Gürcü ekspertlərinin fikir və qiymətləri " />

Tbilisidə etiraz aksiyasını dağıdıblar və növbətini dağıtmağa hazırlaşırlar. Bunlar nə deməkdir və nələr gözlənilir?

Gürcü ekspertlərinin fikir və qiymətləri

Tbilisidə daxili siyasi böhrandır.

İyunun 21-də səhərə yaxın polisin xüsusi təyinatlıları Gürcüstan parlamenti qarşısında axşam saat yeddidən növbəti günün axşamına qədər davam edən etiraz aksiyasını dağıdıb. Jurnalistlərin məlumatına  görə, küçələrə azı 30 min adam çıxıb, onlar DİN və Dövlət Təhlükəsizliyi Xidməti başçılarının, həm də baş nazir və spikerin istefasını tələb ediblər.

Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edəndən sonra yüzdən çox adam zərər çəkib.

İyunun 21-də gündüz Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verdiyini bildirib.  

İyunun 21-i axşama aşağıdakı tələblərlə yeni etiraz aksilayarı baş tutacaq:

1.Daxili işlər naziri Giorgi Qaxariyanın istefasını.

2.Cəmiyyətin böyük hissəsi hesab edir ki, məhz onun göstərişi ilə polis mitinq iştirakçılarına qarşı vəziyyətə uyğun olmayan güc tətbiq edib.

3.Parlamentin buraxılması və proporsional sistem üzrə növbədənkənar seçkilərin keçirilməsini.

Etiraz çoxdan yetişsə və cəmiyyətdə hakim “Gürcü arzusu” partiyası və şəxsən lideri, milyardçı Bidzina İvanişvilinin siyasətindən dərin narazılığı ilə bağlı olsa da küçə aksiyalarına bilavasitə səbəb Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov oldu.   

Tbilisidə iyunun 19-da Parlamentləarası Pravoslav Assambleyası açılmalı idi. Niyəsə onun açılması hüququ rusiyalı deputat Qavrilova verilib. Və niyəsə o, iclası Gürcüstan parlamenti sədrinin kreslosunda oturaraq, açıb. İclas zalını bundan hiddətlənən parlament müxalifəti tərk edib. Hakimiyyət bildirib ki, Qavrilovun gürcü spikerinin kreslosunda oturması “protokol səhvidir” – amma Tbilisi küçələrinə minlərlə adam çıxıb.  

Daxili siyası böhrana səbəb nə olub? Kim məsuliyyət daşımalıdır və çıxış yolu nədədir? Hakim “Gürcü arzusu” üçün ən ağır gecədən sonra ekspert şərhi.

“Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutu”nun sədri Giya Nodiya:

“Əsası odur ki, hakimiyyət proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinə razı olmalıdır.

Hakimiyyət artıq iki dəfə boğazına bıçaq dirəyib: Qavrilovu spiker kreslosunu tutmağa dəvət edib, sonra da etiraz aksiyasını dağıdıb.  

Düzdür, hakimiyyətin aksiyanı dağıtmasına səbəbi olub. Düzdür, “Milli hərəkat”ın liderlərindən biri olan Nika Meliyanın parlamenti ələ keçirməklə bağlı çağırışı tamamilə məsuliyyətsiz olub və buna bəraət qazandırmaq mümkün deyil.  Polisə hücum yolverilməzdir.

Amma hakimiyyət bir neçə amili nəzərə almalıdır:

7 noyabr 2007-ci il, xüsusən də 26 may 2011-ci il aksiyalarının dağıdılması üçün o vaxtkı hakimiyyətin tamamilə qanuni səbəbi olub. Amma o, buna görə ciddi siyasi bədəl ödəməli olub.

İndiki hakimiyyətin spikeri, onun tərəfdarları həmin hadisələri bağışlanmaz cinayət adlandırır. İndi isə özləri daha betər hərəkət ediblər.

Bu halda dağıdılma prosesinin özü bir tərəfdən qeyri-peşəkar olub, digər tərəfdən bağışlanmaz şəkildə amansız olub. Rezin güllələrin istifadəsinə ancaq onunla bəraət qazandırmaq olar ki, onlar əsl güllələrdən daha az təhlükəlidir. Amma onlardan parlament binasına heç bir hücum təhlükəsi olmayanda istifadə edilib. Rezin güllələri küçələrdə və parklarda insanlara vururdular. Buna heç nə ilə bəraət qazandırmaq mümkün deyil.

Hakimiyyət malik olduğu legitimliyin qalıqlarını da itirdi. Bu, dövlət üçün böyük təhlükədir. Prosesin konstitusion çərçivələrinə qaytarılması  hamının marağındadır. Amma indi bunu etmək çox çətin olacaq.

Müxalifətə gəlincə, onlar harasa soxulmaq və nəyisə ələ keçirməklə bağlı istənilən niyyətdən imtina etməlidirlər.

Dinc kütləvi etiraza gəlincə, ona əsas var. Amma hansısa partyadan biri onu “yəhərləmək” istəsə (hətta hansısa koalisiyanın yaradıldığı elan edilsə) etiraz tamamilə mənasız olacaq.

Böhrandan çıxmaq üçün hakimiyyət qeyri-adi tədbirlər görməlidir.

2007-ci ildə etiraz aksiyası dağıdılandan sonra prezident istefa verdi. İndi bu, mənasızdır, çünki ölkəni real idarə edən qeyri-rəsmi lider sadəcə istefa verə bilməyəcək.   

Spiker Kobaxidze və daxili işlər naziri Qaxariyanın istefası vacibdir. Amma bu da çətin ki, kifayət etsin.

Hakimiyyət sözsüz ki, proporsional sistem üzrə seçkilərin keçirilməsinə razı olmalıdır, çünki bu məsələ cəmiyyəti birləşdirəcək məsələ olacaq. Bilmirəm, bu, işə kömək üçün kifayət edəcəkmi, amma bu addımı mütləq atmaq lazımdır”.

Giya Xuxaşvili, gürcü analitik, Gürcüstanın “kölgə” lideri Bidzina İvanişvilinin keçmiş müşaviri:

“Gürcü arzusu” artıq inkar etmir ki, faktiki olaraq “Milli hərəkat”ın varisidr.

Artıq neçə ildir ki, bu iki qüvvə öz aralarında dava edir, ölkə də bu davanın içində itib-batıb. Bütün bunları müşahidə etmək artıq dözülməzdir. “Gürcü arzusu” və “Milli hərəkat” cəmiyyət və ölkəyə inkişaf etməyə imkan verməyən qüsurlu simbiozdur. Bu, bitməlidir.  

Şəxsən mən 7 noyabr 2007-ci illə analogiya aparmayacam. Xüsusi təyinatlı dəstə çox spesifik qruplaşmadır. Onu iş başına keçirəndə qəddarlıq qaçılmaz olur. Amma vəziyyəti xüsusi təyinatlıların istifadəsi halına qədər çatdırmaq da olmazdı.  

Baş verənlərə görə məsuliyyət tamamilə hakimiyyətin üzərindədir. İş bu yerə qədər ona görə çatıb ki, hakimiyyət normal qərarlar vermək iqtidarında deyil.

Hakimiyyət və müxalifətin həmfikir olduğu vəziyyət yarandı – söhbət Gürcüstan parlamentində Qavrilovdan gedir. Burada fikir ayrılığı olmayıb. Hakimiyyət sadəcə baş verənlərə görə kimin məsuliyyət daşıdığını aydınlaşdırmalı idi.

Amma qüsurlu simbioz o yerə gətirib çıxardı ki, hətta rəqiblərin eyni fikirdə olduğu məsələdə belə onlar bir-birinin boğazından yapışıb.

Təəssüf ki, bu hakimiyyət də yolunu əvvəlki kimi bitirəcək. Demərəm ki, bu, sabah ya birigün baş verəcək, amma proses dönməz hal alıb, çünki Rubikon keçilib.

Biz hər iki tərəfin özünü təmizə çıxarmaq cəhdlərini görəcəyik. Əslində isə siyasi məsuliyyət istisnasız bütün siyasi elitanın üzərində durur. Həm “Gürcü arzusu”, həm də “Milli hərəkat”ın məsuliyyət məsələsi eyni zamanda qaldırılmalıdır.

Söhbət həm Mixail Saakaşvili, həm də Bidzina İvanişvilinin siyasi məsuliyyətindən gedir. Ən yaxşı qərar da onların hər ikisinin Gürcüstanın siyasi məkanından getməsidir. Siyasi məsuliyyəti öz üzərlərinə götürdüyünü bildirib, getsinlər.

Bu, prosesin sağalmasına gətirib çıxara bilərdi.

Amma heç kimin belə bir illüziyası yoxdur. Ona görə də elitanın könüllü olaraq etmədiyini cəmiyyət etməlidir.

Kim və nə vaxt – bu, başqa məsələdir. Bu suallar hələ cavabsız olaraq qalır. Halbuki tarixi qanunauyğunluq diktə edir ki, əgər biz ölkəni inkişaf yoluna qaytarmaq istəyirik və birdəfəlik bataqlıqda batmaq istəmiriksə, bu iki qüvvədən qurtarmaq lazımdır”.  

Tornike Şaraşenidze, siyasət və beynəlxalq münasibətlər məsələləri üzrə mütəxəssis, GIPA professoru

“Utancvericidir ki, hakimiyyət heç cür rusiyalı kommunistin gəlməsinə reaksiya verməyib. Və ancaq qəzəblənmiş xalq küçələrə çıxandan sonra, qorxuya düşüb üzr istəməyə başladı. Bu, onların birinci səfehliyidir.

İkinci səfehlik mitinqin dağıdılması oldu. Mənim parlamentə soxulmaq cəhdlərindən xoşum gəlmədi, bu, mənim üçün yolverilməz idi, buna görə də aksyanı tərk etdim. Amma bu cəhdlərə hakimiyyət qeyri-adekvat və düşünülməmiş cavab verəndən sonra bu, faciəyə çevrildi.

Maksimum iki saat gözləmək lazım idi — mitinq iştirakçıları dağılışardı, hakimiyyət də bu vəziyyətdən çıxardı. Amma onlar eynilə [əvvəlki hakimiyyət kimi] 7 noyabr 2007-ci ildəki kimi hərəkət etdilər. Bunların hamısı çox oxşardır, qorxuducu siqnallar, təqib və insanların küçələrdə saxlanmasına qədər.

Məgər kimisə təqib etmək, yaxalamaq və filarmoniyanın yanında [hadisə yerindən təxminən bir kilometr aralı] döyməyə nə ehtiyac varıydı? Fərq ancaq ondadır ki, aksiya dağıdılandan sonra xüsusi təyinatlılar teleşirkətlərdən birinə soxulmadı.  

Həmin vaxtdan 12 il keçir və heç bir nəticə çıxmayıb.

İnsanların parlamentə soxulmağa çalışmasında nə var ki? Məgər onlar soxuldular? İnsanları təqib etmək və onları rezin güllələrlə vurmaq nəyə lazım idi? Məgər buna necəsə bəraət qazandırmaq mümkündür?

Parlament spikeri Kobaxidze dərhal istefa verməsəydi, o, bununla öz komandasını da, öz karyerasını da xilas edərdi. İndi isə bu hakimiyyət gedəcək, bununla da hər şey bitəcək”.

 


More on JAMnews