Bu gecə Kiyevdə polis və nümayişçilər arasında toqquşma baş verib
Paylaşmaq
Paylaşmaq
Ötən gecə Kiyevin Avropa meydanında aksiya iştirakçıları və polis arasında baş verən toqquşmalar zamanı üç polis əməkdaşı ciddi xəsarət alıb, beş etirazçı saxlanılıb.
“Qadın polis əməkdaşının barmaqları sındırılıb. Digərinin isə qolu. Üçüncü qapalı kəllə-beyin travması alıb və burnu sınıb”, – Milli Polis rəhbəri Sergey Knyazev bildirib.
Eyni zamanda Qromadski TV xəbər verir ki, Qırmızı Xaçın Maydanda növbə çəkən tibb personalı toqquşmalar nəticəsində ən azı on nəfərin xəsarət aldığını bildirib. Onların sözlərinə görə, yaralananlardan biri kəllə-beyin travması alıb.
Fevralın 19-da Kiyevin mərkəzində Müstəqillik Stellası önündəki aksiyadan – Kiyevin nəzarətindən çıxmış Donbasla ticarət blokadasını dəstəkləyən “xalq toplantısından” sonra aksiya iştirakçıları Prezident Administrasiyasına doğru gediblər. Orada onlar çadır qurmağa cəhd göstəriblər, amma ərazidən uzaqlaşdırılıblar. “Blokada toplantısının” iştirakçıları, o cümlədən Ali Rada deputatları Semyon Semyonçenko və Yeqor Sobolev yenidən administrasiyaya doğru irəliləmək istəyiblər, amma polis onları Avropa meydanından Kreşşatnikə keçməyə imkan verməyib. Orada toqquşmalar baş verib və nəticədə bir neçə kamuflyajlı adam saxlanılıb.
Daha sonra saxlanılanlar azad edilib, polisə hücum faktı ilə bağlı cinayət işi qaldırılıb.
Nezalejnost Maydanında etirazçıların güllələnməsinin üçüncü il dönümü Kiyevdə fevralın 18-də qeyd edilib.