Bakı bulvarının əsas simvollarından hesab edilən gəmi gəzintiləri iki illik fasilədən sonra Azərbaycanda keçirlən COP29 günlərində bərpa edilib. 450 sərnişinlik “Mirvari” adlı gəmi ilə artıq bir həftədən çoxdur Xəzər dənizində turlar keçirilir. Digər gəzinti gəmisi – 60 nəfərlik “Şəfəq” isə hələ fəaliyyətə başlamayıb.
Xəzərin Bakı sahilində dəniz gəzintiləri 2022-ci ilin oktyabr ayından bəri dayandırılmışdı. Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin açıqlamasına görə, bunun əsas səbəbi Xəzər dənizində su səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi idi.
Buna görədir ki, 2022-ci ilə qədər “Sadko” körpüsünün yanından hərəkət edən gəmilər, yeni marşrut xəttinə əsasən indi Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edir. Dənizin bu hissəsindəki dərinlik gəminin daha rahat və təhlükəsiz hərəkət etməsinə imkan verir.
Başqa bir dəyişiklik əvvəllər dəniz gəzintiləri 10-15 nəfərlik motorlu qayıqlarla həyata keçirildisə, indi artıq böyük gəmilər dövriyyəyə buraxılıb.
“Mirvari” gəmisində 30-40 dəqiqə davam edən səyahət 5-10 manata başa gəlir. Kafe və iki göyərtəyə malik gəmi üç mərtəbədən ibarətdir. Birinci və ikinci mərtəbələrdə səyahət etmək üçün biletin qiyməti 5, üçüncü mərtəbədə isə 10 manatdır. 6 yaşa qədər uşaqlar üçün gəzinti pulsuzdur.
Həftəsonları “Mirvari” gəmisinin kafesində sərnişinlərə səhər yeməyi təklif olunur ki, bunun da qiyməti 30-40 manat arasında dəyişir.
Gəzinti marşrutunun cədvəlinə əsasən, gəmilərin əlverişsiz hava şəraiti istisna olmaqla bütün həftə boyu fəaliyyət göstərməsi nəzərdə tutulub.
“Gəmi səyahəti qış rejimində fəaliyyətə başladığı üçün saat 14:00-dan 21:00-a qədər davam edəcək. Yaz-yay aylarında gəzinti qrafiki dəyişə bilər”, – Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva mətbuata bildirib.
Gəzinti gəmilərinin fəaliyyətinin bərpa olunması ilə Bakı sakinləri və şəhərin qonaqları kassa qarşısında növbəyə düzülüblər. Görünən odur ki, getdikcə soyuyan havalara rəğmən iki illik fasilədən sonra bərpa olunan gəmi gəzintisi olduqca aktualdır.