Ermənistanda mitinq və tətil keçirmək qadağası aradan qaldırılıb
Ermənistanda toplantıların və tətillərin təşkili və bu aksiyalarda iştirakla bağlı məhdudiyyətlər aradan qaldırılıb. Bu qadağalar sentyabrın 27-də, Qarabağda hərbi əməliyyatlar başlayandan dərhal sonra ölkədə elan olunan hərbi vəziyyətlə bağlı tətbiq olumuşdu.
Qərar artıq Ermənistan hökumətinin saytında dərc olunub və həmin andan dərhal qüvvəyə minib.
Buna qədər mövcud olan mitinq qadağasına baxmayaraq, noyabrın 10-dan ölkədə 17 müxalifət partiyası tərəfindən təşkil olunan etiraz aksiyaları keçirilirdi.
Minlərlə insan Yerevanda Azadlıq Meydanına toplaşırdı ki, Qarabağda hərbi əməliyyatların dayandırılması haqda 10 noyabrda imzalanan üçtərəfli bəyanata etirazlarını bildirsinlər. Nümayişçilər və etiraz aksiyasını təşkil edən partiyalar baş nazirin istefasını tələb edirdi və tələblərini davam etdirirlər.
Onlar hesab edirlər ki, Nikol Paşinyan Qarabağın Azərbaycana könüllü təhvil verilməsi haqda “xəyanətkar razılaşma” imzalayıb. Buna görə də itaətsizlik aksiyalarının keçirildiyi Yerevanın mərkəzində tez-tez insanların “Nikol, get” və “Nikol – xain” şüarlarını səsləndirdiklərini eşitmək mümkündür.
Hökumətin mitinqlərin keçirilməsinə və burada iştiraka qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqda qərarının qüvvəyə minməsinə qədər polis hərbi vəziyyəti pozduqları üçün bir sıra aksiya iştirakçılarını saxlayıb.