Bakıda yataqxanada baş verən yanğın nəticəsində iki nəfər həlak olub
Martın 6-a keçən gecə Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın nəticəsində Surxay və Elza Əliyevlər cütlüyü həlak olub. Ölənlər Qarabağ köçkünləridir.
Qonşu otaqdan tüstü gəldiyini hiss edən ər-arvad dəhlizə qaçıblar, orada huşlarını itirib, boğulublar, Qafqazinfo xəbər verir.
Yataqxananın bütün sakinləri evakuasiya edilib. Ümumilikdə 22 nəfər ziyan çəkib, onlardan beşi xəstəxanaya yerləşdirilib.
• Rusiyanın Maqnitoqorsk şəhərində partlayış: qaz sızması, yoxsa terror aktı?
Yanğının baş verdiyi mənzil tamamilə yanıb. İlkin versiyaya görə, orada elektrik naqillərində qısaqapanma baş verib. Binanın qalan hissəsi salamat qalıb.
Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistandan,Dağlıq Qarabağ və ətraf rayonlardan qaçqın və məcburi köçkün düşüb. Bakıya gələndən sonra onlar yataqxanalar da daxil olmaqla ən müxtəlif yerlərdə məskunlaşıblar. Bu illər ərzində onların çoxunu dövlət yaşayış yeri ilə təmin etsə də, minlərlə insan hələ də belə şəraitsiz vəziyyətdə yaşayır.
• Üç qadın və yataqxanada bir otaq – qaçqın ailəsinin hekayəsi
Ötən ilin noyabrında köçkünlərin yaşadığı başqa bir binada da oxşar hadisə baş vermişdi. O zaman yanğın 46 ailəni evsiz qoymuşdu.