Ermənistanda nəticəsi təxmin edilməyən, həyati əhəmiyyətli seçkilər: seçicilərin 40%-i heç kimə etibar etmir
Ermənistanda parlament seçkiləri 2026
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkiqabağı təşviqat kampaniyası zamanı 18 siyasi qüvvə böyük fəallıqla seçiciləri məhz onlara ölkənin taleyini növbəti beş il ərzində müəyyənləşdirmək səlahiyyəti verməyə çağırıb. Lakin əsas namizədlər və favoritlər rəsmi kampaniyanın başlanmasından əvvəl də məlum idi. Bu baxımdan heç nə dəyişməyib. Dəyişən yalnız siyasi qarşıdurmanın miqyası olub və gərginlik bütün gözləntiləri üstələyib. Siyasi rəqiblər artıq mümkün olan bütün qırmızı xətləri keçiblər. Hətta əvvəllər siyasi mübarizədə demək olar ki, toxunulmayan ailə mövzusu da bu dəfə siyasətçilər tərəfindən kifayət qədər fəal şəkildə istifadə olunub.
Seçkiqabağı kampaniya necə keçib, qələbəyə əsas iddiaçılar hansı siyasi kursu təklif edirlər və onlar seçicilərdə hansı təəssüratı yaradıblar?
- Paşinyana qarşı “mübarizə” üçün göndərilən Rusiya xüsusi xidmət orqanlarının agentləri: “The İnsider”in ifşaları
- Rəy: Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası Rusiya Federasiyasının maraqlarını təmsil edəcək
- Ermənistan hibrid hücumların təzyiqi altında: dezinformasiyanı hansı qüvvələr və hansı məqsədlə yayır
Seçki kampaniyası təhqirlər atmosferində
Nikol Paşinyan:
“Bunlar kimdir? Qarabağ psevdоelitaları, buradan rədd olun. Artur Osipyan (qarabağlı siyasi və ictimai xadim), get başını divara çırp. Gedib bizim uşaqlarımızın yerinə sən öləydin. Soyğunçular, heyvanlar. Siz Qarabağ xalqını girov götürmüsünüz. Sən 5000 qurban barədə danışmaq üçün ümumiyyətlə niyə sağsan? Hə, alçaq?”
Samvel Karapetyan:
“Məni “Taşirli Samo” da adlandırırlar və bu, hörmət əlamətidir. Dostlarım da vaxtilə məni “Kaluqalı Samo” çağırırdılar, “çmo Nikol” demirdilər”.
Robert Koçaryan:
“Ay yekəpər, (hazırkı baş nazirə müraciətlə), səni xalqı incitməyə nə vadar edir?”
Bunlar parlament seçkilərində qələbəyə əsas iddiaçıların bəyanatlarından birbaşa sitatlardır.
Ermənistanda seçkilərdə qələbəyə əsas iddiaçılar kimi 4 siyasi qüvvə göstərilir:
- hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası,
- keçmiş prezident Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku,
- rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi yeni yaradılmış “Güclü Ermənistan” partiyası,
- iri sahibkar Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası.
“Çmo”, “yekəpər”, “heyvanlar” sözləri ilə yanaşı, erməni siyasətçilərinin leksikonunda “küçə avaraları”, “agentlər”, “revanşistlər və korrupsionerlər”, “əclaflar” və sair ifadələr də peyda olub. Son illərdə sosial şəbəkələrdə siyasətçilərin ünvanına oxuna bilən hər şeyi indi onlar seçicilərlə görüşlərdə bir-birlərinə deyirlər.
Bütün bunların nə vaxt və kimin tərəfindən başladığı artıq heç kimi narahat etmir. Proses işə düşüb və geri dönməz xarakter alıb. Ermənistan ombudsmanının və hüquq müdafiəçilərinin etik normalara əməl etmək çağırışlarına heç kim diqqət yetirmir.
Ermənistanın hazırkı baş naziri ölkənin ən varlı adamlarından biri, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın oğlu barədə belə deyirdi:
“Qaqik Tsarukyan, dilin uzanıb? Sənə deyirəm, sənin küçüyünü Belarusdan yaxasından tutub qaytaracağıq və məsuliyyətə cəlb edəcəyik. Heç yerə qaça bilməyəcəksən, küçük. Atan da səni xilas etməyəcək”.
Biznesmenin oğlu Nver Tsarukyan Tsaxkadzor şəhərindəki kazinolardan birində baş vermiş davadan sonra beynəlxalq axtarışa verilib. Münaqişə onun, mühafizəçilərinin və obyekt əməkdaşlarının arasında baş verib. Hadisə atəş səsləri ilə müşayiət olunub. Bir müddət sonra kiçik Tsarukyan ölkəni tərk edib. O, xuliqanlıq və soyğunçuluq işi üzrə fiqurantdır.
Ermənistanda çoxları hesab edir ki, hətta bu arxa fon belə ölkənin birinci şəxsinin bu cür ifadələr işlətməsinə əsas vermirdi, çünki söhbət ailədən gedir.
Lakin Qaqik Tsarukyan məsələsində Nikol Paşinyan daha da irəli getməyə qərar verib. Məsələ kapitalın bir hissəsinin itirilməsi ilə bağlı təhdidlərə qədər çatıb. Baş nazir Tsarukyana məxsus Ararat sement zavodunun milliləşdirilməsi prosesinin başladığını elan edib. Bununla belə, Paşinyan bununla da kifayətlənməyib:
“Qaqik Tsarukyanın evlərini xalqa qaytarmağa başlayacağıq. Və sizə deyirəm: 2031-ci ilədək Tsarukyanın dağın başında tikdirdiyi malikanə ahıllara qulluq mərkəzinə çevrilməlidir”.
Bir-birinə qarşı kompromatlar və beynəlxalq mediada ifşalar
Sonradan məlum oldu ki, deputat mandatına namizədlər hələ yalnız isinirmişlər. Qarşıda təkcə sərt bəyanatlar deyil, real kompromatlar və ifşalar da var idi. Bütün bunların hansının doğru, hansının yanlış olduğu artıq o qədər də vacib deyil. Hüquq-mühafizə orqanları bəzi cinayət barədə məlumatları paralel şəkildə araşdırır. Amma hamı anlayır: ciddi siyasi proseslər gedir və bu proseslər belə səs-küylü bəyanatları qaçılmaz edir.
Samvel Karapetyan digər “sensasion ifşalar”la yanaşı, Nikol Paşinyanın Kanadada daşınmaz əmlakı olduğunu bildirib:
“Paşinyan Ermənistana bu qədər bəla gətirdikdən sonra Kanadadakı evində kef çəkəcək”.
Buna görə baş nazir “Güclü Ermənistan” liderinə qarşı ikinci məhkəmə iddiası qaldırıb. Birinci iddia Karapetyanın Paşinyanın çıxışlarından əvvəl guya hallüsinogen göbələklərdən istifadə etməsi barədə dediklərinə görə verilmişdi.
Bu günlərdə qalmaqallı məlumat qıtlığı müşahidə olunmurdu. The Insider nəşri Kremlin Ermənistanda parlament seçkilərinin nəticələrini əvvəlcədən müəyyənləşdirməyə və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa necə çalışdığı barədə araşdırma dərc edib.
Araşdırmada, digər məqamlarla yanaşı, Samvel Karapetyanın vaxtilə Rusiya FTX-nin əməkdaşı olduğu iddia olunurdu. Təbii ki, Ermənistan hakimiyyəti bu xəbəri yaymağa tələsdi və bir daha Karapetyanın Moskvadan göndərildiyini, Rusiyanın maraqlarına xidmət etdiyini bildirdi.
Ermənistan cəmiyyəti bu xəbəri həzm etməyə macal tapmamış başqa bir məlumat yayılıb: “Güclü Ermənistan” partiyasının seçki siyahısında birinci yerdə olan Narek Karapetyanın Rusiya vətəndaşlığı olduğu bildirilib. Daha sonra İstintaq Komitəsi deputatlığa namizədin xarici vətəndaşlığı barədə məlumatı gizlətdiyini açıqlayıb və buna görə müvafiq maddə ilə cinayət işi başlanıb.
Məhkəmə, böyük ehtimalla, seçkiyə qədər işi araşdırmağa macal tapmayacaq. Buna görə bütün bu məlumatlar Ermənistanda seçkiqabağı proseslərin məntiqinə uyğun gəlir.
Müharibə və sülh mövzusu
Namizədlər arasında konstruktiv dialoqun alınmayacağı gözlənilən idi. Amma siyasətçilər öz güclü tərəflərindən istifadə etdilər. Bu seçkilərin daha bir xüsusiyyəti ondan ibarətdir ki, əsas arqumentlər və seçkiqabağı tezislər əvvəldən məlum idi.
Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının seçki şüarı “Sülhün müdafiəsinə qalx”dır.
Ölkə lideri opponentlərini “üçbaşlı müharibə partiyası” adlandırır. O, Samvel Karapetyan, Robert Koçaryan və Qaqik Tsarukyanın siyasi platformalarını nəzərdə tutur. Paşinyan hətta baş nazir postunu itirəcəyi təqdirdə müharibənin başlayacağı konkret vaxtı da göstərir: bu ilin payızı.
Hakim partiya Azərbaycanla sülh sazişinin paraflanmasını şübhəsiz nailiyyət hesab edir. Məntiq sadədir: müxalifət Azərbaycanla münasibətlərdə Paşinyanın kursunu davam etdirmək niyyətində deyil. Baş nazirin iddiasına görə, hər üç siyasi qüvvə Azərbaycanla formalaşmış sülhün “yenidən nəzərdən keçirilməsi, reviziyası” mövqeyindən çıxış edir.
Bu, sülh sazişini imzalamaqdan, sərhədlərin demarkasiyası və delimitasiyası prosesini davam etdirməkdən, konstitusiyanı dəyişməkdən imtina deməkdir. Eyni zamanda, bu, Qarabağ məsələsinin yenidən fəallaşdırılmasını nəzərdə tutur. Paşinyanın partiyasında əmindirlər ki, bütün bunlar yeni müharibə təhlükəsi yaradır və bu müharibə Ermənistanın suverenliyi və ərazi bütövlüyü bahasına başa gələ bilər.
Müxalifət isə, təbii ki, müharibə ehtimalını təkzib edir. Üstəlik, keçmiş prezident Robert Koçaryan bildirir ki, müharibədə məğlub olmuş Paşinyanın xalqı yeni müharibə ilə qorxutmağa haqqı yoxdur.
Koçaryan iddia edir ki, hakimiyyətdə qalacağı təqdirdə hazırkı baş nazir bütün mübahisəli məsələlərdə Azərbaycana güzəştlər silsiləsini davam etdirəcək.
O, buna misal kimi Ermənistan konstitusiyasının dəyişdirilməsini və anklavlar məsələsini göstərir.
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan isə Paşinyanın yeni müddətinin Ermənistana 300 min azərbaycanlının köçürülməsi demək olduğunu bəyan edir:
“Əgər Nikol Paşinyan və İlham Əliyevin planlaşdırdığı 300 000 azərbaycanlının Ermənistana axınının qarşısını ala bilməsək, bu, bütün iqtisadi proqramlarımızın icrasını mümkünsüz edəcək, çünki əsas iş yerləri azərbaycanlılara veriləcək. Buna görə hökumətimizin ilk iclasındaca ölkəmiz üçün əsas qanunu qəbul edəcəyik. Bu qanun azərbaycanlılara torpaqlarımızı, evlərimizi almağı və torpaqlarımızı hədiyyə kimi əldə etməyi qadağan edəcək”.
Halbuki Ermənistanın qüvvədə olan Konstitusiyasına görə, təkcə azərbaycanlıların deyil, heç bir əcnəbinin torpaq almaq hüququ yoxdur. Karapetyan bu haqda susur, hakim partiya isə cavabında bunu yüksək səslə bəyan edir.
Rusiya agentləri və xarici siyasət vektorunun mümkün dəyişməsi
Ermənistanda hazırkı parlament seçkiləri, digər məsələlərlə yanaşı, namizədlərin qələbə qazanacaqları təqdirdə vətəndaşlara konkret xarici siyasət kursu təklif etməsi ilə də fərqlənir. Əvvəllər avrointeqrasiya, xüsusilə də Moskvanın Ermənistanın daxili işlərinə kobud müdaxilə cəhdləri barədə az adam danışırdısa, indi bu mesajlar ilk növbədə hakim partiyadan gəlir.
- “Ermənistanın təhlükəsizlik zəmanətçisi bizi qırğına apardı” — Nikol Paşinyan
- “Hər şeyin bir həddi var”: Paşinyan Samvel Karapetyana qarşı məhkəməyə müraciət edəcəyini bildirib
- “300 min azərbaycanlının Ermənistana qayıdışını nə müzakirə etmişik, nə də müzakirə edirik” – Nikol Paşinyan
Nikol Paşinyan və komandası hər fürsətdə Samvel Karapetyanı, Robert Koçaryanı və Qaqik Tsarukyanı Kremlin namizədləri və təsir agentləri adlandırır.
Açıq şəkildə bildirilir ki, hakimiyyət dəyişikliyi baş verərsə, Ermənistan Rusiyanın sərt təsiri altına düşəcək və Qərb istiqamətində əldə etdiyi bütün nailiyyətləri itirəcək.
Hakimiyyətə gələcəkləri təqdirdə xarici siyasətdə nəzərəçarpacaq dəyişikliklərin baş verəcəyini müxalifət də gizlətmir. Bu kontekstdə əsas prioritet kimi Moskva ilə münasibətlərin normallaşdırılmasını görür.
Müxalifət nümayəndələrinin fikrincə, əks halda Ermənistan Azərbaycan və Türkiyədən ciddi asılı vəziyyətə düşəcək.
Ankara hələ sərhədlərin açılmasına razılıq verməlidir. Rusiya ilə iqtisadi əlaqələr qırılacağı təqdirdə Ermənistan iqtisadiyyatı Qərbə yönəlməli olacaq. Ermənistan üçün Avropa bazarlarına ən qısa yol isə qonşu Türkiyədən keçir. Erməni müxalifətinin iddiasına görə, Nikol Paşinyan bu məqsəd naminə təkcə Qarabağdan deyil, erməni kimliyindən də imtina etməyə hazırdır. Xüsusilə, ölkənin simvollarından biri sayılan Ağrı dağı, erməni soyqırımı məsələsi və digər mövzuların unudulmasına razı ola bilər.
Ermənistan üçün taleyüklü seçkilər
Hər iki düşərgə bu seçkilərin nəticəsindən az qala Ermənistanın mövcudluğunun asılı olduğunu iddia edir. Lakin təhlükənin mənbəyi barədə yanaşmalar fərqlidir.
Hakimiyyətin şərhində əsas təhlükə yeni müharibə, yeni ərazi itkiləri və bundan sonra Ermənistanın yenidən Rusiyadan tam asılı vəziyyətə qayıtmasıdır.
Nikol Paşinyanın komandası seçiciləri inandırmağa çalışır ki, yalnız Azərbaycanla sülh sazişi, sərhədlərin demarkasiyası və qonşularla münasibətlərin normallaşdırılması üzrə hazırkı kurs Ermənistan dövlətçiliyini və suverenliyini qoruya bilər. Hakimiyyətin versiyasına görə, bu proseslərə yenidən baxmaq cəhdi eskalasiyaya gətirib çıxaracaq, bundan sonra Ermənistan yenidən Rusiyanın hərbi-siyasi çətiri altında xilas yolu axtarmağa məcbur olacaq və faktiki olaraq müstəqil xarici siyasət yürütmək imkanını itirəcək.
Müxalifət isə tamamilə əks ssenari təqdim edir. Onun fikrincə, Paşinyanın siyasəti sülhə deyil, Azərbaycanın və Türkiyənin xeyrinə subyektliyin tədricən itirilməsinə aparır.
Hakimiyyətin opponentləri iddia edirlər ki, Bakıya sonsuz güzəştlər, əvvəlki “qırmızı xətlər”dən imtina və istənilən qiymətə “sülh dövrü” açmaq cəhdləri nəticədə Ermənistanı qonşularından iqtisadi, siyasi və hətta demoqrafik baxımdan asılı vəziyyətə salacaq. Bu məntiqə görə, ölkə zəif dövlətə çevrilmək, demək olar ki, bütün əsas məsələlərdə Ankara və Bakının maraqlarını nəzərə almaq məcburiyyətində qalmaq riski ilə üzləşir.
“Son 5-6 ildə səslənən tezislər belədir: hakim partiya göstərir ki, hakimiyyət dəyişərsə, Ermənistanda və ya regionda müharibə başlayacaq. Bu, onunla bağlıdır ki, məhz onlar sülh gündəliyini gətiriblər və öz addımlarını sülhün təminatı kimi təqdim edirlər.
Əsas müxalifət isə əksinə, iddia edir ki, indiki hakimiyyət qalarsa, erməni dövlətçiliyi təhlükə altında olacaq. Hakimiyyət, təbii ki, bunun əksini deyir. Müxalifət dövlətçiliyin təhlükə altında olduğunu bildirir, hakimiyyət isə müxalifətin müharibəyə apardığını deyir”, – politoloq Robert Qevondyan qeyd edir.
Müxalifətin qələbəsi Ermənistanın Rusiyanın qucağına qayıtması deməkdirmi? Analitik buna şübhə etmir.
O xatırladır ki, bütün əsas oyunçular açıq-aşkar Rusiyapərəst baxışları ilə tanınırlar. Samvel Karapetyanın isə hətta Rusiya vətəndaşlığı var. Bu səbəbdən onun adı partiyasının seçki siyahısında belə yoxdur.
“Əgər Rusiyapərəst qüvvələr hakimiyyətə gələrsə, mən ilk növbədə Samvel Karapetyanı və Robert Koçaryanı nəzərdə tuturam, Ermənistanın xarici siyasəti 180 dərəcə dəyişəcək. Ermənistan Rusiya ilə münasibətləri dərinləşdirməyə başlayacaq və Qərblə münasibətləri dayandıracaq. Burada müzakirə ediləsi heç nə yoxdur. Bu siyasi qüvvələr və onların çevrəsi açıq şəkildə Rusiya ilə əməkdaşlığa hazır olduqlarını deyirlər. Onlar hesab edirlər ki, Ermənistan Rusiyanın maraqlarına zidd xarici siyasət addımları atmamalıdır.
Digər tərəfdən, Ermənistanın hazırkı hakimiyyəti yenidən seçilərsə, bunun ən ehtimal olunan ssenari olduğunu düşünürəm, Ermənistanın birbaşa Avropaya doğru irəliləyəcəyinə əmin deyiləm. Bəli, Ermənistan Rusiya ilə münasibətlərdə elə xətləri keçib ki, Rusiyanın təsir dairəsinə təhlükəsiz qayıdış imkanını saxlamır. Mən belə bir imkan görmürəm. Amma Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının yubanmadan və tərəddüdsüz Aİ istiqamətində irəliləyəcəyinə də zəmanət verə bilmərəm”, – analitik deyir.
Seçicilərin rəyi sorğusu: nə gözləmək olar?
Seçkiqabağı kampaniyanın misli görünməmiş dərəcədə gərgin keçməsinə və qarşılıqlı ittihamların səslənməsinə baxmayaraq, sorğular göstərir ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi ya hələ qərar verməyib, ya da siyasətçilərə qarşı dərin məyusluq hiss edir.
IRI-nin son araşdırmasına əsasən, vətəndaşların 40%-i heç bir siyasətçiyə etibar etmir. Respondentlərin 13%-i isə bu suala cavab verməkdə çətinlik çəkib və ya cavab verməkdən imtina edib.
Bununla yanaşı, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası seçici rəğbətində nəzərəçarpacaq üstünlüyünü qoruyur. Partiya 32% dəstəyə malikdir. Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasını respondentlərin 6%-i, Robert Koçaryanın blokunu 4%-i, Qaqik Tsarukyanın partiyasını isə 3%-i dəstəkləyir.
Lakin respondentlərin təxminən dörddə biri (23%) hələ də seçimini etməyib, 20%-dən çoxu isə siyasi üstünlüklərini açıqlamaqdan imtina edib.
Bu isə o deməkdir ki, sorğularda hakimiyyətin inamlı liderliyinə baxmayaraq, seçicilərin əhəmiyyətli hissəsi hələ də siyasi apatiya və ya gözləmə vəziyyətindədir. Buna görə seçkilərin nəticəsi böyük ölçüdə məhz bu tərəddüd edən seçiciləri öz tərəfinə çəkə biləcək qüvvədən asılı olacaq.
Ermənistanda parlament seçkiləri 2026