Bakı 2024-cü ili qeyd edir
Bakı Yeni ili qarşılayır
Bakı Yeni ili fərqli əhval-ruhiyyə və yeni ümidlərlə qarşılayır. Bu bayramda hər kəs möcüzələrə az da olsa inanmaq istəyir.
Müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ərazi bütövlüyünü bərpa edən ölkə üçün ötən 2023-cü il ümumilikdə uğurlu olub.
İnsan hüquqlarının və əsas azadlıqların qorunması baxımından isə il uğursuz keçib. Azərbaycanda siyasi məhbusların sayı 250-ni ötüb. İlin son ayları müstəqil jurnalistlərin həbsi ilə yadda qalıb.
Yeni 2024-cü ildə ölkə seçki kampaniyası dövrünə qədəm qoyur. Fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək və bu seçkilərdə ekspertlər hazırkı prezident İlham Əliyevin inamlı qələbəsini proqnozlaşdırırlar.
Azərbaycan artıq dördüncü dəfədir ki, Yeni ili quru sərhədləri bağlı şəkildə qeyd edir. Ölkədə xüsusi karantin rejimi 2 aprel 2024-cü il tarixinədək uzadılıb. Quru sərhədləri 2020-ci ilin mart ayından etibarən bağlanıb, rəsmi səbəb koronavirus pandemiyası olsa da, ÜST pandemiyanın artıq bitdiyini çoxdan elan edib.
Amma bütün əvvəlki bayramlarda olduğu kimi, Azərbaycan xalqı da Yeni ili ən xoş arzularla qarşılayır. Axı bu bayramda hər kəs möcüzələrə az da olsa inanmaq istəyir…