Azərbaycanda din xadimləri xüsusi fonddan əməkhaqqı alacaq
Azərbaycanda müsəlman din xadimləri 2018-ci ilin martından hesablanmaq şərtilə Mənəvi Dəyərlərin Təbliği Fondundan yardım alacaq. Yardımın həcmi 200 manatdan 400 manata qədərdir [təxminən 117 dollardan 235 dollara qədər] və din xadimlərinin rütbəsindən asılı olaraq dəyişir. Müqayisə üçün ölkədə orta aylıq əmək haqqı 500 manatdır.
Əməkhaqqı hamıya verilməyəcək. Mənəvi Dəyərlərin Təbliği Fondu tabe olduğu Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə hazırda dəstəkləyəcəkləri din xadimlərinin siyahısını hazırlayır.
“Rəsmən təyin olunmuş din xadimləri dəstək alacaq. Bu din xadimləri Mənəvi Dəyərlərin Təbliği Fondu ilə müqavilə imzalayıblar”, – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı trend.az agentliyinə bildirib.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu maddi yardım alan din xadimlərinin fəaliyyətinə nəzarət etmək niyyətindədir.
Mənəvi Dəyərlərin Təbliği Fondu 2017-ci ilin oktyabrında yaradılıb. 2018-ci ilin əvvəlində fonda dövlət büdcəsindən 6,1 milyon manat ayırmaq qərarı alınıb.
Ehtimal olunur ki, fondun başqa maliyyə mənbələri də olacaq, məsələn, əvvəl bilavasitə məscidlərə daxil olan və dövlət tərəfindən heç cür nəzarət olunmayan ianələr.