Serbiyadan Ermənistana silah, Azərbaycanın Gürcüstandakı səfirinin işdən çıxarılması – bunlar arasında nə əlaqə var?
Tbilisi və Bakıda ekspertlər ehtimal edirlər ki, avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun səbəbi izah olunmadan vəzifədən kənarlaşdırılması 2020-ci il 12-16 iyulda Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlik zamanı Serbiyadan Ermənistana silah daşınması ilə bağlı qalmaqalla əlaqədardır.
Azərbaycanın haqqın.az nəşrinin dərc etdiyi silahların Gürcüstan ərazisindən daşındığı haqda məqaləsindən sonra Gürcüstan da bu qalmaqala müdaxil olub.
Gürcüstan XİN-i bu məlumatı qətiyyətlə təkzib edib, amma Gürcüstan müxalifətinin sualları açıq qalıb.
• Gürcüstan vasitəsilə Serbiyadan Ermənistana silah təchizatı – olub, ya yox?
• Əliyev Putinə zəng edib: rəsmi məlumatlar ziddiyyətlidir, hansına inanmalı?
Avqustun 17-də Azərbaycanın Serbiya, Çernoqoriya və Şimali Makedoniyadakı səfiri Eldar Həsənov rəsmən vəzifəsindən azad edilib. Bu qərarı daha çox formal hesab etmək olar, çünki Həsənov Azərbaycan Xarici İşlər Nazirliyində korrupsiya araşdırması çərçivəsində avqustun 13-də Bakıda həbs edilib.
Həmin günlərdə Ermənistana silah təchizatı (amma bu dəfə Rusiyadan) ilə bağlı başqa bir hadisə də baş verib.
Avqustun 13-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib ki, “Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması” ilə bağlı “ciddi narahatlığını” ifadə etsin.
Prezident Əliyev hərbi yükün konkret həcmi haqda da bildirib – 400 tondan çox. O həmçinin deyib ki, daşımalar Qazaxıstan, Tükrmənistan və İranın hava məkanı vasitəsilə həyata keçirilir.
Şərh:
Azərbaycan parlamentinin müxalif ReAl Partiyasından olan deputatı Erkin Qədirlinin fikrincə, eyni zamanda həm Serbiya, həm də Gürcüstandan səfirlərin geri çağırılması təsadüfi deyil və məhz Azərbaycan-Ermənistan sərhədində 2020-ci il 12-16 iyul eskalasiyası günlərində Serbiya silahının Gürcüstan vasitəsilə Ermənistana daşınması ilə əlaqədardır.
“Rusiya da həmin günlərdə Ermənistana silah ötürüb. Rusiyadakı səfirimizi də çıxaracaqlarmı? Bilmirəm. Amma onu bilirəm ki, Serbiya və Gürcüstan BMT-nin silah ticarəti haqqında müqaviləsinin şərtlərini pozublar.
Həmin müqavilənin əsas prinsiplərindən biri, dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı gücün tətbiqindən və ya güclə hədələməkdən çəkinməkdir.
Serbiya və Gürcüstan, ərazimizi işğal etmiş Ermənistana silah ötürməklə, iştirakçı olduqları müqavilənin bu prinsipini pozublar, çünki silahın bizə qarşı işlədiləcəyini biliblər”.
Keçmiş səfir Dursun Həsənov Azərbaycanda çıxışlarının birində Qarabağı Qardabani ilə səhv salması ilə yadda qalıb.
Ola bilər ki, bu yanılma Azərbaycan dilində hər iki sözün – Qarabağ və Qardabani – ilk üç hərfinin eyni olması ilə bağlı olub.
Azərbaycanın Gürcüstandakı yeni səfiri indiyə qədər Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini işləmiş Faiq Quliyev təyin edilib.