Məhkəməyə inamsızlıq və baş tutmayan liman layihəsi – ABŞ Dövlət Departamenti Gürcüstan haqda
ABŞ Dövlət Departamentinin Gürcüstanda investisiya mühiti haqda dərc etdiyi hesabatda deyilir ki, ölkə iqtisadiyyatı xarici investorlar üçün açıqdır, baxmayaraq ki, Gürcüstanda işləyən şirkətlər yerli məhkəmə sisteminə çox da etibar etmir və çox vaxt işgüzar mübahisələrin həllinə illər sərf olunur.
Hesabatda Amerika şirkətllərinin də iştirak etdiyi Anakliya dərinsulu liman layihəsi də xatırlanıb.
Dövlət Departamenti qeyd edib ki, dövlət birtərəfli qaydada Anakliya limanının konsorsiumu ilə müqaviləni pozub, çünki konsorsium limanın inşası üçün lazımi vəsaiti tapa bilməyib. Anakliya layihəsi Gürcüstan hökuməti üçün əsas prioritetlərdən biri olaraq qalır.
Hesabatda Gürcüstanın mövcud qanunvericiliyi, o cümlədən də sahibkarların üzləşdikləri problem və əngəllər də dəyərləndirilib.
Sənəddə qeyd olunub ki, “Gürcüstanda investisiya üçün münbit mühit var, amma bəzi sahibkarlar Gürcüstanın məhkəmə sisteminə etimadsızlığın böyüdüyü haqda danışırlar”.
Hesabatda deyilir ki, “problem kommersiya mübahisələrinin zamanında, müstəqil və səriştəli həllinin mümkün olmamasında” və bəzi mübahisələrin məhkəmələrdə illərlə uzanmasındadır.
“Biznesmenlər ölkədə inhisar əleyhinə siyasətin yaxşılaşdırılmasının vacibliyi haqda fikir bildirirlər. Bundan başqa, bəzi hallarda şirkətlərə münasibətdə iqtisadi tənzimləmələrin tətbiqi seçmə şəkildə həyaha keçirilir. Biznes nümayəndələrinin sözlərinə görə, əmlak mübahisələrinin həllində də çətinliklər mövcuddur”, – məlumatda deyilir.
Eyni zamanda Dövlət Departamentinin hazırladığı hesabatda deyilir ki, Gürcüstan hökumətinin bildirdiyinə görə, onlar bu problemlərin həlli üzərində çalışırlar və Gürcüstan biznes yürüdülməsi baxımından regionun aparıcı ölkəsi olaraq qalır.
İqtisadiyyat naziri Natiya Turnavanın sözlərinə görə, Gürcüstanda investisiya mühiti haqda ABŞ Dövlət Departamentinin hesabatında yer alan dəyərləndirmələr “hədsiz pozitiv” və “tam obyektivdir”.
“Bizə çox xoşdur ki, strateji tərəfdaşımız bizim Gürcüstanda investisiya mühitini daha cəlbedici etmək üçün səylərimizi belə obyektiv və müsbət dəyərləndirib”.