Dünya Vladimir Putinin doğum gününü iqnor edib
REUTERS/Sergei Karpukhin
Oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putinin 65 yaşı tamam olub. Dünyadakı 200 dövlət başçısından cəmi 10-u, əsasən MDB ölkələrinin başçıları onu təbrik edib. Dünyanın 20 nəhəng iqtisadiyyat ölkəsi sırasına daxil olan heç bir dövlət başçısı təbrik göndərməyib.
Vladimir Putinin yubileyini iqnor edənlərin sırasında Rusiyanın rəsmi kütləvi informasiya vasitələrində Moskvanın müttəfiqi adlandırılan ölkə rəhbərlərinin də olması diqqəti cəlb edən faktdır. Məsələn, Venesuella, Kuba, Qvineya, Çin liderləri.
Rusiyada Vladimir Putinin doğum gününün qeyd olunması qalmaqalsız ötüşməyib. “Zvezda” telekanalı təbrik göndərən xarici dövlət rəhbərlərini sadalayarkən onların sırasında Çeçenistan prezidenti Ramzan Kadırovun da adını çəkib. “Rossiya seqodnya” informasiya agentliyinin Nyu Yorkda Rusiya prezidentinin doğum günü şərəfinə nəhəng “putinburgerin” hazırlanması haqda xəbər isə yoxlanılandan sonra feyk çıxıb.