Rusiya-Azərbaycan sərhədində toqquşma – ziyan çəkənlər var, amma gərginlik azalıb
“Kavkazskiy uzel” portalının materialları əsasında
Dağıstanda, Rusiya-Azərbaycan sərhədində ilişib qalan Azərbaycan vətəndaşları etiraz aksiyası keçirib, vətənə buraxılmalarını tələb ediblər. Nəticədə bir neçə nəfər zərər görüb, aksiya yatırılıb – “Kavkazskiy uzel” yazıb.
- “Qıfıl altında”: ermənistanlı əmək miqrantları Rusiyaya gedə bilmir
- Gürcüstanda plastilin insanlar karantindən çıxır
- Koronavirus və qanun: Azərbaycanda karantinin hüquqi tərəfləri
600 nəfərə yaxın Azərbaycan vətəndaşı hazırda Dağıstanın Qullar kəndində çadır şəhərciyində yaşayır və vətənə evakuasiya ediləcəkləri günü gözləyirlər. Hələ mart ayında, koronavirus pandemiyası yeni başladığı zaman bu insanlar evə qayıda bilmək üçün Rusiyanın müxtəlif yerlərindən buraya axışmağa başlayıblar. Amma karantinə görə sərhəd bağlanıb və onlar burada qalıblar.
Azərbaycan hakimiyyəti bir-iki həftə ara ilə yalnız 100-200 nəfəri evakuasiya edə bilir. Bu zaman kəsiyində isə insanlar sərhədə toplaşmağa davam edir. Onların qayğısını Dağıstan hakimiyyəti öz üzərinə götürüb. Amma Dağıstanın pulu və səbri tükənir və onlar Azərbaycandan öz vətəndaşlarının evakuasiyası prosesini sürətləndirməyi xahiş edirlər.
Azərbaycan vətəndaşları havanın isti olmasından, antisanitariyadan, ağır şərtlərdən şikayətlənir və anlamırlar ki, evakuasiya siyahısı hansı prinsip üzrə hazırlanır – bəziləri artıq bir neçə aydır ki, sərhəddə qalıb, amma növbəsi hələ də çatmayıb. Bir müddət əvvəl onlar aclıq aksiyası da elan etmişdilər.
Bütün bunlara Azərbaycan ancaq bir cavab verir: “vətəndaşların qaytarılması infrastruktur hazırlığına uyğun olaraq və mütləq karantinlə mərhələli şəkildə həyata keçirilir”.
Sərhəddə toqquşma
Etiraz aksiyası iyunun 15-də, səhəri gün daha 240 nəfərin vətənə qaytarılacağı məlum olanda başlayıb. Çadır düşərgəsinin qalan sakinləri bu dəfə də evə gedə bilməyəcəkləri səbəbilə qəzəbləniblər.
Onlar hamının buraxılması tələbi ilə sərhədi keçmək istəyiblər. Güc strukturları əməkdaşları onların qarşısını kəsib və toqquşma yaşanıb. Hökumət qüvvələri onlara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib, etirazçılar cavabında daş və müxtəliş əşyalar atıblar.
Hər iki tərəfdən insanlar zədələnib. Güc strukturlarından dörd nəfər xəstəxanaya yerləşdirilib. Amma Dağıstanın Dərbənd rayonu başçısının səlajhiyyətlərini yerinə yetirən Fuad Şixiyevin sözlərinə görə, “hazırda hamı sakitləşib, hər şey bitib”.
Etirazçılardan birinin sözlərinə görə, onlar “vəziyyəti bu həddə çatdıran Azərbaycan hakimiyyətinə qarşı qəzəblidirlər”.