Trampın inauqurasiyası
Bu gün Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın təntənəli inauqurasiya mərasimi baş tutacaq.
İnauqurasiya mərasimi ABŞ-ın şərq sahillərinin vaxtı ilə 09.30-da musiqili çıxışlarla başladı. Milli himni 16 yaşlı müğənni Ceki İvanko ifa edəcək, dini liderlərin çıxışları başlanacaq, daha sonra vitse-prezident Maykl Pensin and içməsi baş tutacaq, saat 12-də isə Donalt Tramp özü andiçmə mətnini səsləndirəcək.
Dünən Vaşinqtonda keçirilən konsertdə Donald Tramp seçicilərə Amerikanı “birləşdirəcəyinə” söz verib. “Biz ölkəni birləşdirmək niyyətindəyik… Biz Amerikanı bütün xalq üçün möhtəşəm etmək istəyirik. Ölkəmizdəki hər kəs və hamı üçün”, – ikisaatlıq konsertin sonunda Tramp deyib.
Linkoln memorialının pillələri üzərində çıxış edərkən Tramp amerikalılara dəyişikliklər, o cümlədən yeni iş yerlərinin açılmasını, sərhədlərin möhkəmləndirilməsini, ordunun gücləndirilməsini vəd edib.
Trampın inauqurasiyası Amerika xüsusi xidmət orqanlarının yeni seçilmiş prezidentin silahdaşlarına qarşı başlatdığı istintaq haqda informasiyaların fonunda baş verir. The New York Times qəzetinin yazdığı kimi, istintaq Trampın yaxın ətrafının Rusiya rəsmilərilə əlaqələrini araşdırır. Nəşrin məlumatına görə, istintaqa cəlb olunanlar Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafort, biznesmen, seçki kampaniyasının xarici siyasət məsələləri üzrə müşaviri Kater Peyc və Trampım müşaviri və vəkili Rocer Stoundur.
Bir gün əvvəl ABŞ prezidenti Barak Obama seçicilərinə vida məktubunu dərc edib. “Vəzifədə olduğum müddətdə öyrəndiyim hər şeyi sizlərdən öyrənmişəm”, – Obama yazıb. – “Sizin sayənizdə mən həm prezident, həm də insan kimi daha yaxşı oldum”.
Məktubda prezident həmçinin hakimiyyəti dövründə əldə edilmiş nailiyyətləri – səhiyyə, yüksək texnologiyalar, amerikalıların böyük əksəriyyəti üçün tibbi xidmətlərin əlçatımlığı, eynicinsli nikahların leqallaşdırılması, qaçqınlara yardım sahəsində əldə edilmiş uğurları xatırladıb.
Sonda Obama amerikalıları siyasi mənsubiyyətindən asılı olmayaraq yaşadıqları ölkənin vicdanlı vətəndaşları olmağa səsləyib. “Sizə elə gəlsə ki, inkişaf sürəti azalır, xatırlayın: Amerika bir insanın layihəsi deyil. Bizim demokratiyamızda bir, ən qüdrətli kəlmə var: “biz”. Biz xalqıq. Biz hər şeyin öhdəsindən gələcəyik. Bəli, biz bacaracağıq”, – Obama bildirib.
Ağ Evi tərk etdikdən sonra 44 yaşlı ABŞ prezidentinin nə ilə məşğul olacağı hələ ki məlum deyil. Ola bilər ki, Obama ictimai və pedaqoji fəaliyyətlə məşğul olacaq. O, Ali Məhkəmənin hakimi olacağı ehtimalını təkzib edib.
BBC-nin qeyd etdiyi kimi, öz müsahibələrində o, bildirib ki, yeni nəsil demokrat liderlərin yetişdirilməsinə kömək etmək istəyir, “idealda isə NBA basketbol komandası yaratmaq” arzusundadır.