Yenə də axşam 10-dan sonra küçəyə çıxmaq olmaz – Gürcüstanın böyük şəhərlərində karantin
Gürcüstanda koronavirusa yoluxanların kəskin artması səbəbilə 9 noyabr, bazar ertəsi saat 22:00-dan səhər saat 5-ə qədər hərəkət məhdusiyyəti tətbiq edilir.
Bu vaxt paytaxt Tbilisi və Gürcüstanın daha altı şəhərində: Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Potidə nə piyada, nə də maşınla hərəkət etməyə icazə verilmir.
Bu tələbin pozulmasına görə cərimə iki min lari [təxminən 615 dollar] təşkil edir.
Noyabrın 7-də Gürcüstanda növbəti anti-rekord qeydə alınıb – koronavirusa 2859 yeni yoluxma halı. Pandemiya başlayandan 54852 nəfər xəstələnib, onlardan 441 nəfər ölüb, 39773 nəfər sağalıb.
Məhdudiyyət beynəlxalq avtomobil daşımalarına və işi ilə bağlı xüsusi icazəsi olan şəxslərə: strateji obyektlərin əməkdaşlarına, səhiyyə və əczaçılıq obyektlərinin işçilərinə, media və çatdırma xidmətləri əməkdaşlarına şamil edilməyəcək.
Bu haqda Gürcüstanın baş nazirinin müavini Maya Tskitişvili bildirib və vurğulayıb ki, hərəkətin məhdudlaşdırılması “komendant saatı” deyil.
- Gürcüstanın baş naziri: etirazlar ölkədə koronavirusun pikini sürətləndirəcək
- Gürcüstanda küçədə maska taxmaq məcburidir. Ünummilli karantin olmayacaq
Eyni şəhərlərdə bütün uşaq bağçaları müvəqqəti bağlanır.
Şəhər nəqliyyatında sərnişinlərin sayının azaldılması üçün də tədbirlər görüləcək.
Yalnız ağır xəstələr xəstəxanaya yerləşdirilir
Maya Tskitişvili onu da bildirib ki, yalnız ağır vəziyyətdə olan xəstələrin xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib, koronavirusa yüngül yoluxma hallarında insanlar evdə müalicə olunacaqlar.
Bu yolla hakimiyyət artıq dolu olan xəstəxanaların yükünü azaltmağa ümid edir.