Donald və Melaniya Tramp uzun müddət inkar etdikləri Covid-19 virusuna yoluxublar
73 yaşlı Donald Tramp Twitter hesabında onun və Melaniya Trampın koronavirus testlərinin müsbət nəticə verdiyini açıqlayıb. Bununla əlaqədar olaraq prezident və həyat yoldaşı karantinə qapanıblar.
“Biz bundan birlikdə keçəcəyik”, – o yazıb.

Baş verənlərin günahkarının Trampın yaxın köməkçisi 31 yaşlı Houp Hiks olduğu ehtimal edilir. O, ABŞ prezidentinin çevrəsindən koronavirus testi müsbət çıxan yeganə şəxsdir.
Bu yaxınlarda Tramp və Hiks Ohayo ştatına seçkiqabağı mitinqə yollandıqları zaman birlikdə prezident təyyarəsinin göyərtəsində olublar. Hər ikisi prinsipial olaraq maska taxmaqdan imtina edib.
Ümumiyyətlə bütün pandemiya dövründə Donald Tramp koronavirus təhlükəsinin şişirdildiyini bildirir, onunla mübarizə tədbirlərini isə lazımsız adlandırırdı.
Mütəxəssislər hesab edirlər ki, Trampın məhz bu cür məsuliyyətsiz və elmə zidd yanaşması ABŞ-ın inkişaf etmiş ölkələr arasında ağır xəstəlik sayına görə liderlik etməsinə səbəb olub.
• “Kəs səsini!” – Tramp və Baydenin ilk teledebatı. Video
• Şərh: Putin Trampdan istifadə edir, Avropa sayıq olmalıdır
ABŞ prezidentinin şəxsi həkimi bildirib ki, hazırda prezident və həyyat yoldaşı özlərini yaxşı hiss edirlər və xəstəlik Trampa vəzifəsini icra etməyə mane olmayacaq.
Amma bütün Amerika mediası bu hadisənin 2020-ci il noyabrın 3-də keçiriləcək prezident seçkilərində Trampın seçkiqabağı kampaniyasına ciddi zərbə vuracağı fikrində uzlaşır.
Onun güclü tərəfi seçkiqabağı mitinqlərdə canlı çıxışlarıdır, bu görüşlər isə artıq Tramp üçün mümkünsüzdür.
