Ermənistanda daha iki nəfər koronavirusdan ölüb. Amma ilk dəfədir ki, eyni gündə sağalanlar yoluxanlardan çoxdur
Ermənistanda koronavirusdan daha iki nəfəri xilas etmək mümkün olmayıb.
“65 və 82 yaşlı pasiyentlərin koronavirus xəstəliyi vardı, ikitərəfli ağır pnevmoniya, kəskin nəfəs çatışmazlığı təsdiqlənmişdi. Bundan başqa, onlarda əlavə xroniki xəstəliklər, o cümlədən də hipertoniya, diabet, işemik ürək xəstəliyi, kəskin böyrək çatışmazlığı da vardı”, – Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan məlumat verib.
Ermənistanda koronavirusdan ölənlərin ümumi sayı 16 nəfərə çatıb. Ölənlərin orta yaş həddi 74,8 yaşdır.
Aprelin 14-də həmçinin 28 yeni yoluxma halı qeydə alınıb. 54 nəfər sağalıb. Ölkədə yoluxanların ümumi sayı 1067 nəfərə çatıb. Ümumilikdə 265 nəfər sağalıb.
Martın 16-dan Ermənistanda bir aylıq fövqəladə vəziyyət elan olunub. Aprelin 13-də hökumət fövqəladə vəziyyəti daha bir ay müddətinə uzatmaq qərarını açıqlayıb. Martın 25-dən insanların hərəkətinə ciddi məhdudiyyət tətbiq olunub. Evdən yalnız xüsusi ehtiyac olduğu təqdirdə çıxmaq olar – pasportla və “hərəkət anketi ilə”. Pozuntulara polis nəzarət edir. Bütün ictimai nəqliyyatın, o cümlədən də metronun hərəkəti dayandırılıb.
- Onlayn operalar, konsertlər və həkimlərin rəqsi. Ermənistan sakinləri karantin vaxtı necə əylənir?
- Qafqazda koronavirus. Yenilənir
Baş nazir Nikol Paşinyan Facebook səhifəsində vəziyyəti şərh edib:
“Dünən bizdə 685 test edilib, onlardan 28-i müsbət nəticə verib. Bu, çox önəmli statistik məlumatlardır: ilk dəfədir ki, müsbət nəticəli testlər sağalma hallarından təxminən iki dəfə azdır… Ümumilikdə bizdə yaxşı məlumatlar pis məlumatlardan daha çoxdur. Bunu ona görə demirəm ki, sayıqlığımız azalsın… Bu statistik məlumatlar bizə onu deyir ki, bizim virusun belini qırmaq imkanımız var… Çox şey hər birimizin şəxsi məsuliyyətindən asılıdır”.
Son günlərdə ölkədə aparılan testlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hakimiyyət bəyan edir ki, indi bir sutkada min insanı testdən keçirmək imkanı var.
Bazar ertəsindən fövqəladə vəziyyət komendantlığı bəzi iqtisadi fəaliyyətlər üzərindən məhdudiyyəti götürüb. Məsələn, təkraremal müəssisələrinin işçiləri, inşaatçılar və memarlar iş başına qayıdıblar.
Bununla əlaqədar olaraq baş nazir işverənlərə müraciət edib və onları epidemiyaya qarşı xüsusi tədbirlər görməyə çağırıb. Gün ərzində komendantlıq bunun üçün onlara əlavə tövsiyələr təqdim edəcək.