Ermənistan-Azərbaycan sərhədində toqquşma – bir nəfər həlak olub
Ermənistan-Azərbaycan sərhədində bir neçə gün ardıcıl gərginlik yaşanıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, martın 6-da səhər saatlarında Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərindən birinə diversiya müdaxiləsi etməyə cəhd göstərib.
Azərbaycan tərəfi bu xəbəri təkzib edir və bildirir ki, Ermənistan qüvvələri Azərbaycan mövqelərini atəşə tutub.
İki ölkənin hərbi qurumlarının yaydığı məlumatlar da ziddiyyətlidir.
1991-1994-cü illərdə Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsi – Azərbaycanın Dağlıq Qarabağ Muxtar Respublikası və ətraf rayonlar ətrafında silahlı münaqişə yaşanıb. Hazırda münaqişə dondurulub, Dağlıq Qarabağ tanınmamış respublika statusunda qalıb, sərhəddə isə vaxtaşırı atışma baş verir. Sonuncu ciddi gərginlik 2016-cı ildə – onlarla insanın həlak olduğu “aprel müharibəsi” və ya “dördgünlük müharibə” zamanı baş verib.
• Ermənistan və Azərbaycanın münasibətləri haqda
Bakıdan və Yerevandan yayılan xəbərlər.
Bakıdan məlumat
Azərbaycanın Dövlət Sərhəd Xidmətindən verilən məlumata əsasən, martın 5-də 19:10-da “Ermənistan hissələri Azərbaycan-Ermənistan dövlət sərhədi boyu kobud şəkildə atəşkəsi pozub”.
Snayper atəşi ilə 23 yaşlı azərbaycanlı sərhədçi Orxan Paşazadə həlak olub. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
“Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədini qoruyan hərbçinin ölümünə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır”, – Trend Sərhəd Xidmətinə istinadən yazıb.
Azərbaycan tərəfinin diversiyasına gəlincə, Sərhəd Xidməti bunu təkzib edir. Qurumun versiyasına görə, martın 6-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri iriçaplı silahlardan və snayper tüfənglərindən Azərbaycan mövqelərini atəşə tutublar.
“Cavab atəşilə düşmən təxribatının qarşısı alınıb”, – xidmətin bəyanatında deyilir.
Yerevandan informasiya
Martın 5-də axşam Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan Facebook səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Tavuş vilayəti istiqamətində Ermənistan mövqelərini atəşə tutduğu haqda məlumat verib. O, baş verənləri təxribat kimi dəyərləndirib, çünki Azərbaycanın hərbi hissələri bu istiqaməti artıq bir neçə gündür ki, iriçaplı silahlardan atəşə tutub.
“Ermənistan SQ-ə aid hərbi hissələr bir qayda olaraq təmkin nümayiş etdirir, amma məqsədyönlü atəş cavabsız qala bilməz. Bu təxribatlara və bunların nəticələrinə görə bütün məsuliyyət Azərbaycan tərəfinin üzərinə düşür.
Martın 6-da səhər saatlarında isə Azərbaycan tərəfinin diversiya cəhdi haqda məlumat yayıb. Ermənistanın Müdafiə Nazirlyinin mətbuat xidmətinin bəyanatında deyilir ki, əməliyyat təxminən 5:30-da Ermənistan sərhədinin şimal-şərq hissəsindəki hərbi mövqeləri istiqamətində başlayıb.
Həmçinin bildirilir ki, Azərbaycan hərbçiləri itki verərək geri çəkilməyə məcbur olub, geri çəkilərkən onlar sursat və minaaxtaranı orada qoyub gediblər. Ermənistan tərəfindən bir hərbçi yüngül yaralanıb.
“Baş verənlərin analizi göstərir ki, müvafiq hazırlıq keçən şəxsi heyət tərəfindən reallaşdırılan bu diversiya müdaxiləsi üçün rəqib ciddi hazırlaşıb. Qeyd etmək lazımdır ki, minalı sahələrdə irəliləmək üçün Almaniya istehsalı olan minaaxtarandan istifadə olunub”, – Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.