Ermənistanda ilk ehtiyac malları kəskin bahalaşıb
Ermənistanda ilk ehtiyac malları kəskin bahalaşıb. Günəbaxan yağı, un, çörək və şəkər hələ Yeni İl bayramına qədər 30-40 faiz bahalaşmışdı. Rəqəmləri “İstehlakçıların Məsləhər Mərkəzi” QHT-in sədri Karen Çilingəryan açıqlayıb.
Amma bundan dərhal sonra iqtisadiyyat naziri Vahan Kerobyan hökumətin iclasında qiymət artımı ilə bağlı hesabat verərkən əmin edib ki, vəziyyət nəzarət altındadır və ölkədə inflyasiya 2,5 faizi aşmayacaq.
- “Ermənilərin xilası ermənilərin öz seçimindən asılıdır” – politoloq
- Ermənistan və Azərbaycanı nəqliyyat dəhlizləri birləşdirəcək – Moskvada liderlərin görüşünün nəticələri
Nazir nə deyir?
Nazirin bildirdiyinə görə, Ermənistanda inflyasiya “qonşulardan” daha aşağı səviyyədədir:
“Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, İran və Gürcüstanda inflyasiya daha yüksəkdir. Bizdə Mərkəzi Bankın sayəsində kifayət qədər yumşaq vəziyyətdir. İndi əgər malların qiymətinin konkret artımından danışsaq, bir malın qiymətinin bahalaşması digərinin ucuzlaşaması ilə kompensasiya olunur”.
Üstəlik, bəzi malların qiymətləri beynəlxalq bazarda kəskin artıb və “Ermənistan qiymətlərin endirilməsi ilə bağlı öz siyasətini yürüdə bilmir”.
Nazirin sözlərinə görə, 2020-ci ildə ixrac, idxal və istehlak sahələrində ən çox enmə qeydə alınıb:
“Bu üç sahədə təxminən 20 faiz enmə müşahidə olunur”.
Ümumi göstəricilərə görə, 2020-ci il üzrə iqtisadi enmə 8,5 faiz kimi proqnozlaşdırılır. Rəsmi real rəqəm yanvarın sonunda elan olunacaq.
Eyni zamanda nazir artıq iddialı hədəfi haqda elan edib – 2021-ci ildə “ikirəqəmli iqtisadi yüksəlişə” nail olmaq.
Ekspert nə deyir?
Çörək, un və digər məhsulların qiymətinin yüksəlməsini “İstehlakçılara Məsləhət Mərkəzinin” sədri bu malların Rusiyada da bahalaşması ilə izah edib. Ermənistana bu məhsullar məhz Rusiyadan gətirilir.
“Un qiymətinin bahalaşması fonunda təsərrüfatçı subyektlər çörək qiymətinin qorunması məqsədilə onun çəkisini 30 qram azaldıblar”, – Karen Çilingəryan bildirib.
Qiymət artımının digər səbəbi, onun sözlərinə görə, milli valyuta dramın devalvasiyasıdır.
Ekspert həmçinin 2021-ci ilin əvvəlindən Türkiyədən gətirilən mallara qadağa qoyulmasını da şərh edib. Embarqo ötən ilin oktyabrında, ikinci Qarabağ müharibəsi zamanı elan olunub və hökumət öz qərarını Türkiyənin Azərbaycanı dəstəkləməsi ilə izah edib.
Üstəlik ehtimal olunurdu ki, bu addım yerli istehsalçıları qoruyacaq. Buna qədər Türkiyədən idxalın həcmi ildə təxminən 250-270 milyon dollar təşkil edirdi.
Amma hələlik ekspertin sözlərinə görə Türkiyə məhsulları daha çox Rusiya, Çin və ya İran analoqları ilə əvəzlənəcək:
“Məişət kimyası əsasən Türkiyədən idxal edilirdi, indi isə Qazaxıstandan, Ukraynadan və Rusiyadan. Qiymət artımı hələlik yoxdur, amma bunu istisna etmək olmaz”.