“Biz getməyəcəyik” – müxalifət Tbilisinin mərkəzini iflic edib. Tələb yeni parlament seçkiləridir
Gürcüstanda müqavimət hərəkatı başlayıb
“Gürcüstanda müqavimət hərəkatı başlayıb, irəli getməyin vaxtıdır”, – “Dəyişikliklər naminə Koalisiya”nın liderlərindən biri Nika Qvaramiya noyabrın 17-də axşam saatlarında Tbilisidə parlamentin qarşısında keçirilən mitinqdə birləşmiş müxalifətin permanent, gecə-gündüz etirazlar haqda yeni qərarını elan edərkən belə deyib.
Müxalifət və cəmiyyətin əksər hissəsi oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını, parlamentin qeyri-legitim olduğunu, yeni seçkilərin təşkil edilməli olduğunu bildirir. Bunu Gürcüstanın Qərb tərəfdaş ölkələrinin bir çox rəhbərləri də bildiriblər.
Axşam saat 22.00-a qədər parlamentin yaxınlığında toplaşan minlərlə insan müxalifətin təklifi ilə minlərlə etirazçının artıq çadırlar qurmağa başladığı Tbilisi Dövlət Universitetinin birinci korpusuna tərəf gedib.
Əvvəlcə Tbilisinin mərkəzində əsas nəqliyyat qovşaqlarından biri olan universitetin yaxınlığındakı Varazixevi küçəsi bağlanıb. Axşam saat doqquza yaxın Tbilisinin bütün mərkəzi tamamilə iflic olub, Melikişvili küçəsi və Çavçavadze prospektində də nəqliyyatın hərəkəti dayandırılıb.
“Bəsdir şüarlar səsləndirərək şəhərdə gəzdik və yürüş etdik. Vətənimizi geri alırıq! Bütün şəhəri bağlayacağıq. Artıq vaxtımız yoxdur. Biz seçkilərdə ən çox səsi [müxalifətə] verən insanların məsuliyyətini öz üzərimizə götürürük. Hansılar ki, Avropaya getməyimizə səs vermişdilər.
Bəli, biz Avropaya gedirik! İnsanlara problem yaratdığımıza görə çox təəssüflənirik, amma biz artıq buradayıq və burada qalacağıq. Bu yollarda nəqliyyatın hərəkəti olmayacaq. Yavaş-yavaş, lakin məqsədyönlü və sistemli şəkildə ölkəmizi sülh yolu ilə geri alacağıq. Bu ölkə bizimdir”, – Nika Qvaramiya bildirib.
“Dəyişikliklər naminə Koalisiya”nın bəyanatlarına digər müxalifət partiyaları da qoşulub. Milli Hərəkat liderləri də tərəfdarlarını küçələrə çıxmağa çağırıblar.
Milli Hərəkatın lideri Sofo Caparidze mitinqdə deyib: “Biz yekun qələbəyə qədər burada dayanacağıq”.
“Dəyişikliklər naminə Koalisiya”nın digər lideri Elene Xoştaria deyir ki, “bu gün Gürcüstanda dinc müqavimət hərəkatı başlayıb”.
“Biz 24 saat burada olacağıq, bütün gələcək planlar barədə sizə məlumat verəcəyik. Bu isə yeni və ədalətli seçkilər keçirilənə qədər davam edəcək. Gürcüstan xalqının layiq olduğu seçkilər. Bu, planlaşdırılmış prosesdir”, – Elene Xoştaria bildirib.
Müxalifət bildirib ki, daimi müqavimətin başlanğıcı kortəbii qərar deyil, məqsədyönlü hərəkətdir.
“Biz buna hazırıq. Biz qeyri-zorakı etirazın yeni mərhələsinə keçirik”, – “Dəyişikliklər naminə Koalisiya”nın digər lideri Nika Melia bildirib.
Müxalifət liderləri bildirirlər ki, Tbilisi Dövlət Universitetinin yaxınlığında insanların gecə-gündüz növbə çəkdiyi çadırlar yeganə etiraz yeri olmayacaq.
“Kulminasiya nöqtəsi noyabrın 25-də, bu qeyri-legitim parlamentin ilk iclasının çağırılacağı vaxt olacaq. Bu, çox vacib bir gün olacaq. Parlamentdə çoxumuz olacağıq. Müqavimətin yeganə qüvvəsi xalqdır, insanlar isə [siyasi problemin] yeganə dərmanıdır”, – müxalifət liderlərindən biri Gigi Uqulava “Formula” televiziya kanalına deyib.
“Noyabrın 25-i bu [rejimin] sonu, sonu olmasa da, sonun başlanğıcı olmalıdır. Dekabr çox əhəmiyyətli olacaq. Biz əsgərlər kimi bir yerdə olmalıyıq. Yeni ildə Rusiya rejimi bu ölkədə artıq mövcud olmamalıdır”, – Uqulava bildirib.
Parlament qarşısında etiraz aksiyası və tələbə manifestosu
Universitetin divarları yaxınlığında çadırların qurulmasına paralel olaraq parlament binası yaxınlığında minlərlə insanın etiraz aksiyası davam edib. Onu “Səsini Qaytar” ictimai hərəkatı təşkil edib.
Mitinqdə oktyabrın 26-da keçirilmiş seçkilərlə bağlı seçki prosesini müşahidə edən şəxslər çıxış ediblər. Onlar şahidi olduqları qanun pozuntularından danışıblar.
Mitinqə “Saxta seçkilərə yox deyin və səsinizi geri alın” şüarı ilə çıxış edən minlərlə tələbə koloniyası da qatılıb.
Tələbələr birgə manifest oxuyub, 26 oktyabr seçkiləri nəticəsində formalaşmış parlamentin legitimliyini tanımadıqlarını bəyan ediblər və geniş ictimai etiraza qoşulublar.
“Hakim “Gürcü Arzusu” tərəfindən seçkiləri sistemli şəkildə saxtalaşdırması demokratiya prinsiplərinə ziddir və dövlətin konstitusiyasına, maraqlarına və beynəlxalq nüfuzuna ciddi zərbə vurur.
Tarixi seçim edildi. Gürcüstan həmişə Avropanı, tərəqqi və inkişafı seçib, indi də seçir. Biz etirazın bütün qeyri-zorakı formalarını dəstəkləyəcəyik və bütün tələbələri bizə qoşulmağa çağıracağıq”, – manifestdə deyilir.
Manifesti Gürcüstanın ən nüfuzlu 13 ali təhsil müəssisəsinin: İliya Universiteti, Tbilisi Dövlət Tibb Universiteti, Tbilisi Dövlət Universiteti, Aqrar Universiteti, Azad Universitet, Beynəlxalq Qara Dəniz Universiteti, Qafqaz Universiteti, GIPA, Biznes və Texnologiya Universiteti, Gürcüstan Universiteti, Kutaisi Beynəlxalq Universiteti və Gürcüstan Texniki Universitetinin tələbələri imzalayıblar.
Facebook-dakı დაიტოვე qrupunun (“Bizdə qal” deməkdir) üzvləri prosesdə fəal iştirak edirlər. Qrup 2024-cü ilin yazında minlərlə insanın “xarici agentlər haqqında” qanuna etiraz etdiyi zaman yaradılıb. 200 minə yaxın üzvü bölgələrdən gələn etirazçılara mənzillərində gecələmək və digər yardımlar təklif edib.
Hazırda qrupda Tbilisililərin etirazçılara ədyal, yemək və isti içki gətirməsi ilə bağlı minlərlə mesaj var.