Azərbaycanda Respublika Günü: hakimiyyət bayram yürüşünə icazə verməyib, dörd müxalifətçi saxlanılıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycan birinci Demokratik Respublikanın (ADR) elan olunmasının 101 illiyini qeyd edib. Bu il hakimiyyət mayın 28-də şəhərin mərkəzində ənənəvi yürüşün keçirilməsinə qadağa qoyub və bunu mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalına hazırlıqla əsaslandırıb. Bildiriblər ki, polis üçün asayişə nəzarət eləmək çətin olacaq. Müxalif partiyalar Novxanı qəsəbəsində mitinq keçirmək istəyib, dörd nəfər saxlanılıb.
Azərbaycan Demokratik Respublikası (ADR) 1918-ci il mayın 28-də elan edilib və iki ilə yaxın mövcud olub. 1920-ci ildə ölkədə hakimiyyəti bolşeviklər ələ keçirib.
Müxalif Respublikaçı Alternativ (ReAl) Partiyası bu gün İstiqlaliyyət abidəsinə doğru yürüş keçirmək niyyətində idi. Hakimiyyət isə onlara bunu etməməyi tövsiyyə edib və bunu həmin günlərdə Bakıda Avropa Liqasının finalı ilə bağlı tədbirlərin keçirilməsi ilə əlaqələndirib – “polisin bununla məşğul olmaq imkanı olmayacaq”.
Gözlənilən oyuna görə şəhərdə asayişin mühafizəsi tədbirləri gücləndirilib. Bu, həm də istənilən kütləvi tədbirin qadağan olunması deməkdir.
Müxalif Respublikaçı Alternativ Partiyası “marafon” keçirmək qərarına gəlib və partiya üzvlərinə 12:00-dan 20:00-a qədər İstiqlaliyyət abidəsinin önünə fərdi şəkildə gül qoymaq məsləhət görülüb. Və bununla yanaşı abidənin ətrafında çox sayda olan polis əməkdaşları ilə mübahisə yaratmamaq tövsiyyə olunub.
Digər müxalif partiyalar bayramı qeyd etmək üçün ADR lideri Məhəmməd Əmin Rəsulzadənin doğulduğu və yeganə abidəsinin ucaldığı Novxanı qəsəbəsinə yollanıblar.
“Müsavat” partiyasının mətbuat xidmətindən Turan agentliyinə bildirilib ki, tədbirə gedərkən dörd nəfər partiya üzvü saxlanılıb.
Axşam Dənizkənarı bulvarda konsert və atəşfəşanlıq planlaşdırılıb.
Bayrama qarşı hörmətsizlik, yoxsa müxalifətə mane olmaq cəhdi?
Ümumilikdə baş tutacaq final oyununa görə bayram yürüşünün qadağan edilməsi mənfi qəbul edilib. Çoxları bunu ölkənin əsas bayramına qarşı hörmətsizlik hesab edib.
“Əcnəbilərin əyləncə haqqı azərbaycanlıların Respublika Gününü qeyd etmək haqqından üstün olmamalıdır”, – ReAl lideri İlqar Məmmədov Facebook səhifəsində yazıb.
Məmmədov bəzi digərləri kimi güman edir ki, Avropa Liqasının finalı müxalifətin və vətəndaşların bayramı geniş miqyasda keçirmələrinə imkan verməmək üçün sadəcə bəhanədir.
NİDA hərəkatının fəalı və keçmiş siyasi məhbus Qiyas İbrahimov müxalif partiyaları qadağaya rəğmən birləşərək İstiqlaliyyət küçəsində yürüş keçirmək əvəzinə hakimiyyətə tabe olduqları üçün qınayıb.
Ötən il ADR-in 100 illiyi qeyd olunan zaman ReAl-ın yürüş keçirmək cəhdi polislə toqquşmalarla nəticələnmişdi, partiya liderlərindən biri isə 30 sutka cəza almışdı.