Sentyabrın 14-ü səhər saatlarında Bakıda – Təhsil Nazirliyinin yerləşdiyi binanın qarşısında təkadamlıq etiraz aksiyası keçirilib. Etirazçı Arzu Quliyeva müəllimlərin işə qəbulu üzrə imtahanların ləğv edilməsini tələb edib. Onun fikrincə, imtahanlar ədalətsiz keçirilir. Polis aksiyaya müdaxilə edib.
Müəllim namizədi Arzu Quliyeva 2015-ci ildən bəri müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlarında iştirak etsə də, iş tapa bilmir. Bu il isə etiraz olaraq imtahanda iştirak etməyib.
Onun sözlərinə görə, 60 min ali təhsilli müəllimdən cəmi 6 min nəfərə yer ayrılır və bu, çoxsaylı işsizlər ordusunun yaranmasına səbəb olur.
A.Quliyeva imtahanların ədalətsiz keçirildiyini deyir. O əlavə edir ki, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 40 sualdan 35 suala düzgün cavab versə də, kurrikulum sualları proqramdan kənar salınır.
Arzu Quliyeva bu gün səhər saatlarında Təhsil Nazirliyinin qarşısında “MİQ imtahanı ləğv edilsin” şüarı ilə təkadamlıq aksiya keçirib. Bir müddət sonra nazirliyin nümayəndələri və polislər təzyiq göstərərək etirazçının şüarını əlindən alıb.
Təhsil Nazirliyinin nümayəndəsi onu qəbul etsə də, heç bir dəyişiklik olmayacağını bildiriblər.