, aqressiya və depressiya – Azərbaycanda “həftəsonu karantini” necə keçdi?
8 iyun səhəri Bakının yaşayış komplekslərindən birinə polis hücumu ilə başlayıb. İnsanlara əyinlərin geyinməyə belə imkan vermədən qollarını buraraq evlərindən çıxarıblar. Bundan bir gün əvvəl həmin bu binanın sakinləri karantin qaydalarını pozan bir nəfəri zorakılıqla saxladığı zaman balkonlardan polisin başına zibil atmışdılar.
Azərbaycanda “həftəsonu karantinin” nəticəsi belə olub. Şənbə və bazar (6-7 iyun) böyük şəhərlərin sakinlərinə istənilən səbəblə evdən çıxmaq tam qadağan edilib, bütün mağazalar, hətta apteklər də bağlanıb. Hakimiyyət bu yolla COVID-19 virusuna yoluxma hallarının azaltmaq istəyir. Eksperiment baş tutmayıb. Polis özbaşınalığı fonunda insanların evlərə qapadılması aqressiya, depressiya və təşviş doğurub.
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 7 553 koronavirusa yoluxma halı baş verib. 4 149 nəfər sağalıb, 88 nəfər ölüb, 3 316 nəfərin müalicəsi davam edir.
Bir neçə böyük şəhərin və bütünlüklə Abşeron yarımadasının sakinləri iki gün ərzində evdən hətta zibil atmaq və ya itini gəzdirmək, dərman almaq üçün belə evdən çıxa bilməyib. Boş məhəllələrdə polis maşınları dolaşır və qayda pozucularını saxlayırdı və çox vaxt onlarla təhlükəli cinayətkar kimi davranırdı. Üstəlik təcili yardım müxtəlif səbəblərlə çağırışa gəlməkdən imtina edirdi.
- “Həftəsonu karantini” zamanı Bakı necə görünürdü?
- Koronavirus və qanun: Azərbaycan karantininin hüquqi tərəfləri
- Transgendərə sığınacaq verən kilsə. Gürcüstandan video
İki gün boyunca sosial şəbəkə istifadəçiləri polislərin kimisə qovduğunu əks etdirən videolar paylaşıblar. Axşama yaxın bəziləri hava almaq üçün binalarının damına çıxıblar, hətta həyətə düşməyə risk edənlər də olub. Bu iki gün çox gərgin keçib.
İyunun 8-də hər şey sanki öz axarına qayıdıb – nəqliyyat işə düşüb, bütün mağazalar, kafe və restoranlar açılıb, insanlar işə gediblər.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək “göstərdikləri anlayış və tələblərə əməl etdikləri” üçün minnətdarlığını bildirib.
Amma sosial şəbəkələrdə yazılanları nəzərə alsaq, vətəndaşların özləri ötən günün hadisələrinin gərginliyindən hələ çıxa bilməyiblər. “Üsyankar” binanın sakinlərinin saxlanılma kadrları isə çoxlarını ümumiyyətlə sarsıdıb.
Nəticədə 11 nəfər saxlanılıb. Onlara qarşı hələlik hansı ittihamın irəli sürüldüyü açıqlanmayıb.
“Polisin Yasamaldakı yaşayış binasına bu günkü kütləvi və qanunsuz soxulmasını təşkil edənlərin hamısını ya dövlət özü dərhal cəzalandırmalıdır ya da onların hamısı Maqnistki Aktına məruz qoyulmalıdır! Uzun müddət mövcud olmuş sosial kontrakt (neft gəlirlərinin pis-yaxşı bölüşdürülməsi əvəzində insan haqlarının məhdudlaşdırılması) artıq dağılır və ölkə sırf polis dövlətinə çevrilmək riskini yaşamaqdadır”, – müxalif Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov hesab edir.
Amma polisləri müdafiə edənlər də tapılıb:
“Qaydalara əməl edəni heç kim evindən çıxarıb aparmır.
Polisə güya xoşdumu 35 dərəcə istinin altında istirahət günü xidmət çəksin. Onlar öz vəzifələrini icra edirlər. Və vəzifə başında olanın-kimliyindən asılı olmayaraq-başına zibil tökmək, tərbiyəsizlikdi…ən azı….”, – jurnalist Səbuhi Məmmədli yazıb.