Gürcüstan: deputatı seksual zorakılıqda ittiham edən qız özü aqressiya obyektinə çevrilib
Bu, Gürcüstanda deputatın rəsmən seksual zorakılıqda ittiham olunduğu ilk hadisədir.
Tbilisi Şəhər Şurasının iqtidar partiyasından olan üzvü İliya Cişkariani öz köməkçisi tərəfindən seksual və fiziki zorakılıqda ittiham edilib. Deputat ittihamları qəti şəkildə rədd edir. İlkin olaraq hüquq-mühafizə orqanları Tamta Todadzenin zərərçəkən kimi tanımaqdan imtina edib, amma hadisə ictimaiyyətə məlum olandan sonra hər şey dəyişib.
Son bir neçə gün ərzində Todadze populyar tok-şou və xəbərlərin əsas qəhrəmanına çevrilib. O, əllərindəki yara izlərini göstərir və göz yaşına hakim ola bilmir.
Tamta Todadze başına gələnləri JAMnews-a danışıb.
“O, məni boynumdan öpüb, soruşdu ki, nə xoşuna gəlmir?”
Hadisə sentyabrın 30-da Tbilisinin İsani rayonunun majoritar deputatı İliya Cişkarianinin ofisində baş verib.
28 yaşlı Tamta Todadze artıq iki ildir ki, deputatın bürosunda çalışırmış. Onun vəzifəsi ictimaiyyətlə əlaqələrdən – vətəndaşların qəbulu, o cümlədən də majoritar deputatın rəsmi Facebook səhifəsinin idarə olunmasından ibarət olub.
• Zorlanmadan sonra həyat. 22 yaşlı Salome Zandukelinin həyat hekayəsi
• Qadınlar nə uğrunda mübarizə aparırlar? Feminizmin əlifbası
Todadze xatırlayır ki, sentyabrın 30-da səhər İlya Cişkariani işə saat 11:30-da gəlib və bildirib ki, “poxmel”dir və içmək istəyir.
Qız deyir ki, bunda təəccüblü heç nə yox idi, çünki Cişkariani iş vaxtı çox vaxt alkoqoldan istifadə edirdi. (Todadze deyir ki, ondan başqa büroda daha dörd nəfər işləyirmiş – deputatın qohumları və dostları, buna görə də ofisdə abu-hava kifayət qədər qeyri-rəsmi olub).
Tezliklə Cişkariani ofisə içki və yemək gətirib. Todadze süfrə açıb. Az sonra daha iki əməkdaş büroya gəlib. Tamta deyir ki, onlarla birlikdə içib, amma mox az.
Bundan bir qədər sonra digər əməkdaşlar gedib və onu Cişkariani ilə tək qoyublar. Todadzenin sözlərinə görə, bu, onun sərxoş vəziyyətdə olan deputatla tək qaldığı ilk hadisə idi.
“Biz masa arxasında oturmuşduq və o, qəfildən məni qucaqlayıb, boynumu öpməyə başladı. Bu gözlənilməz idi və mən nə edəcəyimi bilmirdim. O deyirdi ki, başını çevir, sənin dodaqlarını öpmək istəyirəm. Əlini paltarımın altına salmağa çalışırdı. Dedim – siz nə edirsiz, buraxın məni. O isə cavabında soruşdu ki, sənin nə xoşuna gəlmir?” – Todadze danışır.
Onun sözlərinə görə, müdafiə olunmaq üçün deputata deyib ki, baş verənləri mobil telefona çəkir. Bundan sonra deputat qəzəblənib və telefonu onun əlindən almağa çalışıb, bu zaman qızın əlləri bir neçə yerdən çapılıb.
Tamta deyir ki, əlindən telefonu alıb, yerə çırpandan sonra Cişkariani onu yerə yıxıb, əlləri və ayaqları ilə vuraraq “öyrədilmiş” “q..bə” adlandırıb.
Todadze danışır ki, ofisdən qaçıb, evə gələn kimi anasının telefonu ilə polisə zəng vurub.
“Onlar gələndə mən hər şeyi danışdım və mümkün qədər tez ora getmələrini və hadisə yerinə baxmalarını xahiş etdim. Onlar dedilər ki, oraya başqa qrup gedəcək, amma buna şübhə edirəm”, – Todadze deyib.
Əvvəlcə qızı polis məntəqəsində dindiriblər, sonra o, polislə birlikdə ofisə gedib, orada artıq hər şey yığışdırılıbmış.
“Məndə belə təsəvvür yarandı ki, orada izləri yoxa çıxarıblar. O, yüksək vəzifəli məmurdur, oğlu Dövlət Təhlükəsizliyi Xidmətində yüksək vəzifədə çalışır. Mən özümü təhlükəsizlikdə hiss etmirdim. Mən bilirdim ki, onu dindirməyiblər və ekspertiza aparmayıblar”, – Tamta deyir.
“Mən məsələnin yayılmasına hazır deyildim, amma başqa seçimim yox idi”
Hüquq-mühafizə orqanları hadisəyə heç bir reaksiya vermədikdən sonra – Todadze zərərçəkən kimi tanınmayıb, Cişkariani dindirilməyib – bu hadisə ictimaiyyətə yayılıb.
Tamta Todadze mübarizəsini davam etdirmək qərarına gəlib. O, Xalq Müdafiəçisinə, daha sonra isə “Sapari” qadın haqları təşkilatına müraciət edib.
“Mən məsələnin yayılmasına hazır deyildim, amma başqa seçimim yox idi. Mən sussaydım, məni indiyə qədər zərərçəkmiş kimi tanımayacaqdılar”, – Todadze deyib.
Todadzenin vəkili Tamar Lukava deyir ki, əsas istintaq hərəkətləri yalnız Todadze müsahibə verəndən və deputat tərəfindən zorakılığa məruz qaldığını açıq danışandan sonra həyata keçirilib.
Todadzenin işi xəbərlərin əsas mövzusuna çevrilib. O, populyar siyasi tok-şoulara qonaq olaraq dəvət edilib.
Hadisədən yeddi gün keçəndən sonra prokurorluq, nəhayət, Tamta Todadzeni zərərəçəkən qismində tanıyıb və İliya Cişkarianiyə qarşı ittiham irəli sürüb.
Todadzenin vəkilindən istintaq sirlərini yaymamaq haqda iltizam alınıb, buna görə də o, istintaq bitənə qədər bəzi detallar haqda danışa bilmir:
“Yalnız onu deyə bilərəm ki, istintaq hərəkətləri zamanında aparılmayıb və bu da dəlillərin məhv edildiyi təhlükəsini yaradır. Amma Tamta Todadzenin danışdığı faktı təsdiqləmək üçün işin materiallarında hələ də kifayət qədər sübut var” – vəkil bildirib.
İş üzrə araşdırma, nəhayət baylayıb – hər iki tərəf , həmçinin də digər şəxslər, o cümlədən də Tamtanı sentyabrın 30-da müayinə edən təcili yardım həkimləri dindirilib.
Bundan başqa, müşahidə kameralarının görüntüləri götürülüb, hadisə yerinə baxış keçirilib və ekspertiza aparılıb.
Deputata qarşı iki maddə üzrə ittiham irəli sürülüb – vəzifə mövqeyindən istifadə edərək seksual xarakterli zorakılıq, həmçinin döymə və bədənə xəsarət yetirmə. İliya Cişkariani hələ də Şəhər Şurasının deputatıdır.
Hadisədə doqquz gün keçəndən sonra o bildirib ki, ittihamları qəti şəkildə rədd edir. Daha əvvəl yayılan məlumata görə, o, qalmaqal üçündən xəstəxanalıq olub və indi orada müalicə alır.
İliya Cişkariani “Gürcü arzusu” partiyasının üzvü, Tbilisi Şəhər Şurasının iki çağırış deputatıdır. Onun oğlu Beka Cişkariani ən nüfuzlu orqanlardan birində – Dövlət Təhlükəsizliyi Xidmətində çalışır.
Cişkarianini müdafiə edən vəkil Mariam Kublaşvili bildirib ki, deputat “qısnama və böhtan” qurbanı olub. Onun sözlərinə görə, sentyabrın 30-da Tamta Todadze özü Cişkariani ilə təklikdə qalmaq istəyib ki, onunla söhbət eləsin. Vəkil iddia edir ki, Todadze deputatdan maaşının qaldırılmasını və tövsiyyə məktubu istəyib.
Bu mövzuda demək olar ki, bütün müsahibələrində vəkil Kublaşvili Tatmanı “zəif cinsin nümayəndəsi” adlandırır və deyir ki, onun müvəkkili indiyə qədər “opponenti qızı yaşda qadın olduğu və onunla bərabər səviyyədə opponentlik etmək istəmədiyi” üçün susub.
“Bu əxlaqsız ərə getmək istəmir, məgər?”
Gürcüstanda seksual zorakılığa qarşı məsuliyyət nəzərdə tutan qanun mövcuddur, amma onun tam reallaşdırılmasına çox şey, ilk növbədə isə mentalitet və ictimaiyyətin məlumatsızlığı mane olur.
Gürcüstanda qadınlar ictimai reaksiyadan çəkindikləri üçün seksual zorakılıq haqda açıq danışa bilmirlər.
Gürcüstan cəmiyyəti yaşadığı zorakılıq haqda açıq danışmağa cəsarət edən qadına mərhəmət göstərməyə alışmayıb. Belə hallarda çox vaxt rəğbət qurbanın yox, təcavüzkarın tərəfində olur. Adətən qurbanın başına gələnlərə layiq olduğu, onun özünün təcavüzkarı təhrik etdiyi müzakirə olunmağa başlayır.
Tamta Todadzenin misalında da eynilə bu cür olub. O, başına gələnləri açıq şəkildə danışandan bəri Facebook-da belə stereotip baxışlara sahib olan insanlar tərəfindən qadına qarşı əsl hücum başlayıb.
Məsələn, Todadzenin içkiyə meyilli olduğu və kişilərlə mazaqlaşmağı sevdiyini yazırlar, onu “qəhbə” adlandırırlar, sübut kimi isə onun rəqs etdiyi videonu göstərirlər.
Bu cür şərhlər də vardı:
“Kişi ilə içəndə o, nə gözləyirdi ki?
“Necə bunu açıb ağarda bilir, məgər o, ərə getmək istəmir?!”
Ən əsası isə bəzi qeyri-etik və təhqiramiz şərhlərin müəllifləri dövlət işçiləri və “Gürcü arzusu” partiyasının üzvləridir.
Qadın hərəkatının üzvü, İliya Dövlət Universitetinin professoru Nino Daneliya deyir ki, cəmiyyətdə seksual cinayətlərin açıqlanmasına qarşı tabu var və buna görə də qadından susmaq tələb olunur:
“Bəzən deyirlər ki, qadın özü şərait yaradıb, bəzən deyirlər ki, bəlkə də hər şey doğrudan da belə olub, amma qadın dözməlidir və bu haqda açıq şəkildə danışmamalıdır. Və bu fonda bəzi qadınlar seksual zorakılıq haqda yüksək səslə danışmağa cəsarət edirlər. Biz görürük ki, onları daş-qalaq edirlər və kişiləri müdafiə etməyə başlayırlar – mütləq məlum olacaq ki, təcavüzkar kiminsə yaxşı qonşusu, dostu və ya həmkarıdır. Biz bu problem haqda bilirirk – insan yaxşı qonşu və ailə üzvü ola bilər, amma eyni zamanda qadınlarla sərt davrana da bilər”, – Daneliya deyir.
Tamta Todadzenin işini şərh edən zaman, məsələn, Tbilisi meri Kaxa Kaladze deyib ki, İliya Cişkarianini çoxdan tanıyır və onun “necə yaşadığını” bilir.
“İstənilən şəxs İstənilən şəxsə qarşı ittiham irəli sürə bilər”, – Kaladze deyib.
Qadın haqları sahəsi üzrə ekspertlərin fikrincə, hüquq-mühafizə orqanlarının bu cür işlərlə məşğul olmaq istəməməsi vəziyyəti daha da ağırlaşdırır.
“Sapari” qadın haqları təşkilatının rəhbəri Baya Pataraya artlq 12 ildir ki, Gürcüstanda qadınların hüquqlarını medafiə edir. Öz təcrübəsinə əsaslanaraq o deyir ki, iş gəlib seksual cinayətlərə çıxanda Gürcüstanın hüquq-mühafizə sistemi çaş-baş qalır.
“Sistem seksual cinayətlərdən ümumiyyətlə yan ötməyə çalışır. İstintaq nəticəsində bəlli olur ki, onların səriştəsi yetərsizdir, onlar hansı sübutları toplayacaqlarını, işə necə yanaşacaqlarını və sairə bilmirlər. Qurbanlara çox vaxt deyirlər ki, biz onsuz da hem nə sübut edə bilməyəcəyik, fiziki zorakılıq da olduğu üçün gəlin bunun üzərinə vurğu edək. Polis əməkdaşlarının işə aça bilməyəcəklərini əsas gətirərək qurbanı ifadə verməkdən imtina etməyə məcbur etdiyi hallar da olub”, – o deyir.
“Sentyabrın 30-a qədər mövcud olan Tamta üçün darıxıram”
Tamta Todadze hazırda işsizdir, psixoloqa gedir, sarsıntıdan əziyyət çəkir və bir neçə gündür demək olar ki, yatmır.
Facebook-da iqtidar partiyasının fəallarının iştirakı ilə ona qarşı təşkil olunan qara piar Tamta Todadzeni onunla dövlət sisteminin mübarizə apardığını düşünməyə vadar edir.
O deyir ki, bütün suallara cavab verməyə hazırdır və təcavüzkar cəzalandırılana qədər mübarizə aparmaq niyyətindədir.
“Sentyabrın 30-a qədər necə olduğumu xatırlayanda, həmin Tamta üçün darıxıram. O, gözəl, məqsədyönlü, sakit və pozitiv idi. İndi düşünürəm ki, məni siliblər, mən artıq yoxam… Özümü həbsxanadakı kimi hiss edirəm, küçəyə çıxanda isə mənə elə gəlir ki, hamı məni barmaqla göstərir”, – Tamta deyir.
O, ən çox dəstəyi öz ailəsindən, dostlarından və tanımadığı Facebook istifadəçilərindən görür.
Tamtanın sözlərinə görə, bu mübarizədə ona ruh verən özü ilə bərabər zorakılıq qurbanı olan digər qadınlara da kömək etməsidir:
“Belə çıxır ki, mən onlar üçün də mübarizə aparıram. Biz bu ölkəni yaxşı yöndə dəyişməliyik. Siz zorakılığa məruz qaldığınız zaman bu haqda yüksək səslə danışmaq, polisə müraciət etmək rüsvayçılıq olmamalıdır, biz utanmamalıyıq”.
Gürcüstanda seksual qısnama/zorakılıqla bağlı işlər
İliya Cişkariani seksual zorakılıq və qısnamada günahlandırılan ilk məmur deyil.
•Bir neçə ay əvvəl Minotsmindada (Gürcüstanın cənubunda Samtsxe-Cavaxetiya regionunda şəhər) uşaq bağçasının direktoru Narine Ginosyan bildirmişdi ki, Gürcüstan parlamentinin Axalkalakidən olan majoritar deputatı Enzel Mikoyan iki il onunla intim münasibət qurmağa çalışıb, hədiyyələr təklif edib, öz kabinetinə çağırıb və onunla yaxınlığa nail olmağa çalışıb, rədd cavabı alanda isə onu “məhv edəcəyi” ilə hədələyib. Hadisədən az sonra uşaq bağçasında yoxlamalar başlayıb və Narine Ginosyana qarşı cinayət işi qaldırılıb.
•“Gürcü arzusu” partiyasından olan digər yüksək vəzifəli məmur Papuna Uqrexelidze seksual qısnamada ittiham olunanadan sonra istefa verməli olub. Bu, onun keçmiş əməkdaşı Eka Mesxidze məmur tərəfindən təqiblərə məruz qaldığını danışandan sonra baş verib. Uqrexelidze qadına qarşı məhkəmədə böhtan ittihamı ilə iddia qaldırıb. Tbilisi şəhər məhkəməsi seksual qısnama qurbanı olan Mesxidzenin öz iddialarının bir hissəsini təkzib etməsi haqda qətnamə çıxarıb. Eka Mesxidze isə ilk instansiya məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə şikayət verib.
•Digər səs-küylü iş iqtidar partiyasının PR strategiyasına məsul olan teleaparıcı Şalva Ramişvili ilə bağlı olub. Onun keçmiş əməkdaşı Tatia Samxaradze 2016-cı ildə ona qarşı seksual qısnama ilə bağlı iddia qaldırıb və bütün məhkəmə instansiyalarında qələbə qazanıb.
•2018-ci ildə bir neçə qadın tanınmış hüquq müdafiəçisi CiDA təşkilatının rəhbəri Zviad Devdarianini seksual qısnamada ittiham edib. Konkret halları ombudsmen ofisi araşdırıb və beş haldan üçündə Devdarianinin seksual qısnamada təqsirli olduğunu təsdiqləyib.
•Batumi Dövlət Universitetinin lektoru da tələbədən ona “dənizdə çimdiyi zaman olduğu kimi” “cəsarətli selfi” göndərməsini xahiş edəndən sonra öz ərizəsi ilə işdən getməyə məcbur olmuşdu.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.