Bakıda avtomobil yolu çöküb
Yolun hərəkət hissəsinin qruntla örtülü hissəsi 4 metr çöküb. Bu, Cəlil Məmmədquluzadə küçəsində, Bakının mərkəzinə yaxın ərazidə iyulun 15-ə keçən gecə baş verib. Yolun 150 kvadratmetrlik hissəsi çökəyə çevrilib.
Report yazır ki, bu zaman yoldan bir neçə avtomobil keçirmiş. Onlardan bəziləri zədələnib. İnsanlar xəsarət almayıb.
Videoda ziyan çəkmiş avtomobilin sürücüsü maşının əzilmiş aşağı hissəsini göstərir və danışır ki, digər avtomobilləri qorumaq üçün yola xəbərdarlıq nişanı qoyub.
Ötən gecə bu yolda borulaşdırma işi başlayıb. Duyarlı sürücü də bu iş üçün istifadə olunan ehtiyat nişanlarından yararlanıb. İlk başda bəziləri hesab edirdi ki, yol elə bu borular üzündən çöküb. Digər versiya da mövcud idi – məsələ yaxınlıqda tikilən metro ilə bağlıdır. Daha sonra Avtomobil Yolları Agentliyi qazıntı aparıb və 5-6 metr dərinlikdə tunelə bənzər bir şey aşkarlayıb. Bunun daha əvvəl bu yerdə mövcud olan və axıra qədər sökülməmiş binanın fundamenti və ya divarları olduğu ehtimal edilir. Agentliyin fikrincə, məhz bu, çökməyə səbəb olub.
Bu yol təxminən 8 il əvvəl yaxınlıqda aparılan metro tikintisinə görə alternativ yol kimi ayrılıb. Bu yolla mütəmadi gedib-gələn sakinlərin sözlərinə görə, yol artıq çoxdandır ki, qəzalı vəziyyətdə olub.