Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də baş tutacaq
Gürcüstan prezidenti Salome Zurabişvili bazar ertəsi respublikada növbəti parlament seçkilərinin oktyabrın 31-də keçirilməsi haqda fərman imzalayıb.
“Bu seçki xüsusi əhəmiyyət daşıyır. Biz bir daha ölkəmizin demokratikliyini təsdiq edəcəyik”, – Zurabişvili xüsusi müraciətində bildirib, eyni zamanda pandemiya dövründəki çətinliklər haqda xatırladıb.
Nəzərdə tutulan parlament seçkiləri yeni seçki sistemi ilə keçiriləcək və müvafiq olaraq 120 deputat partiya siyahıları üzrə, 30-u isə majoritar dairələrdən seçiləcəklər. Seçkilərdə qələbə qazanan partiya hökumət formalaşdırmaq üçün seçkidə iştirak edən seçicilərin ən azı 40 faizinin səsini toplamalıdır.