Azərbaycanda tibbi maskaların istehsalına başlanılır
Ölkədə maska qıtlığı hələ fevralın ortasından başlayıb
Bir həftədən sonra Azərbaycanda tibbi maska istehsalına başlanacaq. Bu haqda “Turan” agentliyi Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova istinadən məlumat verib. Daha əvvəl Azərbaycana maskalar yalnız başqa ölkələrdən idxal olunurdu.
İlkin mərhələdə gündə 90 min maska hazırlanması nəzərdə tutulub, daha sonra isə gündəlik istehsal həcmini 200 min maskaya qaldırmaq niyyətindədirlər. Məmurların fikrincə, bu, ölkə əhalisinin (10 milyon nəfərə yaxın insan) tələbatı üçün yetərli olacaq.
Martın 25-ə olan rəsmi məlumata əsasən, Azərbaycanda 87 koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan biri ölüb, on nəfər sağalıb.
Azərbaycanda tibbi maska qıtlığı fevralın ortasından başlayıb – bundan az əvvəl ölkədə ilk yoluxma halları qeydə alınıb.