Keçmiş deputat 8 il müddətinə azadlıqdan məhrum edilib
Bəydəmirli işi – Azərbaycanda həbslər
Azərbaycanda təhdid yolu ilə qəsbdə təqsirləndirilən sabiq deputat 8 il müddətinə azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Nazim Bəydəmirli özünü təqsirli bilməyib və bir daha bəyan edib ki, ötən ilin iyununda kütləvi etiraz aksiyaları ilə gündəmə gələn Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərini müdafiə etdiyinə görə cəzalandırılıb.
- COP-29 ərəfəsində Bakıda yeni velosiped zolaqları və dayanacaqları
- Bəxtiyar Hacıyev artıq öz işi üzrə məhkəmə prosesində iştirak etməyəcəyini bildirib
- Kamala Harrisin Qarabağ ermənilərinin geri qayıtmaq hüququ haqda bəyanatına Azərbaycandan reaksiya
8 il həbs və 49 740 manat kompensasiya
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat, sahibkar Nazim Bəydəmirliyə hökm oxunub.
Vəkil Aqil Layıc öz çıxışında bildirib ki, Bəydəmirliyə qarşı irəli sürülmüş təhdid yoluyla tələbetmə ittihamı məhkəmədə sübut olunmayıb. Prosesdə müdafiə tərəfinin vəsatətlərinin heç biri təmin edilməyib və ittihama dair heç bir sübut göstərilməyib. O, Bəydəmirliyə qarşı işi “qanuni terror” adlandırıb.
Hüquq müdafiəçisi diqqəti Bəydəmirlinin tanınmış alim və iqtisadçı, parlamentin keçmiş deputatı olmasına yönəldib və məhkəmədən ona bəraət verilməsini istəyib.
Sahibkar özü cinayət işini Gədəbəy rayonunun Söyüdlü kəndində ətraf mühitin qızıl mədəni müəssisəsi tərəfindən çirkləndirilməsinə qarşı yerli sakinlərin etirazlarına dəstəyilə əlaqələndirib. Eyni zamanda, ilk həbs edildiyi zaman dövlət televiziyası və hökumətyönlü media onu əsassız olaraq “etirazların təşkilatçısı” adlandırıb.
“Söyüdlü hadisələri dövründə mətbuatda çıxışlar etmişəm. Nə iqtidara, nə müxalifətə yaxın olmamışam, müstəqil iqtisadçı olmuşam. Söyüdlü hadisələrinə görə yayılan videolar heç də xoş hal deyildi. Qocalara, yaşlılara qaz sıxmaq, dubinka vurmaq yaxşı deyil. Polis Azərbaycanın dövlət orqanıdır, heç vaxt təhrikedici çıxışlar etməmişəm. Heç Daxili İçlər Nazirliynin xəbəri olmadan belə AzTV-də təşkilatçı kimi təqdim olunmuşam. Bu aylar ərzində nəyin və kimin günahını çəkirəm?” – deyə o, məhkəmə qarşısında sual edib.
Bununla belə Bəydəmirli öz həbsini “siyasi sifariş” hesab etmir.
“Bütün bunlara rəğmən bu həbsi siyasi sifariş olaraq qəbul etməmişəm. Siyasi məhbus ifadəsini yerli və beynəlxalq qurumlar qəbul edir. Bu siyahı ölkəmizə təzyiq kimi istifadə olunur. Adımın da orada olması mənə xoş deyil. Amma mənə dəstək olan hər kəsə minnətdaram. Mən bəraət istəyirəm, dövlətdən kompensasiya istəmirəm. Yazdığım yazı kiminsə xoşuna getməyibsə bu o demək deyil ki, dövlətə qarşı getmişəm. Mən onların hamısını bağışlayıram”, – deyə o qeyd edib.
Keçmiş deputat həbsdə qaldığı 15 ayı “mənəvi işgəncə” adlandırıb. Bəydəmirli özünü günahsız hesab edir və məhkəmədən ona bəraət verilməsini xahiş edib.
Lakin məhkəmə onun 8 il müddətinə azadlıqdan məhrum edilməsi və zərərçəkmişə 49 740 manat kompensasiya ödəməsi barədə hökm çıxarıb.
İki həftə əvvəl prokuror məhkəmədən Bəydəmirlinin 9 il həbs cəzasına məhkum olunmasını istəmişdi.
“İddialara görə, Bəydəmirli 1996-cı ildə Lipetskdə təhdidlə pul tələb edib”
Nazim Bəydəmirli 4 iyul 2023-cü ildə Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə) maddəsilə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Ertəsi gün məhkəmə onun haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bəydəmirli ittihamı rədd edərək, uydurma adlandırıb.
1 sentyabr 2023-cü ildə Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) ilə daha bir ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, bu ittiham ona əsaslanır ki, guya 1996-cı ildə Bəydəmirli Rusiyanın Lipetsk şəhərində kimdənsə pul tələb edib.
İğtişaşların təşkili, yoxsa şantaj?
İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.
“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, – mətbuat xidməti bildirib.
Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.
Söyüdlüdə nə baş verib?
20-21 iyunda Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyası keçirilib. Onlar yaxınlıqda yerləşən “Gədəbəy” qızıl yatağından çirkab suların axıdılması üçün yeni süni gölün salınmasına etiraz edirlər.
Kənd sakinlərinin bildirdiklərinə görə, uzun illərdir qızıl mədəninin istismarı nəticəsində ətraf mühitə ciddi ziyan dəyir. Hava sionid qazı ilə çirklənib və bu da əhalinin sağlamlığına ziyan vurur. Kəndlilər deyirlər ki, indi də kəndlilərin örüş sahələrində zəhərli tullantılar üçün nəzərdə tutulmuş ikinci süni gölün salınması vəziyyəti daha da ağırlaşdıracaq.
Söyüdlü kənd sakinlərinin aksiyasını dağıtmaq məqsədilə polis əməkdaşları rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə ediblər. Yerli sakinlərin sözlərinə görə, qarşıdurma zamanı 10-a yaxın kəndli xəsarət alıb. Təxminən 10 sakin həbs edilib.
2023-cü il iyunun 22-dən indiyə qədər kəndin giriş-çıxışı kənar şəxslər üçün polis tərəfindən bağlanıb.