Çeçenistanda yanvar edamı
Çeçenistanda geylərin öldürülməsi
2017-ci il yanvarın 26-na keçən gecə Qroznıda heç bir ittiham irəli sürülmədən gizlincə onlarla insan güllələnib. Jurnalistlər təxmin edirlər ki, onların sayı 27 nəfərdən 56 nəfərə qədər ola bilər.
Rusiyanın “Novaya qazeta”sının jurnalistləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
Foto: Anton Podqayko, / TASS
Qəzet belə detalları diqqətə çatdırır.
2016-cı il dekabrın 17-də Qroznıda polis əməkdaşına hücum olandan sonra Çeçenistanda kütləvi həbslər baş verdi. Yanvarın əvvəlində xüsusi əməliyyatlar həyata keçirildi və kütləvi şəkildə insanlar saxlanıldı.Amma saxlanılanlar rəsmən qeydiyyata alınmır, onlara qarşı heç bir ittiham irəli sürülmürdü, bunun əvəzində isə onları zirzəmilərə və polis şöbələrinin yardımçı məkanlarına yerləşdirirdilər. Həbslər yanvarın sonuna qədər davam etdirildi, qəzetin məlumatına görə, ümumilikdə iki yüzə yaxın insan saxlanılmışdı.
Saxlanılanlardan bir hissəsi yalnız 20 fevralda “leqallaşdırıldı”, yəni formal olaraq insanlar faktiki saxlanılandan ay yarım sonra həbs edilmişdi. Onların hamısına qarşı qanunsuz silah dövriyyəsi və qanunsuz silahlı qruplaşmada iştirakla bağlı ittiham irəli sürülmüşdü.
Jurnalistlər ehtimal edirlər ki, ay yarım ərzində insanları qanunsuz olaraq təzyiq altında saxlamaqla onlardan etiraf ifadələri alınıb ki, bu da Çeçenistanda çox vaxt təqsirin yeganə sübutu olur.
“İşarələnmiş” siyahı
Jurnalist araşdırmasının gedişatında “Novaya qazeta” Çeçenistan Daxili İşlər Nazirliyindəki mənbələrdən yanvarda saxlanılanların siyahısı əldə edə bilib, orada 67 nəfərin adı var.
“Bu insanların taleyi ilə bağlı hər hansı məlumatı öyrənmək cəhdlərimiz həmsöhbətlərimizin dəhşətli qorxusuna səbəb olurdu”, – “Novaya qazeta” yazır. Şali şəhər administrasiyasının əməkdaşı da onlardan biridir, o, vahiməyə düşərək jurnalistlərin təqdim etdiyi siyahıda şalililərin ad-soyadlarına belə baxmaq istəməyib və deyib:
“Yanvarda Şalidə saxlanılanların heç biri artıq yoxdur. axtarmayın”.
Hazırda jurnalist araşdırmasının müəlliflərinə qətl edildiyi ehtimal olunan ümumilikdə 27 nəfərin adları məlumdur, hərçənd, söhbət 56 Çeçenistan sakinindən gedə bilər. Onlar müxtəlif günlərdə həbs olunublar, amma ölüm tarixi hamısında eynidir – yanvarın 25-dən 26-na keçən gecə.
Həmin bu gecə bütün həbs olunanlar Qroznıda polisin post-patrul xidməti alayının ərazisində saxlanılıb.
“Novaya qazeta”da olan məlumata görə, saxlanılanları bu gecə güllələyib, müxtəlif qəbiristanlılara, həmçinin də xristian məzarlığına daşıyıblar və tələsik qazılmış çalalarda basdırıblar.
Siyahıların diqqətlə öyrənilməsi belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmədən kənar edam qərarı mərkəzləşdirilmiş şəkildə və nə qədər qəribə olsa da, spontan verilib – bu, Çeçenistan DİN-dən jurnalistlərə ötürülən sənədin analizindən irəli gəlir. Sənədə saxlanılanların fotoları əlavə edilib (bəzilərindən görünür ki, onlar qandalla batareyaya pərçuimlənib), fotoların qarşısında isə müxtəlif işarələr var, işarələr sırasında “minus” da yer alıb ki, jurnalistlər də bunun saxlanılan şəxsin məhvini göstərdiyini ehtimal edirlər.
Ölülər danışır
“Novaya qazeta” jurnalistlərin təsvir etdikləri bütün faktların yoxlanılması üçün cinayət işinin qaldırılmasına israr edir. Meyitlərin eksqumasiyası və ölümün səbəblərinə dair məhkəmə-tibbi ekspertizadan keçirilməsi güllə yarasının olub-olmadığını ortaya çıxarmağa qadirdir, güllə yarasının izi sümüklərdə həmişəlik qalır. Qətl edildiyi ehtimal olunanların şəxsiyyətini müəyyən etmək də çox asandır – bunun üçün qurbanların ailə üzvlərindən DNK nümunələri götürmək və müqayisəli analiz aparmaq lazımdır.
Çeçenistanda geylərin təqib olunması ilə bağlı vəziyyətdən fərqli olaraq (bu zaman onların ailələri könüllü olmasa da, repressiyalarda fəal iştirak etmişdilər), bu məsələdə ekstremizmdə şübhəli bilinərək saxlanılanların qohumları istintaqa kömək edəcəklər.
Üstəlik, heç də hər kəs doğmasının başına nə iş gəldiyindən xəbərdar deyil. Çoxları həklə də saxlanılan qohumlarının evə sağ qayıdacağına ümid edir. Onlar hələ də yanvarda yoxa çıxmış doğmalarını axtarır, polisə gəlib soruşurlar.
Cavabında isə artıq neçə aydır ki, eyni cavabı eşidirlər – “bəlkə onlar artıq Suriyadadırlar”, “özünüz öz qohumlarınıza sahib çıxmalısız, bizdən nə istəyirsiz”. Ən yaxşı halda isə deyirlər ki, “vaxtı gələndə, biləcəksiz”.
“Səlahiyyətli hüquq-mühafizə orqanlarının timsalında dövlət bizə başqa çıxış yolu qoymadığı üçün biz faktları dərc edirik. Biz iki ay əməkdaşlığa ümid etdik, hansı ki, lap əvvəldə çox səmərəli idi. İndi isə artıq aydındır ki, Rusiya İstintaq Komitəsi bu situasiya ilə bağlı öz mövqeyini təslim edir, eynən Boris Nemtsovun qətli ilə bağlı işdə olduğu kimi. Məhz bu səbəbdən bizdə olan məlumata görə, Qroznıda baş vermiş bəlkə də ən dəhşətli məhkəməsiz edam qurbanları olmuş insanların siyahısını dərc edirik. Və indi canlı müraciətçilərin olmadığına istinad edən istintaq xüsusi şahidlərlə işi aparmalı olacaq”, – “Novaya Qazeta” yazır.