"Üçbaşlı müharibə partiyasından baş nazirliyə namizəd: Robert Koçaryan" - Ermənistan Milli Məclisinin vitse-spikeri
Ermənistan parlamentinin vitse-spikeri seçkilər haqqında
Ermənistan Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan iyunda keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdıran müxalif qüvvələri “üçbaşlı müharibə partiyası” adlandırıb.
Daha əvvəl baş nazir Nikol Paşinyan da onlar haqqında eyni ifadəni işlədib. O bildirib ki, “üçbaşlı müharibə partiyası seçkilərdə xalqın divarı ilə qarşılaşacaq”. Baş nazir bununla seçicilərin onlara səs verməyəcəyini və parlamentə daxil olmalarına imkan verməyəcəyini nəzərdə tutub.
Paşinyanın komandasında “üçbaşlı müharibə partiyası” kimi “Ermənistan” müxalif bloku, həmçinin “Güclü Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyaları göstərilir.
Baş nazir bunu onların liderlərinin Azərbaycanla “sülhün yenidən nəzərdən keçirilməsi” mövqeyindən çıxış etməsi ilə izah edib. Onun sözlərinə görə, bu, qaçılmaz olaraq müharibəyə gətirib çıxaracaq.
“Ermənistan” blokunun lideri sabiq prezident Robert Koçaryandır. “Güclü Ermənistan” partiyasına rusiyalı iş adamı Samvel Karapetyan rəhbərlik edir. O, ötən ilin iyununda hakimiyyəti ələ keçirməyə açıq çağırışlar ittihamı ilə həbs olunub və hazırda ev dustaqlığındadır. “Çiçəklənən Ermənistan” partiyasının təsisçisi və rəhbəri iri sahibkar Qaqik Tsarukyandır.
Parlamentin vitse-spikeri Ruben Rubinyan seçicilərin diqqətini əsas rəqiblərinin seçkilərə necə hazırlaşdığına yönəldib. O xatırladıb ki, “Çiçəklənən Ermənistan” partiyası baş nazirliyə namizədini elan etmir. “Güclü Ermənistan”ın namizədi Samvel Karapetyan isə bu vəzifəyə iddia edə bilməz. Belə ki, Ermənistan Konstitusiyasına əsasən, bu postu yalnız Ermənistan vətəndaşlığı olan şəxs tuta bilər. Halbuki Karapetyan həm Ermənistanın, həm də Rusiyanın və Kiprin vətəndaşıdır. Buna görə Rubinyan nəticəyə gəlir ki, üç müxalif qüvvənin baş nazirliyə vahid namizədi var və bu da onun fikrincə sabiq prezident Robert Koçaryandır.
“Bu, nə deməkdir? Üçbaşlı müharibə partiyasının neçə baş nazir namizədi var? Bir. Çünki rusiyalı oliqarx baş nazirliyə namizəd ola bilməz, Tsarukyan namizəd deyil, çünki namizədinin kim olduğunu deməyəcəyini bildirir. Yəni bu üç qüvvənin ümumilikdə bir baş nazir namizədi var – Koçaryan”, – deyə o bildirib.
“Rusiya Ermənistandakı seçkilərə on minlərlə seçici göndərməyə çalışır”: Yerevanda müzakirələr
“Onlar seçkilərə gizli namizədlə qatılmaq qərarına gəliblər”
Vitse-spikerin fikrincə, parlament seçkiləri ərəfəsində ölkədə kifayət qədər maraqlı vəziyyət yaranıb. Rubinyan vurğulayır ki, “Ermənistan” blokunun seçki siyahısında birinci yerdə baş nazirliyə namizəd Robert Koçaryan göstərilib. “Çiçəklənən Ermənistan” və “Güclü Ermənistan” partiyalarında isə fərqli mənzərə müşahidə olunur.
“Tsarukyanın rəhbərlik etdiyi qüvvənin siyahısında bir nömrəli namizəd Tsarukyandır. Amma baş nazirliyə namizəd Tsarukyan deyil. Bu isə dünya siyasətində unikal nou-hau sayılır: onların baş nazirliyə namizədi sirrdir. Yəni Tsarukyan deyir ki, mənim baş nazirliyə namizədim gizlidir”, – deyə o vurğulayıb.
Qaqik Tsarukyanın partiyası artıq seçicilərə öz seçki proqramını təqdim edib. Lakin baş nazirliyə namizədin adı hələ açıqlanmır.
Rubinyanın sözlərinə görə, “Çiçəklənən Ermənistan” partiyası seçkilərə “gizli namizədlə” qatılmaq qərarı verib:
“Yəni, hörmətli seçicilər, əgər səsinizi Tsarukyanın rəhbərlik etdiyi qüvvəyə verirsinizsə, bilin ki, baş nazirliyə namizəd istənilən şəxs ola bilər”.
Vitse-spiker həmçinin qeyd edib ki, Tsarukyanın partiyasının seçki siyahısında 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə Robert Koçaryanın “Ermənistan” blokunun tərkibində iştirak etmiş şəxslər də yer alır.
Bu yaxınlarda yaradılmış “Güclü Ermənistan” partiyasının seçki siyahısında da Koçaryan komandasının nümayəndələri var. Belə ki, Samvel Karapetyanın rəhbərlik etdiyi partiyanın siyahısında ikinci yerdə Aram Vardevanyan göstərilib. O, “Ermənistan” blokunun keçmiş deputatı və Koçaryanın vəkili olub.
“Gördüyüm siyahılara əsasən belə təəssürat yaranır ki, hamını qarışdırıb bölüblər və vahid siyahı tərtib ediblər. Yəni sadəcə insanların adlarını yazıb qarışdırıblar, sonra hər kəs bir partiyanın adını çəkib və beləliklə siyahı hazırlanıb”, – deyə Rubinyan bildirib.
“Qoy Samvel Karapetyan xarici vətəndaşlıqlarından imtina etsin”
Jurnalistlərdən biri Rubinyana belə sual verib: “Samvel Karapetyan deyir ki, onlar Ermənistan naminə hər şeydən imtina edirlər, siz isə…”. Vitse-spiker sualın tamamlanmasına imkan vermədən cavab verib:
“O, Ermənistan naminə Rusiya və Kipr pasportlarından imtina etməyi planlaşdırırmı? Bu, xilaskarlar arasında yeni trenddir? Hamı ölkəni altı başqa ölkənin vətəndaşlığı ilə xilas etməyə qərar verib. Arxiyepiskop Baqrat [“Müqəddəs mübarizə” müxalif hərəkatının lideri] Kanada vətəndaşı idi. Biz dedik ki, bəlkə Kanada vətəndaşlığından imtina edəsiniz, o da bunu etmədi. Onlar baş nazir olmaq istəyirlər, amma insanları inandırmaq üçün, kiminsə əlaltısı, kiminsə tapşırıqlarını yerinə yetirən olmadıqlarını göstərmək üçün hətta xarici vətəndaşlıqlarından belə imtina etmək istəmirlər”.
Lakin Rubinyan dollar milyarderi Samvel Karapetyanın kimin göstərişlərini yerinə yetirəcəyini dəqiqləşdirməyib. Halbuki məlumdur ki, onun əmlakının və bizneslərinin böyük hissəsi Rusiyada yerləşir.
“Mən bilmirəm, o kimin iradəsini yerinə yetirəcək, amma bu, Ermənistan xalqının iradəsi olmayacaq”, – deyə o vurğulayıb.
“Onlardan hansı yeni simadır?”
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan dəfələrlə bəyan edib ki, onların partiyasında baş nazir postuna bir deyil, hətta bir neçə namizəd var. O, partiyanın nə keçmiş hakimiyyətlə, nə də mövcud hökumətlə bağlı olmadığını vurğulayıb. Tsarukyanın sözlərinə görə, Ermənistana “gələcəyin baş naziri” lazımdır.
“Diqqət çəkən məqam odur ki, Tsarukyan yeni simalara ehtiyacdan danışır. Bəs bu yeni simalar kimdir? Koçaryan yeni simadır? Bəlkə Tsarukyanın özü yeni simadır? Ola bilər, fiziki baxımdan yaxşı qorunub. Amma onda nə yenidir? Yaxud rusiyalı oliqarxda nə yenidir?” – deyə Ruben Rubinyan bildirib.
O, həmçinin xatırladıb ki, Samvel Karapetyanın qardaşı Karen Karapetyan vaxtilə sabiq prezident Serj Sarqsyanın Respublikaçılar Partiyasının fraksiyasına, daha sonra isə onun aparatına rəhbərlik edib.
Jurnalistlər vitse-spikerdən soruşublar ki, niyə Tsarukyan və Karapetyan açıq şəkildə baş nazirliyə namizədlərinin Robert Koçaryan olduğunu demirlər.
“Bəs indi “Çiçəklənən Ermənistan”ın siyahısında olan Martun Qriqoryan niyə Gümrüdə seçki kampaniyası zamanı Vardan Qukasyanın namizədliyini dəstəkləməyəcəyini demişdi? O, insanları çaşdırmaq, səslər qazanmaq istəyirdi, sonra isə gedib Qukasyana səs verdi”.
Martın 30-da Gümrüdə növbədənkənar bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, heç bir partiya 50+1 faiz səs toplaya bilməyib. Ən çox səsi hakim “Vətəndaş müqaviləsi” partiyası qazanıb. Lakin müxalif qüvvələrdən heç biri onunla koalisiya qurmaq istəməyib. Seçki baryerini keçən dörd müxalif qüvvədən üçü Ermənistan Kommunist Partiyasından merliyə namizəd Vardan Qukasyanı dəstəkləyib.
Rubinyanın fikrincə, müxalif qüvvələr “Gümrü-2” ssenarisini həyata keçirmək üçün guya bir-biri ilə əlaqələrinin olmadığını iddia edərək “nağıllar danışacaqlar”.
“Onlar bir-biri ilə heç bir əlaqələrinin olmadığı barədə yanlış təsəvvür yaratmaq istəyirlər. Bu, səsləri toplamaq üçündür. Daha sonra isə birləşəcək və “Gümrü” ssenarisini həyata keçirəcəklər. Amma bir fərqlə. Əgər “Gümrü” ssenarisinin nəticəsində Vardan Qukasyan 6 ay sonra korrupsiya ittihamı ilə həbs olunmuşdusa, bu halda heç kim həbs olunmayacaq. Çünki korrupsiya köhnə yaxşı dövrlərdə olduğu kimi arzuolunan, “vətənpərvər” və hörmətli fəaliyyətə çevriləcək”, – deyə Ruben Rubinyan hesab edir.
Ermənistan parlamentinin vitse-spikeri seçkilər haqqında