Gürcüstan parlamenti 20 iyun iğtişaşlarının törədilməsinə görə müxalifətçi deputatın həbsinə səs verib
Gürcüstan parlamenti plenar iclasda 91 “lehinə” səslə müxalif “Milli hərəkat”ın deputatı Nika Meliyanın üzərindən toxunulmazlığın götürülməsini dəstəklədi. Parlament prokurorluğun sorğusunu təmin edərək, onun həbsi ilə bağlı məhkəməyə müraciət etməyə razılıq verib.
Müxalifətdən iclasda ancaq Meliyanın özü iştirak edib — qalan deputatlar iclası boykot edib.
Bundan əvvəl Gürcüstan parlamentinin prosedur və hüquqi məsələlər üzrə komitələri uzun sürən və qızğın müzakirələrdən sonra müxalifətçi deputat Nika Meliyanın üzərindən toxunulmazlığın götürülməsi ilə bağlı sorğunu dəstəklədi.
Bu məsələ səhər erkəndən prokurorluğun müraciəti əsasında müzakirə olunub. Meliya 20-21 iyun tarixlərində Gürcüstan parlamenti qarşısında qrup şəkilli zorakı əməllərin təşkili, idarəsi və iştirakında ittiham olunur. O vaxt parlamentin həyətinə soxulmağa cəhd göstərən nümayişçilərin bir hissəsi binaya girişi mühafizə edən polislə dava etdi. Nəticədə mitinq qəddarcasına dağıdıldı, 200 nəfərdən çox travma və zədə aldı.
Nika Meliyaya qarşı irəli sürülən ittihamlar sübuta yetirilsə onu altı ildən doqquz ilə qədər həbs cəzası gözləyir.
Səhər Nika Meliya ittihamın irəli sürülməsi üçün dəvət olunduğu baş prokurorluğa gəlmədi. Deputatların qərarını o, ali qanunverici orqanın binasında gözləyirdi.
• Gürcüstanda siyasi böhran. Oluqarxa daxildən və xaricdən zərbələr
Prokurorluğun dəlilləri
Meliya iyunun 20-də dinc aksiya iştirakçılarını polis işçilərinə hücuma təhrik etməkdə günahlandırılır, prokuror Amiran Quluaşvili prosedur ə hüquqi məsələlər üzrə komitələrin birgə iclasında bildirib.
“Meliya ictimai təhlükəsizlik və asayişə qarşı qanunazidd hərəkətlərdə ittiham olunur, bu da ağır cinayətlər sırasına daxil edilir və qüvvədə olan qanunvericiliyə əsasən, qeyd-şərtsiz uzun müddətli həbslə cəzalandırılır”, — deyə prokuror bildirib. Deməli onun sözlərinə görə, Meliya gizlənməyə və ya şahidlərə təsir etməyə çalışacaq.
Nika Meliyanın vəkili Giorgi Kandaxişvili də öz növbəsində bildirib ki, ona müdafiə etdiyi şəxsin günahının sübutları göstərilməyib və ittihamların nəyə əsaslandığı bəlli deyil.
“Güman edilir ki, söhbət açıq bəyanatlardan gedə bilər, burada Nika Meliya parlament həyətində əllərini yuxarı qaldıraraq, dinc, konstruktiv etirazı davam etdirməyə çağırıb. Bir hüquqşünas kimi deyə bilərəm ki, bu hərəkətlərdə Cinayət Məcəlləsinin 225-ci maddəsinin pozuntusu yoxdur. Bu, hüquqi absurddur. Nika Meliyanın özü Gürcüstan parlamentindədir, gizlənməyə hazırlaşmır! Məhkəmə qarşısına çıxmağa hazırdır… Həbslə bağlı qərar qəbul olunarsa, bundan da qorxmur”, — vəkil Giorgi Kondaxişvili bildirib.
Müxalifətin reaksiyası və “yalançı şahidlər”
“Siz mitinq iştirakçılarının əsas tələbini müzakirə etməkdən boyun qaçırırsız. Ondan fikri yayındırmağa çalışır, siyasi opponentin həbsi barədə söhbət etməyi təklif edirsiz”, — komitələrin birgə iclasında müxalif “Avropa Gürcüstanı”nın üzvü İrakli Abesadze parlament çoxluğuna müraciət edərək deyib. O, baş prokurorluğun nümayəndəsinə Daxili İşlər Nazirliyinin rəhbərlərinə qarşı cinayət işi açılıbmı — sualı ilə müraciət edib.
“İş görürük ki, quraşdırılıb, bizə bir dənə də olsun əsaslı sübut gətirilməyib, prokurorluğun ittihamları da ancaq şahidlərin ifadələrinə əsaslanır, biz aydınlaşdırmışıq ki, onların əksəriyyəti “Gürcü arzusu”nun fəalları, provokatorlardı. Sosial şəbəkələrdə onların polis işçiləri ilə birgə şəkillərini tapmaq mümkündür… Bu adamlar Qaxariyanı (daxili işlər nazirini) tərifləyir, yazırlar ki, Qaxariya qəhrəmandır… Bu cür şahidlərin istifadəsi cinayətdir. Hamınız vaxtı gələndə həbsə düşəcəksiz”, — “Milli hərəkat”dan olan deputat Roman Qotsiridze deyib.
Parlamentin iclası ilə yanaşı binanın qarşısında Nika Meliyanın hakimiyyət tərəfindən planlaşdırılan həbsinə qarşı aksiya keçirilir.
Tbilisidə artıq yeddinci gündür ki, daxili işlər naziri Giorgi Qaxariyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir, aksiya iştirakçılarının fikrincə, o, 20-21 iyun hadisələrinə görə məsuliyyət daşımalıdır.