Gürcü QHT-ləri beynəlxalq tərəfdaşları Gürcüstanla bağlı mövqelərini açıqlamağa çağırıblar
Gürcüstanda fəalların evlərində axtarış
Gürcüstanın qeyri-hökumət təşkilatları fəalların və fond rəhbərlərinin evlərində aparılan koordinasiyalı axtarışlara reaksiya veriblər və beynəlxalq tərəfdaşları Gürcüstandakı vəziyyətə dair aydın mövqe bildirməyə çağırıblar.
Bəyanatda qeyd olunur ki, hökumətin və hüquq-mühafizə orqanlarının hədəfində olan şəxslər cəmiyyətin ən həssas qruplarına, o cümlədən, fiziki məhdudiyyətli şəxslərə, məcburi köçkünlərə, aztəminatlı ailələrə və zorakılıq qurbanlarına yardım göstərən humanitar fəaliyyətlə məşğul olan insanlardır.
Bəyanatda nə deyilir?
“Qeyri-hökumət təşkilatları dövlət dəstəyinin yetərsiz olduğu sahələrdə mühüm rol oynayır – onlar ərzaq, yaşayış yeri, tibbi yardım, təhsil və psixososial xidmətlər təqdim edirlər və bu yardımlara ən çox ehtiyacı olan insanlara dəstək olurlar.
Belə fondların fəaliyyətini məhdudlaşdırmaq üçün dövlət hakimiyyətindən istifadə edilməsi təkcə mənəvi baxımdan əsassız deyil, həm də mərhəmət göstərişlərinin cinayətləşdirilməsinə və ləyaqət, ədalət uğrunda mübarizə aparanların susdurulmasına gətirib çıxarır. Hüquqi əsaslar və şəffaflıq olmadan həyata keçirilən axtarışlar siyasi motivlidir və bu, vətəndaş cəmiyyətinə və demokratik institutlara qarşı daha geniş bir kampaniyanın tərkib hissəsidir.
Bu hücum Gürcüstanda müşahidə olunan ümumi demokratik geriləmənin bir hissəsidir. Bu geriləmə “xarici agentlər haqqında” qanunun qəbulunu, media üzərində təzyiqləri və müstəqil təşkilatlara davamlı basqıları əhatə edir. Bütün bunlar birləşmək və fikir ifadə etmək azadlığına, ölkənin Avroatlantik inteqrasiyasına və beynəlxalq nüfuzuna təhlükə yaradır.
Biz Gürcüstanın beynəlxalq tərəfdaşlarını bu addımlara münasibətdə aydın mövqe bildirməyə və bu kritik məqamda Gürcü xalqına və vətəndaş cəmiyyətinə dəstək göstərməyə çağırırıq.
Bizə təzyiq və qorxu ilə təsir etmək mümkün deyil. Yardıma ehtiyacı olanlara dəstək verməyə davam edəcəyik. Gürcüstanın demokratik gələcəyini qoruyacağıq”.
Aprelin 28-də Gürcüstan Prokurorluğu etirazçılara və siyasi məhbuslara yardım edən fond rəhbərlərinin evlərində koordinasiyalı axtarışlar aparıb. Axtarışlar Nanuka Jorjoliani, Mariam Badjelidze, Guga Xelaia və Aleko Tsqitişvilinin evlərində keçirilib. Prokurorluq əməkdaşları onların yaşayış sahələrinə hakim qərarı əsasında daxil olublar. Həmin qərarda qeyd olunur ki, istintaq “diversiya” və “xarici dövlətə, xarici təşkilata və ya xarici nəzarətdə olan təşkilata düşmənçilik fəaliyyəti göstərməkdə yardım etmək” ittihamları üzrə aparılır.
Qeyd edilməlidir ki, “Gürcü Arzusu” partiyasının təmsil olunduğu təkpartiyalı parlament Gürcüstan Cinayət Məcəlləsinə “dövlətə xəyanət” maddəsi əlavə edib. Bu maddəyə əsasən, “diversiya” və “xarici dövlətə düşmənçilik fəaliyyətində yardım etmək” artıq dövlətə xəyanət kimi qiymətləndiriləcək.
Martın 17-də Gürcüstanda etiraz aksiyalarında iştirak etdiklərinə görə cərimələnmiş şəxslərə və siyasi məhbusların ailələrinə yardım üçün ayrılmış fondların vəsaitləri dondurulub. “Nanuka Fondu”, Nika Gilauri Fondu və Tbilisi İnsan Haqları Evinin hesabları bloklanıb.
Prokurorluğun bəyanatında bildirilir ki, bu vəsaitlər “diversiya” və “konstitusiya quruluşuna qarşı yönəlmiş fəaliyyət” işi çərçivəsində həbs edilib.
Gürcüstanda fəalların evlərində axtarış